Heydər Əliyevin xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını zaman keçdikcə daha aydın dərk edirik
   
   Mayın 10-da Azərbaycanın böyük oğlu, 30 ildən artıq bir dövrdə xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü tamam olur. İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxsaylı kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq. Ona ithaf olunmuş ədəbi əsərlər, musiqi nümunələri, onun həyat və fəaliyyətindən bəhs edən filmlər bundan sonra da uzun illər işıq üzü görəcək. Lakin bir məqamı etiraf etmək lazımdır ki, Heydər Əliyev barəsində yazan hər bir müəllif ən yaxşı halda onun portretinin bir neçə cizgisini, fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Çünki Heydər Əliyev o qədər nəhəng şəxsiyyət və dövlət xadimi idi ki, onu tam və bitkin şəkildə təsvir etmək istənilən yazar uçün, sadəcə, mümkünsüzdür. Bu yazıda da biz Heydər Əliyev haqqında, onun şəxsiyyəti barədə bəzi məqamları, sadəcə, qeyd etməklə yetinməyə məcburuq.
   
   O, birincilik üçün, lider olmaq üçün yaranmışdı. Bu keyfiyyətlər onda fitrətən vardı. Onun liderlik bacarığı, potensialı çalışdığı bütün işlərdə, tutduğu bütün vəzifələrdə özünü bariz şəkildə göstərmişdi. Heydər Əliyev sovet dövlətinin rəhbərliyində yeganə azərbaycanlı, türk olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, üstündən illər ötəndən sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində - sıravi işçidən akademikədək - hər kəs onu ehtiramla anır. Məhz Heydər Əliyevin Kremldə, "Politbüro"da hamıdan üstün, bacarıqlı, işgüzar və istedadlı olması səbəbindən baş katib Mixail Qorbaçov onu 1987-ci ildə istefaya göndərmişdi. Çünki o, Heydər Əliyevlə müqayisədə, onun bacarıq və qabiliyyəti qarşısında zəifliyini görür, bu müstəvidə onunla bir səviyyədə heç vaxt dayana bilməyəcəyini dərk edirdi.
   
   * * *
   Heydər Əliyev orta məktəb illərində teatra maraq göstərmiş, hətta bədii özfəaliyyət dərnəyində Hamleti oynamışdı. Sonra o, aktyorluq sənətinin ardınca getmədi, amma özünün ən böyük tarixi rolunu doğma xalqının, Azərbaycanın həyatında oynadı. O, həyatı boyunca dəfələrlə Şekspirin qəhrəmanının məşhur dilemması ilə üz-üzə dayanmış və hər dəfə bu mübarizədən qalib çıxmışdı. 1993-cü ilin yayında xalq kömək üçün ona üz tutanda Azərbaycan dövlətçiliyi də "olum, ya ölüm" sualı ilə üz-üzə idi. O, tarixi qərarını verdi, ölkəyə rəhbərliyə qayıtdı, sabitlik yaratdı, gənc respublikanı inkişaf yoluna çıxardı, onun dünya birliyində layiqli yer tutması üçün əlindən gələni etdi.
   
   * * *
   Heydər Əliyev ali məktəbdə öncə memarlıq, sonra isə tarixçi təhsili almışdı. Lakin memar peşəsində işləmədi, tarixçi və ya tarix müəllimi də olmadı. Bununla belə, o, siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirdi: müstəqil Azərbaycan dövlətinin memarı oldu, ən yeni tariximizi öz əməlləri ilə yazdı. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsidir. "Müstəqil Azərbaycan dövlətçiliyi Heydər Əliyevin şah əsəridir" - bu, sadəcə, gəlişigözəl söz deyil, Heydər Əliyevin qurduğu dövlətin potensialına bələd olan, bu dövlətlə hesablaşan əcnəbilərin də etirafıdır.
   O, Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə xalqın taleyində tarixi rol oynayıb. Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin izləri var. Təkcə paytaxtda Heydər Əliyev quruculuğunun nümunəsi olan onlarla nəhəng tikili, sənaye müəssisəsi, mədəniyyət, təhsil və səhiyyə ocağı var. Bu gün Bakıda Heydər Əliyevin adını daşıyan möhtəşəm saray da vaxtilə onun rəhbərliyi altında respublikamızda aparılmış tikinti-quruculuq işlərinin bir nişanəsidir. Həmin saray onun iştirakı ilə nə qədər təntənələrin şahidi olmuş, Heydər Əliyev bu sarayda neçə-neçə böyük tədbirlər keçirmiş, nitqlər söyləmiş, nəhayət, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra Azərbaycan Prezidenti kimi burada xalqa və dövlətə sədaqət andı içmişdi. Heydər Əliyev 2003-cü il aprelin 21-də auditoriya qarşısında, Ali Baş Komandanı olduğu hərbçilər qarşısında sonuncu çıxışını da məhz bu sarayda etmişdi. Tale elə gətirdi ki, 2003-cü ilin 15 dekabrında xalq özünün böyük oğlunu məhz bu saraydan son mənzilə yola saldı.
   
