Və burada çəkilmiş “Brilliant əl”in 40 yaşı...
  
   İçərişəhərin qədim Misir labirintlərini xatırladan dolanbac küçələri, dalanları, döngələri, dəcəl uşaqlar kimi bir-birinin belində evləri, nadir arxitektura üslübü və nəhayət, bənzərsiz şərq koloriti təkcə tarixçilərin, etnoqrafların, sənətşünasların, rəssamların, turistlərin deyil, həm də kinematoqrafçıların diqqətini daim cəlb edib. Bu cazibədar məkan milli kinematoqrafçılarımızın yaradıcılığında mühüm rol oynamış, burada neçə-neçə unudulmaz, bu gün də böyük maraqla baxılan filmlər çəkilmişdir. Fəxrlə xatırlanası digər bir məqam isə ondan ibarətdir ki, İçərişəhər dünyanın nəhəng kinostudiyaları ilə bir sırada dayanan “Mosfilm” kimi tanınmış bir kino nəhənginin də dönə-dönə müraciət etdiyi məkanlardan biri olub. Təsadüfi deyil ki, adı çəkilən kinostudiyanın istehsalı olan “Amfibiya adam”, “Tehran- 43”, “Brilliant əl”, “Dronqo” və digər məşhur filmlərin ən yaddaqalan, ən maraqlı epizodları məhz paytaxt Bakıda, - İçərişəhərdə çəkilmişdir.
   Bu ekran əsərlərinin sırasında tanınmış kinorejissor Leonid Qaydayın çəkdiyi “Brilliant əl” kinokomediyası xüsusi yer tutur. Kinosevərlərə məlumdur ki, komediya janrında çəkilmiş bu filmin ən maraqlı və yaddaqalan epizodları məhz İçərişəhərdə, görkəmli aktyorlar Yuri Nikulin, Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova, Svetlana Sveliçnaya və digər tanınmış kinoktyorların iştirakı ilə çəkilmişdir.
    Bu il, indiyədək 80 milyona yaxın tamaşaçının mühakiməsindən keçmiş “Brilliant əl” filminin ekranlara buraxılmasının 40-cı ili tamam olur. Milli tariximizin şöhrət çələngi sayılan İçərişəhərin 40 il bundan əvvəlki görkəmini bu gün də gözlərimiz qarşısında canlandıran bu film, heç şübhəsiz ki, hər bir azərbaycanlı üçün əzizdir. Məlum olduğu kimi “Brilliant əl” yaşadığımız bu günkü günlərdə adiləşmiş bir mövzudan,- qaçaqmalçıların həyatından bəhs edir. Proloq və epiloqdan ibarət bu filmdə cərəyan edən hadisələrin mərkəzində sovetlər zamanında cənub şəhərlərindən birində “yuva salmış” qaçaqmalçıların həyatından və təsadüf nəticəsində bu fırıldaqçıların toruna düşən namuslu sovet vətəndaşı Semyon Semyonoviç Qorbunkovun başına gələn macəralardan bəhs olunur. “I əməliyyatı, yaxud Şurikin yeni macəraları”, “Qafqaz əsiri”, İvan İvanoviç peşəsini dəyişir”, “12 stul” və bu qəbildən olan digər kokinokomediyaların yaradıcısı kimi tanıdığımız kinorejissor Leonid Qaydayın olduqca baxımlı, son dərəcə sənətkarlıqla lentə alınmış “Brilliant əl” filminin Bakıda - İçərişəhərdə çəkilmiş epizodlarına baxdıqca, 40 illik bir zaman fasiləsindən bu günümüzə işıq salan qüdrətli sənətin və sənətkarların unudulmaz simalarını minnətdarlıq hissiylə xatırlayırsan. Qırx il əvvəl milli kino ustalarımızın da yaxından köməkliyi və iştirakı ilə çəkilmiş “Brilliant əl” filmi bu gün bizlərə həm də belə bir həqiqəti xatırlatmaqdadır ki, öz milli-tarixi sərvətlərini qoruyub saxlamayan, ona yiyəlik edə bilməyən xalq mədəni xalq sayıla bilməz. Maraqlıdır ki. bu yaxınlarda YUNESKO İçərişəhəri mühafizə olunan dünya tarixi abidələri siyahısından çıxarıb. Əlbəttə bu məsələyə münasibət heç də birmənalı deyildir, Bəzi mütəxəssislər bunu müsbət hal kimi dəyərləndirərək alqışlayırlar. Onların fikrincə, bu fakt İçərişəhərin artıq təhlükəli bir durumda olmadığının təsdiqidir. lakin bu fikirlə daban-dabana ziddiyyət təşkil edən mövqe sahibləri də az deyildir. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləməkdən uzaq olsaq da, inanırıq ki, İçərişəhər kimi unikal tarixi abidəmizi bundan 40 il, 400 il, 4000 il sonra da gələcək nəsillər yalnız kinoekranlarında deyil, real həyatda, bu gün olduğu kimi görüb fəxr edə biləcək.
   
   Cəlal Tağıyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar