Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri milli mətbuatımızın formalaşması olub. 1875-ci il iyulun 22-də “Əkinçi “ adı ilə naşiri, redaktoru, həm də korrektoru Həsən bəy Zərdabi olan qəzetin ilk nəşri bütün Qafqazda böyük əks - səda doğurmuş və Azərbaycanın milli demokratik zəmində gələcək inkişafı üçün böyük rol oynayıb. Bu gün respublikamızda dünya standartlarına cavab verən 650 - dən çox müxtəlif kütləvi informasiya vasitələri - qəzet, jurnal, informasiya agentlikləri fəaliyyət göstərir. Gündəlik həyatımızı dövri mətbuatsız təsəvvür etmək çətindir. Xüsusilə də paytaxtdan uzaq bölgələrimizdə mətbuatın rolu daha çoxdur. Yerli qəzetlər isə rayon həyatının güzgüsü, görən gözü, döyünən ürəyidir.
  
   “Oguz yurdu” rayonumuzda çıxan yeganə qəzet, informasiya mənbəyidir. Qəzet nəşrə başladığı ilk illərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını özündə əks etdirmişdir. Bugünlərdə qəzetin yaranmasının 75 ili tamam olub.
   Rayonun tanınmış ziyalıları qəzeti 75 illik yubileyi münasibətilə təbrik ediblər.Təbrik edənlər arasında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov da var. O, mətbuatın xalqın maariflənməsində, tərəqqi və inkişafında böyük rolu olduğunu bildirib: ““Əkinçi”nin davamçıları olan kütləvi informasiya vasitələri, Azərbaycan mətbuatı milli-mənəvi dəyərlərin qorunmasına, xalqımızın müstəqillik ideyalarının güclənməsinə, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə yaxından kömək etmişdir. Ümummilli liderimiz, mətbuatın dostu elan edilmiş Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı mətbuatımızın sürətlə inkişaf etməsinə səbəb olmuşdur”.
   KİV-lər arasında rayon qəzetləri də mühüm yer tutur. Oğuz rayonunun ictimai-siyasi qəzeti olan “Oğuz yurdu ” 75 illik bir yol keçib. Qəzetin əməkdaşları rayonun ictimai-siyasi , iqtisadi və mədəni həyatının salnaməsini yaratmışlar. Rayonun tarixi, burada baş verən ən mühüm hadisələr, aparılan tikinti-quruculuq işləri, keçirilən tədbirlər haqqında məlumatları rayon qəzetindən öyrənmək olar. Qəzet bu gün də rayon həyatının hərtərəfli işıqlandırılmasına, aparılan tikinti, quruculuq, abadlıq işləri haqqında oxuculara ətraflı məlumat verilməsinə çalışır, rayon icra hakimiyyətinin yaxın köməkçisi kimi fəaliyyət göstərir.
   Milli Mətbuatımız 134 ildir ki, şərəfli, məsuliyyətli bir yol gəlir.
   Bu il 22 iyul rayon qəzeti redaksiyasının kollektivi, rayon ictimaiyyəti üçün ikiqat bayram hesab edildi. Rayon qəzeti 1934-cü ildə “ Vartaşen kolxozçusu ” adı ilə nəşrə başlamış, sonralar “Varlı həyat”, “ Lenin bayrağı ” adı ilə fəaliyyət göstərib. Bu adların hər üçü yuxarıdan verilib. Qəzetin “Oğuz yurdu ” adı isə Oğuz ziyalılarının, rayon ictimaiyyətinin tələbi ilə reallaşıb. 75 illik bir yolu mətinliklə qət etmiş qəzetimiz öz səhifələrində rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid yazıları, faktları şəkilləri, materialları yaşadır.
   Ötən illərdə rayon qəzeti redaksiyasında onlarla qələm sahibi çalışmışdır. Redaksiyada müxtəlif vəzifələrdə çalışaraq maraqlı yazıları ilə oxucuların diqqətini həmişə cəlb edən əməkdaşların zəhmətini qeyd etməmək mümkün deyil.
   Redaksiya rayon üçün kadr hazırlanmasında da mühüm rol oynayıb. Bir çox qəzet işçisi redaksiyada yetişdikdən sonra digər sahələrdə irəli çəkiliblər.
   1980-ci illərin axırlarından başlayaraq, 5 mindən çox tirajla həftədə 3 dəfə buraxılan rayon qəzeti əvvəlcə həftədə bir dəfə, sonra ayda iki dəfə çap olunmağa başlayıb. Onu da qeyd edək ki, bir çox iri rayonların qəzetləri öz fəaliyyətini dayandırdığı dövrlərdə Oğuz rayon qəzeti çətinliklərə sinə gələrək özünü qorumuş, oxucularla görüşlərini dayandırmamışdır.
   Qəzetimiz bu gün rayonda gedən tikinti, quruculuq, abadlıq işlərini , baş verən yenilikləri öz səhifələrində ətraflı işıqlandırır.
   Qəzetimizin 75 illik yubileyi ilə bağlı bizi təbrik edənlərin hamısını əmin edirik ki, qəzetin bundan sonra da maraqlı və məzmunlu buraxılması üçün bütün imkanlardan istifadə ediləcəkdir.
  
   Nazim Hüseynli,
   «Oğuz yurdu» qəzetinin redaktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar