Hər kəsin həyatında əlamətdar hadisələr çox olur. Mənim də həyatımda bir əlamətdar hadisə çox qiymətli və unudulmazdır. 1979-cu ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi, dünya şöhrətli siyasətçi, xalqın böyük sevgisini qazanmış Heydər Əliyevlə görüşümüzü hec vaxt unutmaram.
  
 
    M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Lənkəran rayonuna təyinatımı aldım və Lənkəran şəhərində yeni inşa olunmuş Ziyalılar evində bədii rəhbər vəzifəsinə təyin olundum.
   Həmin illərdə Lənkəran rayonu respublikanın mədəniyyət mərkəzlərindən biri idi. Hörmət əlaməti olaraq Lənkəranı «Cənub mirvarisi» adlandırırdılar.
   Lənkəran gözümüzün qarşısında böyüyürdü, burada həyat da gənc insanın qanı kimi qaynayırdı. İnkişaf səviyyəsinə görə Lənkəran Azərbaycanda birinci yerə çıxmışdı. Rayon hər ilin nəticəsinə görə ümumittifaq və respublikanın keçici bayraqlarını alırdı.
   Burada əməksevər, qonaqpərvər, adət-ənənələrini qoruyub saxlayan insanlar yaşayırdı. Onların yüksək səviyyədə istirahətə haqları var idi. Əhalinin istirahətinin və asudə vaxtının təşkili məsələsi mədəniyyət işçilərinin birinci və əsas vəzifələrindən biri idi.
   O vaxtlar şəhər partiya komitəsinin birinci katibi İsa Məmmədov bir sıra mədəni-kütləvi tədbirlərin ilk təşəbbüsçüsü idi. İsa Məmmədovun təşəbbüsü ilə Lənkəran Azərbaycanda məhsul bayramı keçirən ilk rayon olmuşdu. Məhsul bayramı kənd əməkçilərinin zəhmətinə, onun nəticəsinə verilən qiymət idi.
   8 dekabr 1979-cu il. Həmin gün Lənkəranda keçirilən ənənəvi məhsul bayramı xoş xatirələrlə yaddaşımdadır. Qış yaxınlaşsa da, hava günəşli idi. Bu gün başqa günlərdən fərqlənirdi. Şəhər başdan-başa bəzənmişdi. Rəngbərəng bayraqlar, şüar və plakatlar, insanların sevinc dolu baxışları şəhərin bayram əhval-ruhiyyəsini aydın göstərirdi.
   Məhsul bayramının ən əziz, ən möhtərəm qonaqları arasında Azərbaycanın KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin olması Lənkəran əməkçilərinin sevincini daha da artırmışdı. Tədbirə respublikanın bütün şəhər və rayonlarının birinci katibləri dəvət olunmuşdular.
   Bayram günü Lənkəran şəhərinin mərkəzində məişət evinin açılışı oldu. Tədbirdə iştirak edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onun kollektivinə əmək müvəffəqiyyətləri, əhaliyə xidmətin səviyyəsini və keyfiyyətini hər vasitə ilə yüksəltməyi, özlərinin ustalığını təkmilləşdirməyi arzuladı.
   Heydər Əliyev gənc fəhlə ailələrinin nikah mərasimində də iştirak etdi. Cavanları ürəkdən təbrik edərək, onlara xoşbəxt və mehriban yaşamağı arzuladı.
   Heydər Əliyev gəncləri sevən, onlara arxalanan siyasətçi idi. O, daima gənclərlə görüşməyə, onların problem və qayğılarını öyrənib kömək etməyə hazır idi.
   Heydər Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində olarkən buradakı eksponatlara baxdı, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
   Həmin gün yüzlərlə lənkəranlı Ziyalılar evinə - doqquzuncu məhsul bayramına həsr olunmuş təntənəli gecəyə gəlmişdi.
   Şəhər meydanında mənə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevi gül dəstəsi ilə qarşılamaq və təbrik sözləri ilə ona müraciət etmək imkanı yaradıldı. Çox həyəcanlı idim. Heydər Əliyevlə üzbəüz dayanaraq Ziyalılar evinin kollektivi, rayonun mədəniyyət işçiləri adından ona «Xoş gəlmisiniz» söylədim və məhsul bayramında imkan tapıb iştirak etdiyi üçün öz təşəkkürümü bildirdim. Eyni zamanda Heydər Əliyevi 1979-cu ilin avqust ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni və «Oraq və çəkic» qızıl medalı ilə təltif olunması, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik etdim, cansağlığı və uğurlar dilədim.
   Heydər Əliyev məni diqqətlə dinləyib əlimi sıxdı və təşəkkürünü bildirdi. Ölkə rəhbərinin xoş sözləri ilə qarşılaşdım. Bu, mənə göstərilən böyük etimad idi. Respublikanın birinci şəxsi, dünya şöhrətli siyasətçi Heydər Əliyev qarşısında çıxış etməyin məsuliyyətini yaxşı dərk edirdim.
   İllər keçsə də, həmin unudulmaz dəqiqələri tez-tez xatırlayıram. Türk dünyasının qüdrətli şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin əziz və unudulmaz xatirəsi illər, qərinələr, əsrlər keçsə də, qəlbimizdə, ürəyimizdə, xatirələrimizdə yaşayacaqdır. Müasir Azərbaycanın qurucusu, yaradıcısı olan Heydər Əliyevin xalqına, vətəninə göstərdiyi xidmətlər misilsizdir.
   Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu sübut edir. Möhtərəm prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış dövlət proqramlarının icrası bütün sahələrdə misilsiz bir canlanma, işgüzarlıq ovqatı yaratmışdır. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır.
   
   Tahirə Əliyeva,
   Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının məsul katibi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar