SSRİ Xalq artisti Adil İsgəndərovun 100 yaşı tamam olur 
   
   Adil İsgəndərov Azərbaycan teatr və kino tarixində elə bir iz qoyub ki, onun barəsində davamlı olaraq, münasibətsiz-filansız danışmaq, yazmaq lazımdır. Ən azından ona görə ki, bir zaman Azərbaycan teatrı hələ 40 yaşı olmamış rejissorun adı ilə Sovet İttifaqında «İskanderovskiy teatr» kimi tanınırdı. Adil İsgəndərov Azərbaycan aktyorluq və rejissorluq sənətinə Allahın verdiyi pay idi. Onun lap cavan vaxtlarından gördüyü işlər, quruluş verdiyi tamaşalar mükəmməlliyi ilə seçilib. «Vaqif» tamaşası bütün Azərbaycanı yaxşı mənada lərzəyə salanda onun cəmi 28 yaşı vardı! Sanki Adil İsgəndərovun fantaziyası, istedadı, aktyorla işləmək məharəti, yaratmaq istəyi özündən əvvəl doğulmuşdu.
   
   ...Səməd Vurğunun «Vaqif» dramı, illərlə anşlaqla göstərilən bu səhnə əsəri əslində şairin yazı masasının üstündə yox, elə teatrda, müəlliflə quruluşçu rejissorun yaradıcılıq tandemindən yaranmışdı.
   ...Adil İsgəndərovun quruluş verdiyi «Otello» Azərbaycan şekspirianasının ən möhtəşəm tamaşalarından biri idi.
   ...Quruluşçu rejissor kimi imza atdığı «Əhməd haradadır?» filminin kassa uğurunu hələ də heç bir Azərbaycan filmi təkrarlamayıb.
   ... Filmlərdə çəkildiyi irili-xırdalı rollar, bircə «tanıdım, gülsatan qız» ifadəsi ilə yadda qalan xəmirisıyıq Rosselini («Uzaq sahillərdə»), mehriban professor Yunis Quliyev («Romeo mənim qonşumdur»), sadəlövhlüyünün qurbanı olan Kamilov («Qanun naminə»), qonaqpərvər və şöhrətpərəst Hətəmxan ağa («Dərviş Parisi partladır»), nəhayət, dövranın gərdişi ilə barışmağı mənliyinə heç cür sığışdırmayan klassik Azərbaycan kişisi - Kərbəlayi İsmayıl («Axırıncı aşırım») kimi zəngin və rəngarəng obrazlar qalereyası istənilən aktyorun sənət bioqrafiyasına bəzək olardı.
   Bütün bunlar hər sənətsevərin gördüyü və bildiyi məqamlardır. Amma bu gün dünyaya gəlişindən tam bir əsr keçən böyük Adil İsgəndərovun, nəvazişlə Ədil müəllim çağırılan bu sevimli insanın və müəllimin ömründə elə xatirələr var ki, onları bilməklə ustadın şəxsiyyət kimi gerçək obrazını canlandırmaq mümkündür. Yeri gəlmişkən, bu yazıda Adil İsgəndərovun adının iki cür yazılışı orfoqrafik səhv deyil.
   
   * * *
   ...İnişil Akademik Milli Dram Teatrında Adil İsgəndərovun xatirə gecəsi keçirilirdi. Özü də münasibətsiz-filansız. Əslində, Adil İsgəndərovu yada salmağa xüsusi münasibət gərək deyil. Maşallah, tələbələri üzdə, tamaşaları yaddaşlarda, filmləri də ekranlarda. O zaman çalışdığım bir televiziya kanalı üçün həmin xatirə tədbirindən reportaj hazırlayarkən Ədil müəllimin yetirmələrindən, sənət taleyinə onunla birgə çalışmaq düşmüş görkəmli sənətkarlardan müsahibə aldım. Təbii ki, həmin müsahibələr tam olaraq həmin reportaja düşmədi. Bu gün şəxsi arxivimdəki həmin materiallar ovsanaya düşdü.
   
   «Sənin qanını qaraltmasaydım, o cür oynamazdın»
   
   Uzun dövr ərzində Azərbaycanda elə bir aktyor olmayıb ki, Adil İsgəndərovun bir öyüdü onun sənət yoluna işıq salmasın. Xalq artisti Səyavuş Aslan Ədil müəllimlə «Romeo mənim qonşumdur» filmində birgə çəkilib, onun «Əhməd haradadır?» filmində isə ən maraqlı və koloritli rollardan birini ifa edib.
   - Ədil müəllim mənə dərs deməyib, amma özümü onun tələbəsi sayıram. Onunla ilk dəfə qarşılaşmağımızın maraqlı bir tarixçəsi var. Deyəsən, 60-cı il idi. Mən televiziya tamaşalarında, səhnələşdirilən xırda hekayələrdə çıxış edirdim. Həm də o zaman yazılış yox idi. Tamaşanı birbaşa efirdə oynayırdıq. Ədil müəllim də televiziya üçün kiçik hekayələr yazırdı. Bir dəfə efirdən təxminən iki saat əvvəl məşq etdiyimiz yerdə dedilər ki, müəllif də gəlib məşqə baxmaq istəyir. Canıma qorxu düşdü. Ədil müəllim gəldi, baxdı, bəyənmədi. Rejissora bir-iki məsləhət verdi, təzədən məşq elədik. Mən hiss etdim ki, bir az da pis oynadım. Məşq başa çatanda Ədil müəllim stulun söykənəcəyinə keçirdiyi pencəyini elə hirslə götürdü ki, stul yıxıldı. Məni göstərib dedi: «Bu kimdi? Aktyor tapılmadı ki, bu oğlana rol vermisiz?!»
   Pərt oldum, az qaldı ki, ağlayım. Rejissora dedim mən oynamıram. O da məni dilə tutdu ki, yarım saatdan sonra efirə çıxırıq, oynamalısan. İndi başqa aktyoru hardan tapım? Təsəvvür edin, qanım qaralıb, pərt olmuşam, əsəbiləşmişəm. Rolumu necə oynadım, heç bilmədim. Tamaşadan sonra həyətə çıxanda gördüm ki, Ədil müəllimin üzü gülür. Məni görən kimi yanına çağırıb qucaqladı, dedi əla oynadın, xoşuma gəldi. Bayaqkı sözlər hara, bu fikir hara? Özümü lap itirdim. Ədil müəllim dedi: «Mən qəsdən sənin qanını qaraltmasaydım, o cür oynamazdın! Rejissor səni düzgün başa salmamışdı, bu obraz acıqlı, əsəbi görünməliydi, sən isə atılıb-düşürdün».
   Mən Ədil müəllimin necə böyük rejissor, pedaqoq olduğunu ilk dəfə onda anladım. İkicə kəlmə iradı ilə aktyordan istədiyini almışdı. Həmin gün sənət barədə xeyli söhbət elədik. Çox xoşbəxtəm ki, sonralar Ədil müəllimlə «Romeo mənim qonşumdur»da çəkildim, məni «Əhməd haradadır?» filminə dəvət elədi.
   
   «Qadam, Sabunçinskiy ryadom, sadis na poyezd, yezjay v Yerevan»
   
   Aktyor-rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudovun qismətinə isə Adil İsgəndərovun tələbəsi olmaq, sonralar da onun qayğısını hiss etimək düşüb.
   - Moskvada ali ssenari kurslarında oxuyurdum. O zaman indiki kimi deyildik. Bütün xalqların nümayəndələrini dost, qardaş bilirdik. Qonşu millətdən olan bir tələbə yoldaşım var idi, bir gün yazdığı ssenarini mənə göstərib dedi ki, görəsən, harada onu çəkərlər? İnsafən, yaxşı ssenari idi. O zaman Ədil müəllim kinostudiyanın direktoru idi. Moskvaya da onun xeyir-duası ilə getmişdim. Demişdi ki, bir işin olsa, mən burdayam. Tələbə yoldaşıma dedim ki, tətildə gedərik Bakıya, müəllimim kinostudiyanın direktorudur, kömək edər.
   Gəldik Bakıya, getdik kinostudiyaya. Onları tanış elədim, əhvalatı danışdım. Vallah, mən Ədil müəllimi heç vaxt elə görməmişdim. Heç ssenariyə baxmadı da! Qaşlarını çatıb dedi: «Qadam, Sabunçinskiy ryadom, sadis na poyezd, yezjay v Yerevan. Tam i snimeş svoy film!»
   Oğlan kabinetdən çıxandan sonra mənə nələr demədi! Sonralar başa düşdüm ki, o vaxt Ədil müəllim nə qədər uzaqgörən, düz hərəkət etmişdi! Sizə bir söz deyim: Moskvanın teatr, kino dairələrində Adil İsgəndərovun çox böyük hörməti vardı. Onun adını çəkən kimi insanların üzünün ifadəsi də dəyişirdi, sənə münasibəti də. Heyif ki, Adil müəllim tez getdi, o, hələ Azərbaycan mədəniyyəti üçün çox işlər görə bilərdi.
   