   * * *
   Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
   Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi çevriliş cəhdi ilə silkələnəndə Heydər Əliyev xalqa müraciət etdi, onu Azərbaycanın müstəqilliyinin müdafiəsinə çağırdı. Həmin müraciətdən dərhal sonra on minlərlə insan gecə yarısı, soyuq havada Prezident Sarayının qarşısına toplaşdı, ulu öndərə dəstəyini nümayiş etdirdi. 2003-cü ilin 12 dekabrında uzaq Klivlenddən gələn məşum xəbərin səhərisi yenə minlərlə insan həmin ünvana üz tutmuşdu. Bu dəfə onları Prezident Sarayının qarşısına heç kim çağırmamışdı. İnsanları həmin ünvana Heydər Əliyevin adı toplamışdı. Minlərlə insanın Prezident Sarayının qarşısına gül-çiçək dəstələri düzməsi, xatirə şamları yandırması xalqın öz rəhbərinə ehtiramının nümayişi idi. Onun vəfatı Azərbaycan Respublikasının sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızı, dünya azərbaycanlılarını da hüznə bürümüşdü. Çünki o, bütün azərbaycanlıların prezidenti idi. Heydər Əliyev 1993-cü ilin dekabrında prezident vəzifəsində Fransaya etdiyi ilk xarici səfərdən dönəndən sonra jurnalistlərlə söhbətində belə bir faktı təəssüflə qeyd etmişdi ki, xaricdəki azərbaycanlılar mütəşəkkil deyil, Azərbaycan gerçəkləri dünyada yetərincə tanınmır, təbliğ olunmur.
   Məhz buna görə Heydər Əliyev prezidentliyi illərində dünyadakı azərbaycanlıların təşkilatlanması, Azərbaycanın tarixi gerçəklərinin, milli mədəniyyətimizin dünyada geniş yayılması üçün səylərini əsirgəmirdi.
   Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünəlayiq yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, böyük türk dastanı «Kitabi Dədə Qorqud»un 1300 illik yaşı UNESCO səviyyəsində, bütün dünyada qeyd olundu.
   Bütün bunlarla yanaşı, Heydər Əliyevin «azərbaycançılığı» milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz azərbaycançılıq Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir.
   «Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam», - böyük öndərin 2001-ci ildə dünya azərbaycanlılarının qurultayında söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.
   
   * * *
   Yeddinci ildir ki, Azərbaycan Heydər Əliyevin ad gününü onsuz qeyd etməyə hazırlaşır. Heydər Əliyevin yoxluğu tariximizin gələcək mərhələlərində özünü daha həssaslıqla göstərəcək. Onun barəsində hələ çox müzakirələr gedəcək. Lakin bir şey şəksizdir ki, onun liderlik fəaliyyəti və bacarığı artıq Azərbaycan gerçəkliyində böyük örnək, nümunə sayıla biləcək faktora çevrilib. Bundan sonra hələ uzun illər Azərbaycana rəhbərlik edəcək şəxslər Heydər Əliyev dühasından bəhrələnəcəklər.
   Xalq Heydər Əliyevə bir dövlət adamı, böyük vətənpərvər və dahi azərbaycanlı kimi yüksək qiymətini verib. Bu gün o, həyatda olmasa da, onun banisi olduğu dövlətçilik xətti yaşayır. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, uzaqgörənliyi onun memarı olduğu Azərbaycan dövlətinin inkişaf və yüksəlişində ən bariz şəkildə öz təsdiqini tapır.
   Zənnimcə, bu fikirlə də hər kəs razılaşar ki, tarix Heydər Əliyevə ən böyük qiymətini hələ bundan sonra verəcək. «Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcək» - Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın 2003-cü il dekabrın 15-də Bakıda, böyük liderin dəfnində söylədiyi bu sözlər gerçəkdən çox anlamlı və düşündürücüdür. Heydər Əliyevin tariximizdəki yeri müstəsna və danılmazdır. Onun Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərinin miqyasını, dəyər və əhəmiyyətini isə zaman ötdükcə daha aydın hiss edirik.
   
   Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar