O, Azərbaycana ilk dəfə 1991-ci ildə gəlib. Ölkdə baş verən dəyişikliklərin, o cümlədən Qarabağ müharibəsinin şahidi olmuş yeganə əcnəbilərdəndir. Bundan başqa, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalistidir. Şahidi olduğu bütün hadisələri təfərrüatı ilə «Azerbaijan Diary» («Azərbaycan Gündəliyi») kitabında cəmləşdirib.
Əlbəttə, söhbət bu gün adı Azərbaycan cəmiyyətinə yaxşı bəlli olan amerikalı Tomas Qoltsdan gedir. O, 1985-ci ildə Orta Şərq Araşdırmaları üzrə Nyu-York Universitetini bitirib.
Tomas İstanbulda sərbəst formada bir sıra qəzet və agentliklərlə əməkdaşlıq edən müxbir kimi fəaliyyət göstərib. Bu dövrdə onun jurnalistlik fəaliyyətinin qövsü Bolqarıstan, Kipr, Misir, Almaniya, İraq, İordaniya, Sudan və Suriyanı əhatə edir. 1990-cı ildə Cari Dünya İşləri İnstitutu Sovet Orta Asiyası üzrə türkdilli respublikaları araşdırmaq üçün ikiillik tədqiqat proqramını ona həvalə edir. Lakin qəribə bir təsadüf onu Bakıya gətirib çıxarır və iki həftə keçməmiş bu amerikalıda sözün əsl mənasında Azərbaycana maraq və sevgi yaranır. Elə bu sevginin təsiri altında 1991-ci ildən bu günə qədər Tomas Qolts Azərbaycan üçün çox böyük işlər görüb. Qarabağ müharibəsinin ən qızğın vaxtlarında hadisələrin mərkəzində olan bu amerikalı baş verənləri beynəlxalq aləmə çatdırmaqla bütün dünyanın diqqətini Azərbaycana yönəltməyə müvəffəq olur.
Bakıya budəfəki səfəri də bir sıra mühüm səbəblərdən qaynaqlanır. Qədim İçərişəhərdə təmtəraqdan uzaq, hotelə çəkilib gərgin işlə məşğul olan cənab Qoltsla söhbətə daha əvvəldən, 90-cı illərdən başladıq.
- Cənab Qolts, hər kəs sizi azərbaycanlıların dostu kimi tanıyır. Amma okeanın o tayında yaşayan fərqli din, dil və hətta adət-ənənəni təmsil edən bir amerikalıda Azərbaycan sevgisinin olması bir qədər qəribə görünür...
- Bunun çox maraqlı tarixçəsi var. 1990-cı ildə Amerikanın Cari Dünya Məsələləri İnstitutunun xətti ilə Sovet Orta Asiyası üzrə türkdilli respublikaları araşdırmaq işinə başladım. Amma nədənsə Orta Asiya məndə maraq yaratmırdı. O zaman birinci Körfəz müharibəsi gedirdi. Amerikadan Türkiyəyə gəldim və bir qədər Şimali İraqda çalışdım. İyul ayında İstanbul-Moskva-Daşkənd reysinə bilet almaq üçün İstanbula gəldim. Bilet olmadı. Bakıya uçası oldum. Beləliklə, həyat yoldaşımla Bakıya gəldik. 2 həftə bu şəhərdə qaldıqdan sonra diqqətimi 4 mühüm məqam çəkdi: Siyasi hakimiyyət dəyişmək üzrədir, yəni Xalq Cəbhəsi hərəkatı surətlənib, rejim çökür, neft sahəsi, Ermənistan-Azərbaycan müharibəsi. Beləcə, heç özüm bilmədən, Azərbaycana maraq yarandı. Mən Orta Asiya üzrə mütəxəssis olacaqdım. Amma təsadüf hər şeyi dəyişdi.
Bakıda bir ay qalacaqdım. Amma sonrakı proseslərin gedişində Azərbaycan müstəqil ölkə oldu. 1991-ci ilin oktyabr ayında Azərbaycan Xarici İşlər Nazirliyinin xarici mətbuat xidməti ofisi yaratdı və həmin ofisdə akkreditə olunmuş ilk əcnəbi müxbir mən oldum.
