20 il əvvəlin 20 Yanvarı...
   Adətən, illəri «quş qanadlı» deyə təşbeh edirik. Milli yaddaşımızın ən yanıqlı olayı olan o tarixçədən - «20 Yanvar»dan bəri isə illər «qış qanadlı» kimi keçir ömrümüzdən. Ancaq o qanlı tarixçə bizi şanlı tariximizə - müstəqillik tariximizə yaxınlaşdıran ən iri, ən diri bir addım oldu. 20 ildir ki, bu barədə hamı düşünür, hamı yazır, hamı danışır. Bu haqda dünən Azərbaycan radiosu daha çox danışdı və biz o verilişlərdən birini yazıya alıb dərc etdik.
   
   Bu «məktub»u yalnız elə eşitməklə kifayətlənmə, əziz dinləyicim, hörmətli həmvətənlim. Eşitdiklərinə baxmağa da çalış, dinlədiklərini görməyə də cəhd elə. Bu, «tapşırıq» deyil. «Göstəriş» də deyil. Bu, qəribə bir istəkdir, özü də 20 yaşadək olanlara aiddir. Nədən ki, mən gördüklərimi 20 yaşından o yana hamı görüb, bu yana isə heç kəs görməyib...
   Bəli, heç də təəccüblənməyin ki, mən 20 il qabaq baş vermiş o müsibətin şahidliyində o vaxtın uşaqlarını, körpələrini, hətta hələ “ana bətni” vətənində olanları belə istisna etmirəm. Bəli, bəli, o Gecənin dəhşət payından həmin vaxt hələ ana bətnində olanlar da dadmışdılar və mən bir az da onların xatirinə bu radio-söhbətimi “şifahi məktub” adlandırıram...
   Mən ötən həftənin sonunda ağlıma gələn bu süjet-söhbəti - «şifahi məktub»u arxayınca lentə də ala bilərdim və indi operatorumuzun bir düyməbasımı ilə sizlərə çatdırardıq. Ancaq bu gün 20 yaşı tamam olan o qara Gecə, o yara Gecə, o dinsiz, imansız, qansız Gecə elə qanlı idi ki, onu efirə yalnız canlı vermək qərarına gəldim. O gurultu-guppultulu, ölüm-itimli, ağrı-iniltili Gecəni sər-səliqəli, ütülü-qutulu lent yazısında təqdim etməyi rəva bilmədim...
   Budur, divarlarına həmin müdhiş Gecənin də təlaş səsləri, hüzn və səksəkə sədaları hopmuş studiyamızda mənəm, qarşımdakı səskeçirməz lay şüşənin o tərəfində isə redaktor, rejissor və operatorumuz. Canlı yayım nə qədər çətin olsa da, onlar da bu işə ürəklə qol qoydular. Dedik, qoy lap hərdən texniki qüsur da olsun, musiqi keçidlərində yubanma, yanlış-yanılmalar da olsun, təki o Gecənin bir parçasını canlı canlandıra bilək...
   Rejissorumuz Anar Məmmədovdan xahiş etmişdim ki, mənim səsimdə-sözümdəki hüzn-kədər sovuşanadək fonda şaqraq musiqi versin. O Gecənin canlı hərb “simfoniyası”nın acığına, Fikrət Əmirovun «Azərbaycan kapriççiosu»nu səsləndirsin. O isə mənə demişdi səs-sözümün kədər-minoru qurtaran kimi, işarə edim ki, o da işini bilsin, öz rejissurasına başlasın. Hə, indi mən işarə edirəm, Anar isə öz yaradıcı fantaziyasına uyğun səs-fon düzəninə başlayır...
   Aha, eşitdiyiniz kimi, Anar fonda sözü avtomat, pulemyot, tank-top səslərinə verir.
   “Salam, o vaxtlar yalnız müsibət, məşəqqət adlandırdığımız Gecə! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə! Yuxusuz, sükutsuz, sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Qan yaddaşını, qanlı yaddaşını, bütün bəşəri dəyərlərə yadlaşmış yaddaşını oyat, beş-on sözüm var Sənə...
   Mənim qanlı və şanlı Gecəm, yadındamı, «qəhrəman sovet ordumuz»un saldatları Biləcəridən «Şamaxı yolu»na qalxarkən çəkmələrini... yox, «çəkmə» sözü incə-mincə səslənir, sapoqlarını (!) necə taqqıldadırdılar asfalt üstündə?! O vaxtacan «Şamaxinka» dediyimiz o «Şamaxı yolu»na çatanda onların qarşısına əliyalın çıxan gənclərə xəbərdarlıq etmədən necə atəş açmaları yadındamı? Qaçıb ağaclar arxasında daldalanmaq istəyən bir yeniyetmə oğlanın qarasına bütöv bir avtomat darağı boşaldıb, dəlmə-deşik etmələri yadındamı, 20 il bundan əvvəlin «20» damğalı Yanvar Gecəsi?!.
   «XI Qızıl Ordu»... ( “Qızıl”a bax, a! Özləri qırmızı ordu - «krasnoe armiya» deyirdilər, biz isə qızıl (!) ordu! Hə, «XI Qızıl Ordu” meydanında «təcili yardım» maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli bir cavana yaxınlaşan şəfqət bacısının böyür-başına güllə yağışı yağdıraraq, o zəif qızcığazı, o vətənpərvər xanımı necə yağır-bağır etdiklərini necə, unutmamısan?
   Sübh tezdən prezident aparatı qarşısına toplaşan xalqın üstünə şığıyan BTR-in qabağına atılan bir gənci filarmoniyanın qarşısıyla necə sürütlədikləri necə, yaddaşında yer alıbmı?
