Xalq artisti Fatma Qədir qızı Qədri
   
   Fatma Qədri. 14 aprel 1907, Odessa - 29 fevral 1968, Bakı. Cəmisi - 61 yaş. Mən bu yazıda bu 61 ilin 61 anını verə billəm, ya yox, - ya qismət. Amma o illərin hansı anınısa əbədiləşdirmiş bu fotoşəkil bu ömürdən çox söz deyir. Çox sözdən sonra belə bir yarımbayatı da çağırır ki; “Üzündə söz izi var, Sənə kim qıydı, yavrum?!”
   
   Bu qəriblə bağlı qəribəlik
   
   Yazımın başlıq və başlıqaltısını yazdım, oxudum və duruxdum. Doqquz sözdə səkkiz «q» hərfi, «qe» səsindən hoyuqdum. Düşündüm ki, deyəsən bu, heç də təsadüfi deyil. Qəribə bir hissə qapıldım ki, bu nə «qrammatik qanunauyğunluq»dur belə - bu major dünyamızda minor ifadələrin çoxusu məhz bu hərflə başlayır: qürbət, qan-qada, qətl, qalmaqal, qaçaqaç, qaçqınlıq, qisas, Qarabağ...
   
   Fikirləşdim ki...
   
   Fatma Qədrinin qismətinə düşən tale qalmaqallarından ən qarası elə bu hərflə başlayır: qəriblik.
   Bəli, bütün özəllik-gözəlliklərilə, səsi, fotoşəkilləri, xatirələrdəki obrazı ilə Azərbaycan folkloruna çəkən bu xanım qürbətdə doğulub, qəriblikdən gəlmişdi doğma xalqının qulluğuna. Atası Qədir kişi, qəribə həyat dramı personajlarından biri kimi, gedib qəribliyə - Odessa şəhərinə düşmüşdü, bu dünyaya gəlişində Fatma, gedişində Fatma Qədri adlanası bu qızcığaz isə anasının boyuna...
   1907-ci il. Rusiyada inqilab, qarmaqarışıqlıq, aclıq... Şəkər zavodunun fəhləsi Qədir kişinin kasıb komasında isə «qa» deyib çörək, «qu» deyib su istəyən ağır külfətin sayını artıran növbəti bir «inqə». Özü də «duz yükü» - qız.
   Qərəz, bu «qe» səsi alletrasiyasından qurtulmaq üçün publisistik «qərar» qəbulu vəqtidir. Ancaq belə bir assosiativ qeydlə: əgər bu qadir sənətkar təsadüfən elə o qürbətdə qalsaydı, çox yəqin ki, Rusiyanın xalq artisti adını qazanacaqdı.
   
   «Baxıb xatırlama...»
   
   Sovetlər dövründə hamı, xüsusən də sevib-sevilənlər bir-birilə yadigari-mübadilə etdikləri fotoşəkillərinin arxa tərəfində məhz bu epiqraf-avtoqraf olardı: «Baxıb xatırlama, xatırlayıb - bax...»
   Elə bu yarımbaşlıq da, Fatma Qədrini, qismən də olsa, canlı xatırladan iki elementdən biri ilə - fotoşəkillə bağlı gəldi ağlıma. Belə ki, hər dəfə adını teatr ictimaiyyətinin dilindən eşidərkən bizdə çox kolorital bir isim təəssüratı, ciddi, ağır klassika ab-havası yaradan Fatma Qədrini ad-sanına layiq təqdim etmək üçün o qədər də zəngin, mükəmməl mənbə yoxdur. Teatrşünaslar, araşdırmaçılar, televizionçular, «sitat»çılar bu və ya başqa səbəblərdən susduğundan, statistik oxucu və tamaşaçılar heç nə oxuya və görə bilmirlər. Onun iki teatr (“Azdram” və bir vaxtlar “Rusdram”) foyelərindəki məhzunluq saçan bir fotoşəklindən və hərdən Azərbaycan radiosunda səsləndirilən aktrision səsindən başqa, heç nə.
   Hə, deməli, o boyda humanitar-filoloji aspektli bir persona bir-iki darısqal texniki-faktoloji guşəyə sığışdırılaraq qalmaqdadır. Deməli, iki cüt bir tək fotoşəkil, plyus, başqalarının obrazlarını yaradan üç cüt bir tək fonoteka məhsulu, bərabərdir Fatma Qədri?
   Yox, niyə ki, onun avtobioqrafik «dosye»sində əlavə məlumatlar da vardır: «Çarəsizlikdən Fatmanı 9 yaşında ikən dindar bir qadının himayəsinə verirlər. O isə bu qızı aparıb mədrəsəyə təhvil verir. 11 yaşında rus xalq məktəbinə gedir. Şagirdlər arasında öz yaddaşı, lirik-dramatik diksiyası ilə seçilir».
   Elə onun xatirələri də hər xatirata bənzəmir: «Həmyaşıdlarım al-əlvan geyinib gəzintilərə çıxanda, mən ümummatəm odasını xatırladan evimizdə oturub için-için ağlayardım...»   