- Siz Heydər Əliyevlə hələ o, Naxçıvanda olarkən görüşmüsünüz. Nə üçün onunla görüşə belə can atırdınız?
- İttifaq dövründə çox məşhur bir adam haqqında oxuyub-eşitmişdik. Bakıda mənə məlum oldu ki, indi o, ən ucqar yerdə yaşayır. 1991-ci ildə Naxçıvana getdim və onunla görüşdüm.
Mənə maraqlı idi ki, Kremldə işləyən bir adam indi Naxçıvanda necə yaşayır. Ona görə getdim. Və bu da onun xoşuna gəldi.
- İlk görüş necə oldu və sizdə hansı təəssürat yarandı?
- O zaman Qərbdə və Amerikda belə fikir var idi ki, Heydər Əliyev siyasi şəxsiyyət kimi bitib. Mən onunla müsahibəni «Vaşinqton Post» qəzetinə satmaq istədim. Amma Heydər Əliyev onlar üçün maraqlı deyildi. Söhbət zamanı mənim üçün Qərbdə və Amerikada formalaşan fikir alt-üst oldu. Düşündüm: bu adamın böyük iradəsi var. Sülhü bərqərar etmək üçün yaşayır.
- Maraqlıdır, Heydər Əliyevlə söhbətinizin mövzusu nə idi?
O, Moskvadakı bütün siyasi mövqelər haqqında danışdı. Söhbətlərindən onun böyüklüyü görünürdü. Dahi olmaq üçün çoxtərəfli olmalısan. Bu keyfiyyətlər isə onda var idi.
Heydər Əliyev fövqəladə insan idi. O, Azərbaycanla digər ölkələr arasında siyasəti balanslaşdıra bilirdi.
- Cənab Qolts, məlumdur ki, «Bakı-Ceyhan Neft Odisseyası- 2000» layihəsi üzrə keçirilən yürüşün ideya müəllifi siz olmusunuz. Və Heydər Əliyev sizin ideyanızın reallaşmasına dəstək verib. Yürüşün məqsədi nə idi?
- Heydər Əliyevə mənə olan yaxşı münasibətinə görə həmişə minnətdar olmuşam. 2000-ci ilin 22 avqustunda prezident məni qəbul etdi və ideyama dəstək verdi. 12 gün davam edən macərayabənzər bu yürüşlə Azərbaycan mədəniyyətini təbliğ edirdik. Yollarda mahnılar ifa olunur, rəqslər edilirdi. Biz bu yürüşlə göstərmək istəyirdik ki, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin olması mümkündür. Çünki bilirsiniz ki, borunun tikintisindən əvvəl ona qarşı çıxanlar var idi. Bu, həm də Heydər Əliyevin böyüklüyünü göstərirdi. Buna qədər hər kəsə elə gəlirdi ki, iqtisadi maraqlar siyasi maraqların üzərində durur. Lakin prezident hamıya sübut etdi ki, siyasi maraqlar iqtisadi maraqlardan daha vacibdir.
- Azərbaycana gəldikdən sonra hərbi jurnalist kimi fəaliyyət göstərmisiniz, Qarabağ müharibəsinin ən qaynar nöqtələrində olub həqiqətləri beynəlxalq aləmə çatdırmısınız. Bəs bu, sizin üçün çətin deyildi? Axı o zaman Qərbdə və Amerikada erməniləri müdafiə edir və onlara daha çox inanırdılar..
- Bu, çox çətin idi. Mən beynəlxalq aləmi inandırmalıydım ki, Azərbaycan tərəfə ermənilər hücüm edib. Bu, həmişə problem yaradırdı. Hətta bu gün də çətindir. O zaman Qərb mətbuatı yazırdı: Azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar. Ermənilər həmişə bu faktordan istifadə edirlər: «Mən xristian mənşəliyəm və ya xristian mədəniyyətindən gəlmişəm». Əgər erməni deyirsə ki, mən xristianam, bu, mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Eyni zamanda, bu onların hərəkətinə heç bir haqq qazandırmır. Lakin Avropada və Amerikada elə insanlar var ki, deyirlər: «Əgər onlar xristiandırlarsa, deməli, düzgün hərəkət edirlər». Elə həqiqətləri yaymağa da mane olan bu kimi amillər idi. 1991-ci ildən 1994-cü ilə qədərki dövr Azərbaycan üçün çətin illər idi. Həmin illərdə jurnalist kimi Laçın, Kəlbəcər, Şuşa, Xocalıda olmuşam. Budəfəki səfərimdə də millət vəkili Qənirə Paşayevanın xahişi ilə Tovuza getdim. Tərtər, Bərdə tərəflərdə oldum.