   «Qorxma, sən öləndə səni də öpəcəyəm»
   
   Bu xatirəni isə mənə çox əziz olan bir xanım, həmişə fəxrlə böyük rəfiqəm adlandırdığım rəhmətlik Barat xanım danışmışdı. Azərbaycan səhnəsinin ən gözəl aktrisalarından olmuş, teatrda bütün qızların arzuladığı obrazları yaratmış Xalq artisti Barat Şəkinskaya onun sənətkarlığını tərifləyəndə həmişə deyərdi: «Mən rejissor aktrisasıyam. Məni aktrisa edən Ədil olub. O necə başa salıb, öyrədib, elə də oynamışam».
   Barat xanımın xatirələrindən tanıdığım Adil İsgəndərov gənclik illərində Gəncədə teatr həyatının canlanmasından ötrü əlindən gələni əsirgəməyən, sənətlə bağlı arzularını gəncəli teatrsevərlərlə bölüşərkən badamı gözlərinin işığı birə beş artan, dodaqlarına təbəssüm qonan cavan oğlandır. Moskvada Lunaçarski adına Teatr Sənəti İnstitutunda alacağı dərslər onun fantaziyasını, sənət zövqünü cilalayacaqdı. Bir də rəhmətlik Barat xanımın xatirələrindən tanıdığım Adil İsgəndərov bütün böyük istedadlar kimi bir qədər qəribəlikləri, uşaqsayağı sadəlövhlükləri olan bir insan idi. Barat xanım mənim şəxsən tanıdığım yeganə insan idi ki, Adil İsgəndərovun adını Ədil müəllim yox, eləcə, Ədil kimi çəkirdi. Onları bir-birinə istedadlı aktrisanın sevimli rejissoru, yaxud istedadlı rejissorun sevimli, sözəbaxan aktrisası çərçivəsinə sığışmayan zərif dostluq telləri bağlayırdı. Bu münasibətin içində zarafat da var idi, ərk də...
   Görənlərin yadındadı, Barat Şəkinskaya ilə Ələsgər Ələkbərovun oynadığı «Otello» tamaşası dünya teatr sənətinin tarixinə yazılası bir tamaşa olub. Barat xanım belə xatırlayırdı: «Bir gün Ədil mənə dedi ki, ay Barat, bir səhnə gözümün qarşısından getmir. Elə bil, nə vaxtsa görmüşəm. Ələsgər dayanıb səhnədə uca səslə danışır, bu vaxt sən də başdan-ayağa ağ geyimdə ikinci mərtəbənin eyvanında görünürsən. Ələsgər sənə baxır, bir an susur, sonra da deyir: «Siz mənim göyərçinimi oyatdınız!» Bax, bu səhnənin xatirinə mütləq «Otello»nu qoyacağam. İkiniz də oynayacaqsınız!» Dedi də, elədi də. Tamaşada həmin səhnə eynilə Ədilin mənə danışdığı kimi quruldu».
   Barat xanımın ən çox sevdiyi sənətdaşlarından biri də görkəmli aktyor Mirzəağa Əliyev imiş. Teatr aləmində hər kəsin Mirzəağa qədeş deyə çağırdığı aktyor vəfat edəndə bu itki Barat xanımı böyük qardaş itkisi kimi sırsıdır. Vida mərasimində özünü saxlaya bilməyib meyitin üzündən öpür. Adil İsgəndərov isə meyitdən üşürgələnərmiş. Sonralar bir neçə dəfə Barat xanımdan soruşur ki, ay Barat, qorxmadın Mirzəağa qədeşin üzündən öpməyə? Hər dəfə fərqli və uzun cavabla canını bu sorğudan qurtaran Barat xanım dəfələrlə təkrarlanan sualdan bezir: «Ədil, qorxma, sən öləndə də səni o cür öpəcəyəm!». Bu cavabdan sonra həmin sual bir daha təkrarlanmır. Amma ömrünə çox əzizlərinin itkisinin acısını yaşamaq düşmüş Barat xanım son günlərinədək Adil İsgəndərovun vaxtsız itkisi ilə barışa bilmirdi. Söhbətimiz fırlanıb görkəmli rejissorun üstünə gələndə kövrəlirdi.
   
   * * *
   Yaradıcı insanın xoşbəxtliyi ondadır ki, sənəti, istedadının, biliyinin bəhrəsi onun özündən sonra da yaşayır. Bu gün 100 yaşı tamam olan Adil İsgəndərovun ömrü onun tələbələrində, tələbələrinin öz tələbələrinə ötürdüyü aktyorluq məktəbində davam edir. Adil İsgəndərovun sənəti kinolentlərdə, yaratdığı ölümsüz obrazlarda yaşayır.
   
   * * *
   SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Adil İsgəndərovun 100 illik yubiley tədbirləri bu gündən başlanır. Ölkə başçısının sərəncamına əsasən, əsas yubiley təbdiri isə, Ədil müəllimin ömrünü həsr etdiyi, can qoyduğu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmiri başa çatandan sonra dövlət səviyyəsində qeyd ediləcək.
   
   Gülcahan Mirməmməd