   Qəza-qədərlərdən qurtulub
   qədirbilənlərə qovuşan Qədri

   
   «Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..»
   Böyük Tanrı bu balaca qızcığazın cani-dildən istədiklərindən ikincisini (birincisinə isə hələ 47 il qalırdı...) eşitdi və 14 yaşında ikən Fatmaya Bakı yolu açdı. Burada yenicə yaradılmış Bakı Dövlət Teatr Texnikumuna daxil oldu, ilk direktor Şövkət Məmmədovanın analıq qayğısı ilə əhatə olundu. Zəngin təcrübəyə malik teatr xadimlərindən - A.Tuqanov, A.Muradov, V.Sladkonevtsdən dərs aldı. Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-artist kimi tamaşaçıların yaddaşına, milli teatrımızın tarixinə düşdü.
   Bu istedadlı və zəhmətkeş qız teatr texnikumu ilə paralel olaraq, Ali Qadın Partiya İnstitutunda da təhsil alır və elə tələbəykən səhnə fəaliyyətinə başlayır. «Anamın kitabı» (Gülbahar), «Dərviş Məstəli şah» (Şərəfnisə), «Notrdam kilsəsi» (Esmiralda) və sair tamaşalarda yaratdığı obrazlar o dövrün təkcə məhəllə, dükan-bazar yığnaqlarında deyil, elitar məclislərində, yüksək rəyasət mərtəbələrində də mədəniyyət hadisələri kimi qarşılanır.
   1926-32-ci illər - Türk İşçi Teatrı, 1933-36 - Bakı Rus DramTeatrı və ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Dram Teatrı. Xalq artisti fəxri adı, «Qırmızı Əmək bayrağı», «Şərəf nişanı» ordenləri, neçə-neçə medal. Mükafatlar mükafatı - ümumxalq alqışları... Bu qədər kollektivlər, fəxri ad, orden-medal, alqışlar, iki dildə yaratdığı iki yüzdən çox obraz bizim mədəniyyət tariximizə dörd sözdən - ikisi rəsmi, ikisi ismi-bədii kəlmədən ibarət bir ad yazdı: Xalq artisti Fatma Qədri...
   O Fatma Qədri ki, sonralar - 1968-ci ilin soyuq fevral günlərində onun haqqında çox isti sözlər yazıldı, gözlər yaşardı. Bütün qəzetlər «Respublikamızın teatr ictimaiyyətinə ağır itki üz vermişdir» yazdı. Məşhur teatrşünas Cəfər Cəfərov: «Fatma Qədrinin yaratdığı Xuraman Səməd Vurğunun yaratdığı Xuramanla əkiz bacılardır...» yazdı. Fatma da daxil olmaqla bütün Azərbaycan gəlinliyinin sənət Qayınanası Nəsibə xanım Zeynalova ağlar-gülər bir nitq söylədi: «Ay Fatma, sən misilsiz bir nağıl qəhrəmanı ömrü yaşayıb, getdin. Amma hara gedirsən, nə qədər bu xalq var, o qədər də sən olacaqsan».
   
   Tahir Abbaslı