23 iyul - Ağdamın işğal günüdür
Qarabağın gözəl guşəsi - Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub...
Şəhərdə respublika əhəmiyyətli onlarca tarixi-memarlıq abidəsi - Üzərlik Təpə abidəsi, Qutlu Sarı Musa oğlu günbəzi (XIV), Xanoğlu türbəsi (XVII), Pənahəli xan imarəti (XVII) Natəvan və oğlunun türbəsi (XIX), Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Primovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası və yüzlərcə sənət əsəri məhv edildi... Eyni zamanda 34 uşaq bağçası, 89 ümumtəhsil məktəbi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub və 4 orta ixtisas məktəb və yüzlərlə digər sosial obyektlər işğal ərazisində qaldı...
Bu tarixi şəhər bir çox görkəmli elm, mədəniyyət və dövlət xadimləri yetişdirib, fəlsəfə elmləri doktoru Teymur Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, tibb elmləri doktoru Adilə Namazova, mineralogiya elmləri doktoru Xudu Məmmədov, Sara Qədimova, Əbülfət Əliyev, Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev, Bahadır Vəlibəyov, Səfərəli bəy Vəlibəyov, Kamilə Ağdamskaya… kimi isimlər Azərbaycan elmində, təhsilində, incəsənətində silinməz izlər qoyub.
Ağdamın Qarabağ müharibəsində mərdlik, qəhrəmanlıq nümunəsi göstərən və çoxu şəhid olmuş gənclərindən 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb: Şirin Mirzəyev, Asif Məhərrəmov, Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Nadir Əliyev, Rövşən Əkbərov və Canpolad Rzayev...
Ağdam işğal olunsa da, müharibə hələ başa çatmayıb... İnanırıq ki, çox keçməz, torpaqlarımızı - bütövlükdə Qarabağı işğaldan azad edərik.