134 ildə nə qazanmışıq?

   Bu gün milli mətbuatımızın bayramını bir daha qeyd etmək üçün bütün ölkə jurnalistləri bir araya gələcək. Ölkənin ziyalısı, jurnalisti, siyasətçisi bir neçə saat bir yerdə olmaqla ötənlərə nəzər salacaq, gələcək üçün proqnoz verməyə çalışacaq. Və hər kəsin fikri fərqli olsa da, hamı bir şeydə ortaq fikrə gələcək: bu gün Azərbaycanda ən inkişaf etmiş demokratik cəmiyyət institutu kütləvi informasiya vasitələridir.
   
   Ötən 134 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçirən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, ən yeni mətbuat növü sayılan internet qəzetçilik inkişaf etməyə başlayıb. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, jurnalistlərin peşə kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Artıq bir çox kütləvi informasiya vasitələrinin xarici ölkələrdə büroları fəaliyyətə göstərməyə başlayıb və bununla da Azərbaycan müstəqilliyin ilk dövrlərindən fərqli olaraq informasiya aclığı və informasiya blokadası problemindən demək olar ki, azad olub. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsipi olaraq öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Və sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
   
   Əflatun Amaşov: «Media iqtisadi cəhətdən güclü və müstəqil olmalıdır»
   
   Azərbaycan mətbuatının bugünkü durumu ilə bağlı sualımızı cavablandıran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun fikrincə, mətbuatın bugününə bir neçə aspektdən baxmaq olar: «Birincisi, Azərbaycanda bu gün hər bir şəxs öz düşüncəsini azad surətdə ifadə etmək imkanına malikdir. Bu, çox müsbət haldır ki, insanlar öz fikirlərini mətbuat vasitəsilə ölkə ictimaiyyətinə çatdıra bilirlər. O ki qaldı mətbuatın qanunvericilik bazasına, qeyd etmək lazımdır ki, kifayət qədər loyal qanunvericiliyimiz var. Jurnalistlər bu qanunvericiliklə öz fəaliyyətlərini qura və baş verən olaylarla əlaqədər ölkə ictimaiyyətini məlumatlandıra bilirlər. Bu sahədə heç bir maneə yoxdur. Ümumi inkişafa gəldikdə, Azərbaycan mətbuatı keçid dövrünü yaşayır. Bu baxımdan ilk növbədə mətbuatın iqtisadi durumu yaxşılaşmalıdır. Artıq Azərbaycan dövləti mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul edib, fond yaradıb. Bunları həyata keçirməkdə də əsas məqsəd mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasıdır. Hesab edirəm ki, bu işlər davam etdikcə, Azərbaycan mətbuatının iqtisadi problemləri də aradan qalxacaq».
   Bəs ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsi Mətbuat Şurasının sədrini qane edirmi? Ə.Amaşova görə, Azərbaycanda peşəkarlıq tələblərinə cavab verən jurnalistlərlə yanaşı, zəiflər də var: «Peşəkarlıq medianın özünün gücündən, daha doğrusu, iqtisadi vəziyyətindən asılıdır. Əgər media iqtisadi baxımdan güclüdürsə, o zaman digər baxımlardan da müstəqil və güclü olur. Elə media orqanları var ki, daha peşəkar jurnalistlərlə çalışmağa üstünlük verirlər. Təsəvvür edin ki, iqtisadi bazası zəif olan mediada güclü jurnalist olmasın. Bu, ağıla sığmır. Yəni media iqtisadi cəhətdən güclü olmalıdır, müstəqil olmalıdır, baş verən olaylara obyektiv reaksiya verib ictimaiyyətə çatdırmalıdır. Bu zaman həm media özü, həm də orada çalışan jurnalistlər söz sahibi olurlar».
   
   Jurnalistləri sürpriz gözləyir
   
   Azərbaycan Milli Mətbuatının yaranmasının 134 illiyi münasibətilə jurnalistlərə sürprizlər hazırlanıb.
   Bu barədə APA-ya açıqlamasında Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib. Fondun Müşahidə Şurasının sədri deyib ki, Milli Mətbuatın yaranmasının ildönümü iyulun 22-də Bakı Əyləncə Mərkəzində keçiriləcək.
   Onun sözlərinə görə, Mətbuat Şurası ilə birlikdə təşkil etdikləri tədbirə təxminən 250 nəfər dəvət olunacaq: “Bu il peşə bayramı münasibətilə jurnalistlərin fəxri adlarla təltif olunacağı gözlənilməsə də, onlara sürprizlər hazırlanıb. Bütün bunlar sürpriz olduğu üçün ətraflı məlumat verə bilmərəm. Hələlik onu deyim ki, ayrı-ayrı jurnalistlərə və redaksiyalara mükafatlar veriləcək. Hər şey iyulun 22-də məlum olacaq”.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar