«Molla Nəsrəddin» - 104
   
   «Molla Nəsrəddin»i zaman özü yaratdı»...
   Bunu Cəlil Məmmədquluzadə özü deyirdi. Jurnalın hamı tərəfindən məhz onun özünün təşəbbüsü, təsisçiliyi, naşirliyi, baş yazarlığı ilə meydana gəldiyi etiraf edilən C.Məmmədquluzadə deyirdi. Bu jurnal xalqa onu - dahi hekayənəvis, dahi dramaturqu dahi jurnalist kimi də təqdim etdi.

   
   Milli Mirzə
   
   Qoca Şərqin şifahi təfəkkür təmsilçisi, lətifələr kanı, baməzəlik rəmzi Molla Nəsrəddin ötən əsrin əvvəllərindən dahi Mirzəmizin - Cəlil Məmmədquluzadənin (habelə onun əqidə və qələmdaşlarının) timsalında bu xalqların yazan əlinə çevrildi. 1907-ci il aprelin 7-də düz 25 il - öndə Azərbaycan olmaqla, türk-müsəlman dünyasının milli əxlaq, mədəni-mənəvi aləmini işıqlandıran «Molla Nəsrəddin» jurnalı nəşrə başladı. Gürcüstan paytaxtında doğulan bu məcmuə «Tiflis, 7 aprel» adlı ilk məqalə-bəyannaməsilə «bizi deyib gəlməyə» başladı.
   
   Niyə Bakıda yox, Tiflisdə?..
   
   Bunun bir sıra «tarixi-müqəddəm» səbəblərlə yanaşı, elə həmin jurnalda çıxan «Dəmdəməki» sərlövhəli felyetonda ərz edilən səbəbləri də vardı. O Dəmdəməki ki, böyük Mirzə Cəlil jurnal səhifələrində bu təxəyyül qəhrəmanı ilə tez-tez məktublaşır, belə-belə mükamilələşirdi: «Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm, Bakı qoçuları da namusa dolub çıxararlar tapançanı, səni orda, sonra da gəlib məni burda qanımıza qəltan edərlər?!»
   «Mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm»... Bu publisistik priyomun fərqinə vardınızmı, əziz oxucular? Bakıda baş verən eybəcərliklər, qadın (xüsusən, azyaşlı qızlarla bağlı) problemləri bütün detalları ilə çap etdikdən sonra «çap edərəm»!..
   Daha bir səbəbi dahi Mirzənin dahi məsləkdaşı Üzeyir bəyin bir felyetonundan da görmək olar: «Başqa ölkələrdə qəzet bağlansa, noolar? Biri deyər: - Vay, kor oldum! Biri deyər: - Vay, kar oldum! O biri deyər: - Vay, lal oldum! Bəs bizdə qəzet bağlansa, nə deyərlər? Heç zad, bir məşədi digərinə deyər: - Məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?»
   
   Kimləri deyib gəlmişdi?..
   
   «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!»
   Bu müsəlman qardaşlar yalnız elə qəzet-jurnal oxumaq kimi «qeyri-vacib» işləri buraxıb «daha vacib əməllərin» (xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq və s.) dalınca gedən «keçəl-keçəllər»dən ibarət idimi? Yox, onlar həm də «bir boynuyoğun, yekəqarın adam görən kimi onu məmur, qorxulu bəndə hesab edib oturduğu yerdən dik atılaraq ayağa qalxıb, təzim edən «ən ayıq, ən xoşbəxt» müsəlmanlar («İrəvan müsəlmanları»), bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi düşmüş bir ərəb əlifbası hərfinin məna dəyişiminin fikrinə getmiş «həriflər» («Nigarançılığın sonu»), beş-üç il Rusiyada yaşayıb qayıdarkən ağzıdualı anasına küftə əvəzinə «qofta» bişirməyi təklif edən «abrazovannı»lar idi. Bu dərdlərin ən obrazlı izharı isə böyük jurnalist-publisistin «Meşədə gördüklərim» felyetonunda əks olunub: «Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə məcmuəmizin vəsiqəsini istədi. Verdik. Getdi və tez-tez yazılar göndərməyə başladı. Onun məqalələrinin mövzusu müxtəlif olsa da, başlıqları eyni idi: «Meşədə gördüklərim»...
   
   Milli ocaq...
   
   Mirzə Cəlilin «Molla Nəsrəddin»i millətin milli ocağı idi. Bu ocağın başına millətin çeşid-çeşid problemlərindən canları buz bağlayan ədiblər, ziyalılar, dərd və qələm əhli toplaşırdı. Bunlar kimlər idi? Böyük Mirzənin səsinə ilk səs verən Ömər Faiq Nemənzadə başda olmaqla, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqaları. Bu jurnalın nəinki təkcə o dövr qədir-qiymətini, habelə perspektiv şan-şöhrətini bilən məşhur alman və polyak rəssamlar O.Şmerlinq və İ.Rotter də «Molla Nəsrəddin»çi olmaqdan qürur duyurdular. Böyük soydaşımız Əzim Əzimzadə isə «Molla Nəsrəddin»dəki işlərilə həm də milli karikatura yaradıcılığımızın banisi oldu.
   «Molla Nəsrəddin» bütün nəşri dövründə o çağ yaradıcılarımız üçün ən universal nəşriyyat, auditoriya, tribuna, «radio», «televiziya» rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından fərqli olaraq, «Molla Nəsrəddin»də çap edilən, imzası görünən müəllifin milli dəyəri, milli təəssübkeşliyi birmənalı qarşılanırdı. O vaxta qədər də az yazmayan Mirzə Ələkbər Sabiri bu gün seçmələyib-sevdiyimiz Sabir kimi bizə məhz «Molla Nəsrəddin» təqdim etdi.
   1906-cı ildən Tiflisdə alovlanan bu azərbaycandilli milli ocağımız 1918-ci illərdə öz doğma vətəninə - Bakıya qayıtdı. 1921-ci ildə sovet küləyindən sönmə ehtimalı ilə Təbrizə köçdü. 1922-ci ildə yenidən Bakı... və 1931-ci ilə - böyük naşirin vəfatına qədər burada nəşr edilir. Tiflisdə 340, Təbrizdə 8, Bakıda 400 sayı çıxır. Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni qədir-qiyməti, milli oyanışımızda oynadığı rolu intəhasızdır.
   
   Tahir Abbaslı
    
   
   
   Cəlil Məmmədquluzadə
   
   B i z
   
   Felyeton
   
   Biz nəyik?
   Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.
   Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.
   Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!
   Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyirik.
   O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar - başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.
   
   * * *
   “Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.
   Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstanbul ilə münasibətdədir, İstanbuldan göndərilmiş siyasi agentlər yuvasıdır.
   Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü görülür”.
   Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.
   Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi ... başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.
   Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M.Toppuzov, - o camaatın içi boşdur.
   Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, - o millətin içi boşdur.
   Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.
   Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, - hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.
   Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.
   
   * * *
   Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.
   Mən ölüm üstünü açma.
   
   “Molla Nəsrəddin”,
   9 aprel, 1911