Vəfatından bir neçə gün öncə evlərində qonaq olub köhnə şəkillərindən, lent yazısının yaddaşında əbədiləşən rəqslərindən, saralmış qəzet kəsiklərində haqqında yazılan məqalələrdən Əminə xanım Dilbazinin sənətə həsr olunan ömür yoluna bir daha nəzər salmışdım.   

   Xatirələr söyləyəcək əhvalı olmasa da, mənzilinin divarlarını bəzəyən şəkilləri 91 illik mənalı ömür yolu haqqında hər şeyi deyirdi. Əminə xanımınsa ömrünün son nəğməsini oxuyan bir halı vardı. Bununla belə, korşalan yaddaşından süzülən, ömrünün çox-çox uzaq illərində qalan xatirələri pıçıldayırdı. Bu, onun son müsahibəsi idi...
   Mayın 1-də rəqs şahzadəsinin vəfatı xəbərini eşidən mənim kimi hər bir kəs “belə sənətkar nadir hallarda doğulur” deyə təəssüflə dilləndi.
   Əminə Dilbazinin cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrından götürüldü. Həmişə oynaq, lirik rəqslər bəxş elədiyi səhnəyə indi Əminə xanım özü də son dəfə - vidalaşmaq üçün çıxmışdı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev matəm mitinqini açaraq Əminə Dilbazinin milli xoreoqrafiya məktəbinin yaradılması və inkişafında müstəsna rol oynadığını, qədim tarixi köklərə söykənən rəqs sənətimizin ənənələrinin layiqincə yaşadılmasında əvəzsiz xidmətlər göstərdiyini bildirdi. “Əminə Dilbazi XX əsrdə ölkəmizdə qadınların incəsənət sahəsindəki uğurlarının təməlini qoyub, öz orijinal yaradıcılığı ilə musiqi mədəniyyətimizə güclü təsir göstərib. Ömrünün sonunadək həyatını Azərbaycanda xoreoqrafiyanın inkişafına həsr edən, milli rəqslərimizin təşəkkülündə böyük xidmətlər göstərən sənətkarın ifa etdiyi rəqslər bənzərsizliyi və yüksək peşəkarlıq səviyyəsinə görə əsl sənət inciləri hesab olunur. Əminə xanım Dilbazinin sevə-sevə canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib”.
   Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Xalq artistləri Ramiz Zöhrabov, Afaq Məlikova, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova çıxış etdilər.
   Milli rəqs sənətimizin inkişafında göstərdiyi xidmətlərə görə, görkəmli rəqqasənin əməyi həmişə yüksək qiymətləndirilib. Onun sinəsini bir sıra orden və medallarla yanaşı, ölkəmizin yüksək mükafatı - “İstiqlal” ordeni bəzəyirdi.
   Mərasimdə mərhumun ailəsi adından çıxış edən Mikayıl Hacıyev Əminə Dilbazinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. M.Hacıyev Əminə Dilbazi sənətinin bütün pərəstişkarlarına və mərasimdə iştirak edənlərə də təşəkkürünü çatdırdı.
   Əminə Dilbazi Fəxri Xiyabanda dəfn olundu.  

   T.Sərdarqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar