20 Yanvar hadisələrindən düz 20 il keçir. Bu 20 ildə 20 Yanvara dönə-dönə qayıtmışıq və bundan sonra da belə olacaq. 20 Yanvardan zaman baxımından uzaqlaşdıqca həmin tarixi ərəfədə baş vermiş olaylara daha ciddi yanaşılacaq, hadisələr diqqət və təmkinlə təhlil olunacaq. Tarix uzaqdan daha aydın və şəffaf görünür. Bir də ki, tarix gələcək üçün yazıldığından daha önəmlidir. 
   
   Bu gün 20 Yanvar hadisələrinə gələn yolu daha aydın görür və onun səbəblərini soyuq ağılla daha ciddi təhlil edə bilirik. Kütləvi qırğınla nəticələnmiş hadisələr, düzdür, bir gündə - 19-dan 20-ə keçən gecə baş vermişdir. Ancaq onun ssenarisi xeyli əvvəlcədən yazılmışdır. 20 Yanvar hadisələrinə gələn yol Qarabağ problemindən keçirdi. 1988-ci ilin fevralında keçmiş SSRİ-nin birinci şəxsi olan Qorbaçovun xeyir-duasını almış ermənilər keçmiş ittifaqda görünməmiş bir siyasi akta imza atdılar. Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistana birləşmək qərarını rəsmiləşdirdilər. Həmin vaxta qədər bütün separatizmlərə son dərəcə ciddi reaksiya verən SSRİ rəhbərliyi bu dəfə Qorbaçovun simasında olduqca loyal tərpəndi. Riyakar və hiyləgər ermənilər SSRİ rəhbərliyinin bu liberal münasibətindən daha da azğınlaşdılar. Qorbaçov başda olmaqla SSRİ hökuməti separatçı ermənilərə bu və ya digər formada dəstək verdilər. 1988-ci ildə Xankəndi və ətraf bölgələrdə yaşayan azərbaycanlılar silah gücünə isti ocaqlarından qovuldular.
   Həmin ilin fevralında erməni ssenarisi əsasında Sumqayıt hadisələri törədildi. Bunun qarşılığı olaraq tarixi Qərbi Azərbaycan torpaqlarında yaşayan türklər erməni təcavüzünə məruz qalaraq ata yurdlarından deportasiya olundu. Bu məkrli ermənilərin Qərbi Azərbaycanda yaşayan türklərə qarşı etdikləri sonuncu deportasiya oldu. Ağır itkiyə, olmazın məşəqqətə məruz almış Qərbi Azərbaycan türkləri paytaxt Bakıda məskunlaşdı. Onların özləri isə könüllü Qarabağ ərazisinə gedirdilər. Kremldə əyləşmiş ermənipərəst qüvvələrin səyi nəticəsində bu plan da pozuldu. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər hələ də Kremldən gələn tapşırıqlara cidd-cəhdlə əməl edirdilər. Qərbi Azərbaycan türkləri Bakıya gələndə paytaxtda yaşayan ermənilər sakit və firavan həyatlarını sürürdülər. Paytaxt Bakıda azğınlaşmış erməniləri müdafiə edənlərin əleyhinə aksiyalar - mitinq və piketlər başlamışdı. Mütəşəkkil və nizam-intizamla keçirilən mitinqlər məkrli erməniləri vahiməyə salmışdı. Keçmiş SSRİ hökumətinin ideoloqları içərisində özlərinə isti yuva qurmuş ermənipərəst qüvvələr olmazın maddi və mənəvi itkilərinə düçar olmuş Qərbi Azərbaycan türklərinin ağrı-acısından da öz mənfur məqsədləri naminə istifadə etdilər. Artıq həmin günlərdə Azərbaycan xalqında xain ermənilərin dostluğuna və onların alçaq niyyətlərini müdafiə edən SSRİ rəhbərliyinə inam sarsılmışdı.
   SSRİ rəhbərliyi ermənilərin Azərbaycan sərhədlərində törətdiyi vəhşiliklərə açıq-aşkar göz yumur. Bunun əksinə olaraq azərbaycanlıların ov tüfənglərini yığır, onları silahlı ermənilərin qarşısında əliyalın qoyurdular. Hələ bu azmış kimi, sonuncu erməni Bakıdan sağ-salamat yola salındıqdan sonra Qorbaçovun əmri ilə Bakıda fövqəladə vəziyyət elan olunur. 20 Yanvardan 5-10 gün əvvəl Qorbaçov əmrinin icrası üçün ən yaxın və etibarlı adamlarını Bakıya göndərir. SSRİ-nin ideoloqlarından olan Yevgeni Primakov, müdafiə naziri Dmitri Yazov və siyasi büronun digər üzvləri Bakıda gizli görüşlər keçirdi, 20 Yanvar qırğınının planlarını hazırladılar. Onların işləyib hazırladığı plan əsasında təpədən-dırnağadək silahlanmış qoşun müxtəlif istiqamətlərdən gecə, əhaliyə heç bir xəbərdarlıq olunmadan şəhərə girib dinc əhalini süngüdən keçirdilər. Qəsdən Azərbaycan Televiziyasının enerji bloku partladıldı ki, əhaliyə heç bir məlumat verilməsin. Dinc əhali süngüdən keçirildikdən, körpə və ahıllar tankların tırtılları altında qaldıqdan, Bakının küçə və meydanları qan gölünə bələndikdən sonra vertolyotlardan vərəqələr yayıldı, radio ilə məlumat verildi.
   Dəhşətli qırğının səhəri xalq öz inadından əl çəkmədi. Paytaxt Bakı təpədən-dırnağadək silahlanmış sovet qoşunlarının caynağına keçsə də, xalq azadlıq qurbanlarını görünməmiş bir izdihamla dəfn etdi. Qana susamış sovet qoşunlarının bütün şəhəri nəzarətdə saxlamasına baxmayaraq şəhidlərin dəfni milli hüznə çevrildi. Həlak olanlar 1918-ci ildə Bakını daşnak və bolşevik qoşun birləşmələrindən azad etmiş mücahidlərin dəfn olunduğu bir yerdə - indiki Şəhidlər Xiyabanında torpağa tapşırıldılar.
   20 Yanvar qırğınını törətməkdə keçmiş SSRİ rəhbərliyinin iki məqsədi var idi. Azərbaycanda SSRİ hökumətinin dayaqlarını möhkəmləndirmək və ermənilərin azğınlığına qarşı çıxmış aborigen xalqı susdurmaq. Azərbaycanda baş vermiş hadisələri təhlil edən sovetoloqlar da 20 Yanvar hadisələrindən sonra Azərbaycanın SSRİ-dən de-fakto ayrıldığını təsdiqləyirlər. Xarici sovetoloqlar onu da dönə-dönə vurğulayırlar ki, SSRİ-nin dağılması üçün Qarabağ problemi detonator rolunu oynayıb.
   20 Yanvar hadisələrinə gələn yolun qısa tarixçəsi belədir. Amma bu hələ bütöv ssenari deyil.
   
   Xeybər GÖYYALLI







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar