Səməd Mənsur (1879-1927)
   
   Şair və teatr xadimi Səməd Hacı Əhməd oğlu Kazımzadə (Kazımov) 1879-cu ildə Bakıda doğulub. Rus-müsəlman məktəbində təhsil alıb. Rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət müəllimlik edib, Bakıda “Səfa” cəmiyyətinin məktəbində çalışıb.
   Klassik ədəbiyyatın mükəmməl bilicilərindən olan Səməd “Mənsur” təxəllüsü ilə şeirlər yazıb. “Bəsirət”, “İqbal”, “Tuti”, “Səfa”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış mətbu orqanlarında satirik şeirləri «Səməd Mənsur» imzası ilə çap olunub. Bakıda çap olunan mütərəqqi fikirli “Şeypur” jurnalının (5.10.1918 - 4.1.1919) naşiri olub.
   Onun milli teatr tariximizdə də özünəməxsus izi var. Aktyorluq fəaliyyəti ilə yanaşı, pyeslər yazıb, tamaşalar hazırlayıb, tərcüməçilik edib.
   1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Səməd Mənsur müxtəlif təsərrüfat işlərində çalışıb, Xalq Komissarları Sovetində, respublika Plan Komitəsində işləyib.
   1927-ci il yanvarın 2-də Bakıda vəfat edib.
   
   
   Azərbaycan mədəniyyəti tarixində XX əsrin ilk iyirmi ilinin fədakar maarif xadimlərindən biri də Səməd Mənsurdur. O, millətimizin maariflənməsində, yetişən nəslin təhsilə cəlb olunmasında böyük işlər görüb. Fədakar ziyalımız haqqında teatr sənətilə bağlı müəyyən faktları oxuculara çatdırmaq, fikrimcə, bu istiqamətdə gələcək tədqiqatlara rəvac verər. Yeri gəlmişkən, Səməd Mənsurun maraqlı ədəbi irsi də öz tədqiqatçılarını gözləyir.
   Azərbaycanın məşhur təkamül qurumlarından olan “Səfa” mədəni-maarif cəmiyyəti 1910-cu ildə yaradılıb. İki il sonra cəmiyyətin teatr bölməsi təşkil edildikdə rəhbərlərindən biri də Səməd Mənsur olur. O, truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksessuarların toplanmasında son dərəcə səmərəli işlər görüb.
   15 noyabr 1913-cü ildə “Səfa”, Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini Tağıyev teatrı binasında yubiley edəndə, təntənənin əsas təşkilatçısı Səməd Mənsur idi. Yubiley gecəsi Cahangir Zeynalovun rejissorluğunda göstərilən “Yağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) tamaşasında tacir Hacı Salman rolunu Səməd Mənsur oynayıb.
   Müəyyən vaxtlarda “Nicat” cəmiyyətinin truppasında və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da rollar oynayan Səməd Mənsur müxtəlif xarakterli səhnə obrazları ifa edib. Bu baxımdan onun böyük türk mütəfəkkir şairi Əbdülhəq Hamidin eyniadlı əsəri əsasında Dadaş Bünyadzadənin hazırladığı «Tariq ibn Ziyad» (Tofiq ibn Ziyad) tamaşasında, Baxmetevin «1812-ci il» («Napoleon müharibəsi, yaxud Moskva yanğını». Arakçeyev və Baqration), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin «Əbül Üla» (Birinci ərəb), türk ədibi Şəmsəddin Saminin «Dəmirçi Gavə» (Zabit), M.Mərəndinin «Çəkməçi Seyfulla» (Səməd xan), Yusif Talıbzadənin «Ərmənusə» (Zübeyr) tamaşalarında oynadığı rolları qeyd etmək olar.
   Səməd Mənsur opera və operetta tamaşalarında da aktyorluq edib. Hətta bir müddət dahi Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasında Məcnunun atasını oynayıb.
   Onun təşkilatçılıq, inzibatçılıq və aktyorluq fəaliyyəti “Səfa” mədəni-maarif cəmiyyəti ilə bağlıdır.
    “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında oynadığı əsas rolların qısaca siyahısını belə təqdim etmək olar:
   Karlos. “Qatili-Kərimə”, Hacı İbrahim Qasımov (təbdil).
   Yerlamov və Baqration. “Napoleon müharibəsi və yaxud Moskva yanğını”, K. Baxmetev.
   Musa ibn Nəsir. “Tofiq ibn Ziyad”, Əbdülhəq Hamid.
   Həsən. “Əl Mənsur”, Henrix Heyne.
   Əsgər bəy. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə.
   Gavə. “Dəmirçi Gavə”, Şəmsəddin Sami.
   Fəttah ağa. “Əhdə vəfa, yaxud arnaudlar”, Şəmsəddin Sami.
   Abuzər Cumeyd. “Ənuşirəvani-adil”, Əbdürrəsul Şərifzadə.
   Harun ər-Rəşid. “Bir saatlıq xəlifə”, Abdulla Şaiq.
   Rzaqulu bəy və Hənqulu bəy. “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov.
   Xəlil bəy. “Bəxtsiz cavan”, Namiq Kamal.
   Səməd Mənsurun “Köhnə və təzə il”, “Aktyor”, “Dərviş” pyesləri 1913-1918-ci illərdə müxtəlif truppalarda, 1922-1923-cü illərdə Bakı Azad Türk Tənqid və Təbliğ Teatrında tamaşaya qoyulub.
   O, həm də türk ədibi Şəmsəddin Saminin “Dəmirçi Gavə”, “Əhdə vəfa, yaxud arnaudlar” dramlarını Azərbaycan türkcəsinə çevirib. «Dəmirçi Gavə» qəhrəmanlıq dramı aktyor-rejissorlardan Hüseyn Ərəblinskinin (25 noyabr 1916-cı il), Abbasmirzə Şərifzadənin (3 fevral 1917-ci il, 16 aprel 1920-ci il və 2 fevral 1923-cü il), Sidqi Ruhullanın (26 oktyabr 1918-ci il , 5 may 1921-ci il və 28 sentyabr 1921-ci il), Aleksandr Tuqanovun (25 dekabr 1924-cü il və 5 yanvar 1928-ci il) quruluşlarında tamaşaya hazırlanıb.
    Teatr xadimi Səməd Mənsur Kazımzadənin oğlu Tofiq (Əhməd Tofiq) Kazımov (1923 - 1980) milli səhnə sənətimizin ən görkəmli rejissorlarından idi. Xalq artisti fəxri adına, Dövlət mükafatına layiq görülmüş sənətkarın yaradıcılığı, əsasən, Akademik Milli Dram Teatrı ilə bağlı olub və 1964-cü ildən ömrünün sonunadək bu kollektivə baş rejissorluq edib.
   
   İlham Rəhimli,
   teatrşünas