   Dəmir yol vağzalında gecələmiş bir gülsatan oğlanın asfalt üstündə qərənfillərlə «Elnən gələn vay” sözlərini necə yazması, güllələndiyinə görə fikrini tamamlayıb «toy-bayramdır» yaza bilməməsi gözlərin önündən getməyib ki?.. O bir əsər, bir dram idi, tragediya Gecəm! Xalqı ruhdan düşməməyə çağıran meydan epopeyası idi o!..
   Əvvəlki bir çox «həmkarlarını» da xatırla, müdhiş və mübarək Gecə! Səndən düz 70 il əvvəl «parlaq» süngülərlə Bakıya soxulan «XI qırmızı ordu»lu zireh-qatarını xatırla. Cəllad qələmindən çıxmış «37»li, «ÇK»lı, «NKVD»li sibirləri xatırla. Cavidləri, Müşfiqləri aparan gecələri, gündüzləri, axşamları, səhərləri, vaxt-bivaxtları yada sal, mənhusTiranlıq və möhtərəm Azadlıq Gecəsi!..
   O illərin qırmızı şüarlarından kor, həmin saatların güllə-baranlarından kar olan Gecə! Qulağını bəri elə, mənim də beş-üç şüarım var, bir Vətənlik faciəmizə bir bəndəlik öygüm var...
   Hə, lap yerinə düşdü - yenə «Azərbaycan kapriççiosu»su gurladı! Təşəkkür, Anar!
   ... Gün aydın, güllə çil-çırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən qurtulmazdı. Heç mən özüm də - bu bir sözü ağlar, bir sözü gülər söhbətimlə heç bir senzordan, heç bir redaktordan keçib, efirə çıxa bilməzdim!
   Salam,öncəsi yaralı, nəticəsi istiqlallı Gecə! İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən sovetlər mərkəzi o gecə o əlvan metalları al-qırmızı qurşunlara çevirib, səhərə qədər bu xalqın üstünə çilədi. Amma itirən o oldu - məsafəcə uzaq, «qardaşlıqca» «yaxın» Mərkəz oldu. Qazanan isə bu «ucqar» - Azərbaycan oldu.
   Sən ən böyük bir milli dövran idin, ey bir anlıq 20 Yanvar Gecəsi! Pəpə yeyəndən, məmə deyənə qədər hamı əzəmətli «Müstəqillik Simfoniyası»nın ifaçılarına çevrildi Səndə. Sürücülər maşınlarını zirehli qan-qadalar üstünə sürürdü. Təbiblər xalqın həbibinə çevrilmişdi. Şəfqət bacıları «Aslanın erkəyi, dişisi olmaz» zərb-məsəlinin mülki-hərbi abidəsini yaratdılar. Hətta oğrular, cibgirlər belə, sənin qırxın, bəlkə də ilin çıxanadək əllərini dinc qoyub, mayalarından yedilər.
   Sən ən maarifçi, ən maarifpərvər gecə idin, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə xalqı əsl dövlət imtahanına çəkdin. Milli dövlət imtahanına çəkdiyin bu tələbə-xalq 1991-ci ilin 18 oktyabrında - əsasən sənin hesabına - əla qiymət, ali qiymət alaraq, bütün universitetlərin fövqündə dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, «öz əli, öz başı» dövranına qədəm qoydu.
   Sən ən dini, ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanı idin, Tanrısal Gecə! Məlum və «məşhur» allahsızlıq dövranının təbliğatına uyanlar belə, sənin o zülüm-zülmət qaranlığında əllərini göylərə qaldırıb dua etdilər, millətə nicat dilədilər. Süfrələri həftələr-aylarla ət görməyənlər xeyir işlər üçün saxladıqları toy toğlularını belə kəsib, sənin mübarək şəhidlərinin ruhuna ehsanlar verdilər...
   Sən həm də bizim ən siyasi-elitar anımız idin, ictimai anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisi idin. Hər kəs özlüyündə bir millət vəkili idi. Hər kəs öz qafasında, düşüncəsində qərarlar qəbul edir, öz ürəyində, qəlbində onların icrasına başlayırdı. Bu təbii, bu özəl-doğal milli məclis o dövrün, o illərin rəsmi milli məclisindən - Ali Sovetindən daha qeyrətli mövqe tutmuşdu. Bu «şifahi-məktub»umun milli-müqəddəs ab-havasına xələl gətirmək istəmirəm, yoxsa həmin günün səhərisi bu qan-qadaya siyasi qiymət vermək üçün güc-bəla ilə parlament binasına toplandırılmış... bəli, bəli, toplanmış yox, toplandırılmış deputatların xalqı qapıdan itələyərək çıxıb qaçmaq cəhdlərindən də bir-iki kəlmə deyərdim. O olay haqda - dar gündə millətini qoyub qaçan millət «vəkilləri»nin «marafon»unun qarşısını necə kəsmələri barədə radiomuzun busaatkı rəhbərindən müsahibə alıb bu söhbətimə daxil etmək fikrində idim. O isə mənə bircə cümləlik - özü də mikrofonsuz - musahibə verdi. Dedi ki, bizim nəsil bu barədə çox yazıb, çox danışıb, indi siz cavanlar yazın, siz gənclər danışın.
   ...Belə. Əvvəli qaranlıq, sonu işıqlı Gecəmiz! Sözüm burda bitdi. Adətən, məktuba cavab gözlənər, amma narahat olma, mənim Milli Gecəm! Sən bu cavabı çoxdan veribsən. İstiqlal mayalı, müstəqil sayalı cavabı. «Mən müstəqil ölkə vətəndaşıyam!» qürurumuzdan, çil-çiraqlı paytaxtımızdan, çiçəklənən Azərbaycanımızdan ibarət bir cavab...
   
   Üzeyir Abbas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar