Yeganə medal-mükafatını ölümündən on gün əvvəl almışdı...

 

XIX əsrdə klassik Azərbaycan poeziyası ənənələrini uğurla davam etdirən, maarifçi məfkurənin inkişafında xüsusi xidmətləri olan söz sənətkarlarından biri də Seyid Əzim Şirvanidir. O, ədəbi aləmdə incə ruhlu lirik, cəmiyyətin sosial problemlərini tənqid edən satirik, əxlaqi-tərbiyəvi mövzularda mənzum hekayə və təmsillərin müəllifi kimi tanınıb. Bənzərsiz yaradıcılığında məhəbbəti nifrətə, sədaqəti xəyanətə, elm və mədəniyyəti isə cəhalətə qarşı qoyub. Şair oğluna yazdığı mənzum nəsihəti ilə müəllim-ata obrazının gözəl nümunəsini yaradıb:

Cəfər, ey nuri-dideyi-Seyyid!
Qönçeyi-növrəsideyi-Seyyid!
Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə, bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var: o, insandır.

Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə 1835-ci ildə Şamaxı şəhərində ruhani ailəsində anadan olub. 7 yaşında atası vəfat edir, anası ilə Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseynin yanına gedirlər. Əzim babasının himayəsində böyüyür, onun təlim-tərbiyəsinə diqqət yetirilir. O, 10 il Dağıstanda qalır və burada təhsil alır. Fars və ərəb dillərini mükəmməl öyrənir. Araşdırmalardan məlum olur ki, o, bu müddət ərzində Dağıstanda bir neçə yerli xalqın da dilini mənimsəyir.

Seyid Əzim məktəbli çağlarından klassik poeziyaya maraq göstərir, şairlərin əsərlərini mütaliə edir. Özü də ara-sıra şeirlər yazır. 1853-cü ildə, 18 yaşında anası Gülsüm xanımla Şamaxıya qayıdır. Məşədi Mövsümün qızı Ceyran xanımla ailə qurur. İki il sonra təhsilini artırmaq üçün İraqa gedir. Bir neçə il Nəcəf və Bağdad şəhərlərində təhsil aldıqdan sonra Şama (indi Suriyanın paytaxtı Dəməşq şəhəri) gedir. Orada bir müddət qalır və Şamaxıya qayıdır. Sonra yenidən səfərə çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Qahirədə olur. Səfər etdiyi şəhərlərdə təkcə elmini artırmır, eyni zamanda Şərqin ictimai-mədəni, ədəbi mühiti ilə maraqlanır...

1859-cu ildə Şamaxıda güclü zəlzələ baş verir, böyük dağıntı olur. Seyid Əzimin ailəsi də zərər çəkir. Bütün bunlara baxmayaraq, o, şəhərdə yeni üsulla “Məclis” adlı məktəb açır. Mollaxanadan fərqli olaraq bu məktəbdə ana dili ilə yanaşı, rus və fars dilləri də tədris edilir. Şagirdlərə dünyəvi elmlərdən ibtidai məlumat verilir.

Seyid Əzim pedaqoji fəaliyyətlə məhdudlaşmır, eyni zamanda maarifçi və tənqidi-satirik şeirlər də qələmə alır. Şeirlərində mövhumatı, nadanlığı qamçılayır, insanları elmə, təhsilə səsləyir. Şairin mühitdəki problemləri açıb göstərən şeirləri mövhumatçı dindarların kəskin etirazına səbəb olur. “Əkinçi”də dərc etdirdiyi yazılardan sonra yuxarı dairələrdə də onu sevməyən, düşməncəsinə yanaşanlar çoxalır. Bir müddət sonra şəhər ruhanilərinin S.Ə.Şirvaniyə qarşı dözümsüzlüyü açıq şəkildə özünü göstərir. Digər tərəfdən Şamaxıda dövlət məktəbləri açılır. Onun məktəbi bu yeni tədris ocaqları ilə rəqabətə davam gətirmir və fəaliyyətini dayandırır. Hətta 1879-cu ildə Seyid Əzim hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən də kənarlaşdırılır. Vəziyyətin belə alındığını görən şair Tiflis şəhərinə gedir. Qafqaz Maarif İdarəsi rəisinə işdən haqsız çıxarıldığını bildirir. Bəzi maarifpərvər şəxslərin də səyləri nəticəsində sevdiyi peşəsinə qayıda bilir. Şamaxıda yeni açılan şəhər məktəbinə müəllim təyin olunur və ömrünün sonuna qədər Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir.

S.Ə.Şirvani zəngin bədii irs yadigar qoyub. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Həmçinin Azərbaycan, İran, Türkiyə (Osmanlı) və Rusiya şairləri haqqında məlumat verən təzkirənin müəllifi olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliklər də yazıb. S.Ə.Şirvani “Tacül-kütub”u əlyazma şəklində Qori Müəllimlər Seminariyası Tatar (Azərbaycan) şöbəsinin müdiri A.O.Çernyayevskiyə göndərib. O da həmin kitabdan bir neçə hekayəni tərtib etdiyi “Vətən dili” kitabına daxil edib. Seyid Əzim eyni zamanda Şamaxıda fəaliyyət göstərən “Beytüs-Səfa” ədəbi məclisinin rəhbəri olub.

Onu da qeyd edək ki, şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan (divan) ibarətdir. Yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Bunların arasında həyat eşqi, nikbin əhvali-ruhiyyə və dini etiqadlar xüsusi yer tutur. Şairin şeirə ruh verən dərin lirikasını məhz onun qəzəllərində görmək olur:

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Şairin lirikasına böyük sələfi dahi Məhəmməd Füzulinin mühüm təsiri olub. Bunu müəllifin aşiqanə qəzəllərində daha aydın görmək mümkündür. Seyid Əzim eyni zamanda Füzulinin yaradıcılığından tərcümələr edib, ona nəzirələr yazıb. S.Ə.Şirvani yaradıcılığında məhəbbət mövzusu da aparıcı yer tutur. Lirik qəzəllərində saf, ülvi məhəbbəti sənətkarlıqla qələmə alıb. Bədii təsvir və ifadə vasitələrindən uğurla bəhrələnərək qəhrəmanın daxili aləmini, hiss və duyğularını böyük ustalıqla açmağa müvəffəq olub.

S.Ə.Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-realist şeirləri ilə başlayır. Onun realizmə meyil göstərməsində Azərbaycan milli mətbuatının qaranquşu olan “Əkinçi” qəzeti böyük rol oynayıb. Bu qəzet eyni zamanda şairin yaradıcılığına mövzu rəngarəngliyi gətirib. Nəticədə müəllif müasir həyatın tələblərinə uyğun şeirlər qələmə alıb, ictimai-mədəni mühitdə baş verən yeniliklərə öz münasibətini bildirib. Şair “Əkinçi”də dərc olunan və qəzetin yaradıcısı, böyük maarifçi, pedaqoq Həsən bəy Zərdabiyə müraciətlə başlayan “Qafqaz müsəlmanlarına xitab” şeirində yalançı dərviş, molla və mərsiyəxanların iç üzünü açıb tənqid atəşinə tutur:

Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü, axund, tələbə,
Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.
Hamının fikri xəlqi soymaqdır,
Quru yerdə bu xəlqi qoymaqdır...

Həsən bəyin maarifçi təşəbbüslərini alqışlayan şair həmin şeirdə onu savadlı və xeyirxah bir insan kimi qiymətləndirir. “Əkinçi”də dərc etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa və kömək etməyə çağırır:

Bəs “Əkinçi” cəlalımızdı bizim,
Nasehi-xoşməqalımızdı bizim.
Səy edək, ey güruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat...

Şair gənc nəslin təlim və tərbiyəsini saxta din xadimlərinə tapşırmamağı tövsiyə edib. Onların kəmsavadlığını “Müctəhidin təhsildən qayıtması”, “Alim oğul ilə avam ata” kimi əsərlərində satira atəşinə tutub. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb.

Araşdırmalarda qeyd edilir ki, S.Ə.Şirvaninin pedaqoji fəaliyyətləri hökumətin diqqətindən kənarda qalmır. 1887-ci ildə maarifçilik sahəsində xidmətlərinə görə çar üsul-idarəsi tərəfindən “Za userdiye” (“Səy və qeyrətinə görə”) medalı ilə təltif olunur. Şair medala görə ödəniləcək 7 manat 50 qəpiyi ölümündən on gün əvvəl alır...

Böyük maarifçi şair, mütəfəkkir, ziyalı Seyid Əzim Şirvani 20 may (yeni təqvimlə 1 iyun) 1888-ci ildə Şamaxı şəhərində vəfat edib. Vəsiyyətinə əsasən, Şaxəndan qəbiristanlığında dəfn olunub.

Savalan Fərəcov