- XX əsrin soyqırımı olan Xocalı faciəsini də öz gözləri ilə görən əcnəbi müxbir siz olmusunuz. Hadisə ilə bağlı məhz sizin yazdığınız məqalədən sonra Qərb mətbuatı məsələyə diqqət yönəltdi. Həmin illəri necə xatırlayırsınız?
- Xocalı fəlakəti Azərbaycanın milliyyətçilik təqvimində ən böyük rezonans yaradan tarixlərdən biri kimi 1990-cı il yanvarın 19-20-də baş vermiş Bakı qırğınına qoşuldu. Gələcəkdə hələ başqaları da olacaqdı. O zaman mən Xocalıya- Ağdam cəbhəsinə getdim və gördüklərimdən dəhşətə gəldim. Şəhərdə nə qədər adam vardısa, hamısını dəhşətli şəkildə qətlə yetirmişdilər. Fevralın 27-də «Vashinqon Post» qəzetinin iç səhifəsində Xocalı qırğını haqqında mənim məlumatım dərc edildi. Bundan sonra Londonun «Sunday Times» qəzetinin birinci səhifəsində bir məqalə verildi. O vaxtdan sonra dünyanın müxtəlif yerlərində öldürülənlərin sayı ilə maraqlanmağa və dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başladılar. Mən məhz Azərbaycan üçün çətin olan illəri və cərəyan edən hadisələri «Azerbaijan Diary» («Azərbaycan Gündəliyi») kitabında qələmə almışam.
- Azərbaycana budəfəki səfərinizin səbəbini bilmək maraqlı olardı.
- Bu, artıq mənim bu il ərzində Azərbaycana 3-cü səfərimdir və onun bir neçə səbəbi var. Əvvəla rəsmi nöqteyi-nəzərdən xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə Azərbaycan diplomatiyasının 90 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün gəlmişdim. Digər məqsədim «Azərbaycan gündəliyi» kitabımın dilinizə tərcümə olunmasıdır. Heydər Əliyev kitabın tərcüməsi barədə hələ 9 il əvvəl göstəriş verib. Ölkənizdə nə qədər qalmağım da bu prosesdən asılıdır.
Səfərimin başqa səbəbi isə «Xocalı» sənədli filminin proyekti ilə əlaqədardır. Çünki mən bu hadisələrin şahidi olmuşam.
- Filmin çəkilməsi kimin ideyasıdır və onu nə zaman çəkməyə hazırlaşırsınız?
- “Xocalı” sənədli filmi proyektinin arxasında Heydər Əliyev Fondunun Moskva nümayəndəsi Leyla Əliyeva dayanır və mən də «Xocalıya ədalət» kampaniyası çərçivəsində həyata keçirilən bu proyekti dəstəkləyirəm. Bizə, həmçinin Heydər Əliyev Fondu, İslam Şurası Təşkilatının Gənclər Forumu dəstək verir. Filmin nə qədər vaxta ərsəyə gələcəyini bilmirəm. Onu çəkmək üçün ən azı Vaşinqton, London, Nyu-York və böyük ehtimalla Moskvaya getmək lazım gələcək. Çünki biz adları Rusiya İnsan Hüquqları tarixi salnaməsinə daxil olan insanlardan da müsahibələr götürmək istəyirik. Ona görə ki, onların Xocalı barədə hesabatları var idi.
- Cənab Qolts, yəqin razılaşarsınız ki, artıq 15 ildir ki, azərbaycanlısınız. Ölkənin hansı regionu daha çox xoşunuza gəlir?
- Bu sual mənim hansı meyvəni daha çox bəyənməyimə bənzəyir. Bu üzdən Azərbaycanın bütün regionlarını bəyənirəm. Lakin mən dağlıq yerdən- Montanadan olduğum üçün dağlıq ərazini sevirəm. Qəbələ, Tovuz, Zaqatala, Şəki məni özünə daha çox cəlb edir.
Mehparə