Şuşanın işğalından 18 il ötür... Şuşalılar düz 18 ildir ki, bu ayrılığa alışa bilmirlər. 18 ildir Şuşasız qalan bu insanlar ayrılıqdan doğan həsrətlərini göz yaşlarına büküb qəlblərinə axıdırlar. Şuşa onlar üçün yalnız gözəl, bolluğunu, bərəkətini insanlardan əsirgəməyən diyar deyildi. Şuşa başdan-başa sevgi idi şuşalılar üçün. Ulu Yaradan dağların əzəmətlisini, torpağın bərəkətlisini, suların durusunu, havanın safını vermişdi bu yurda. Musiqi, muğam, poeziya, folklor beşiyi idi Şuşa...
   18 ildir ki, Şuşanın işğal gününü qeyd edirik. Nə acılar ki, qubarlı günlər bir-birinə bağlanıb elə hey uzanır... Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün, Zülfünün, Xan əminin, Cabbarın, Seyidin ruhu insanlardan imdad diləyir...
 
   
   Köçkünlükdə yaşayan mədəniyyət müəssisələri
  
 
   Şuşa işğal olunandan sonra rayonun bir sıra mədəniyyət müəssisələri - mərkəzləşdirilmiş kitabxana sistemi, muzey, rəsm qalereyası və uşaq musiqi məktəbləri Bakıda fəaliyyət göstərir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov qeyd edir ki, şuşalılar rayonun mədəniyyət həyatını qismən də olsa Bakıda yaşada bildiklərinə görə təsəlli tapırlar.
   Şuşa Rəsm Qalereyasında rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş olunur.
   Qalereyanın fondunda olan materialların sayı 500-ü keçib: «Demək olar ki, Şuşanın elə bir məhəlləsi və tarixi yeri yoxdur ki, onun haqqında ətraflı məlumat toplanmasın”.
   Z.Abbasov bildirdi ki, Şuşa şəhərinin işğalı zamanı 200-dən artıq xalça və xalça məmulatı xilas edilərək Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça Muzeyində saxlanılır və sərgidə nümayiş etdirilir.
   Rayon mədəniyyət və turizm şöbəsi Milli Kitabxana, Xalça Muzeyi, S.Bəhlulzadə adına sərgi salonu və Ü.Hacıbəylinin ev muzeyi ilə əməkdaşlıq edərək birgə tədbirlər və sərgilər təşkil edir. Musiqi və şəbəkə ustaları da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən müsabiqə və əl işlərindən ibarət sərgilərdə iştirak edirlər. Şuşanın Bakıda fəaliyyət göstərən 7 musiqi, bir incəsənət məktəbində il ərzində müxtəlif tədbirlər keçirilir.
   Hər il rayonun musiqi məktəblərinin şagirdləri arasında Süleyman Ələsgərov və Vasif Adıgözəlovun əsərlərindən ibarət vətənpərvərlik mövzusunda müsabiqələr təşkil olunur. Musiqi məktəblərinin şagirdləri Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi musiqi müsabiqələrində fəal iştirak edir və fərqləndirici nəticələrə nail olurlar. Mədəniyyət evinin «Muğam» xalq çalğı alətləri ansamblı vaxtaşırı hərbi hissələrdə, islah əmək müəssisələrində, kimsəsiz uşaq evlərində konsert proqramları ilə çıxış edirlər. Z.Abbasovun bildirdiyinə görə, onun ssenarisi əsasında “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi ilə birlikdə “Azərbaycanfilm” kinostudiyasında «Heç vaxt yaddan çıxmayacaq Şuşa» adlı film istehsal olunub. Filmin Şuşanın işğalı günü ilə bağlı Milli Kitabxanada düzənlənəcək mərasimdə ilk nümayişinin keçirilməsi nəzərdə tutulub.
   Z.Abbasov bu il Şuşanın 260 illik yubileyi münasibətilə silsilə tədbirlərin də nəzərdə tutulduğunu bildirdi.
   
   Şuşa həsrətli tamaşalar
   
   Bakıda Şuşanın adını yaşadan bir mədəniyyət ocağı da var - Şuşa Dövlət Musiqili Dram Teatrı. Bu gün teatrın səhnəsində "Şuşa dağlarını duman bürüyüb", "Güllələnmiş heykəllərin fəryadı" və başqa Şuşa həsrətli, Qarabağ agrılı tamaşalar oynanılır. Teatrın kollektivi həmçinin müxtəlif tədbirlərdə, mərasimlərdə iştirak edir.
   “O gündən bu günə qədər sözümüzün əvvəli də, axırı da Şuşadır” deyə, teatrın aktyoru Teymur Məmmədov bildirir: «Bizim üçün dünyada ən böyük şəhər Şuşa, ən böyük teatr da elə Şuşa Teatrıdır. Bu teatrda kollektivin çalışması doğrudan da fədakarlıqdır. Şuşasız Azərbaycan yoxdur. Şuşa bizim mənəviyyatımız, ədəbiyyatımız, musiqimizdir”.
   1993-cü ildə Bakıya pənah gətirən Şuşa Teatrı əvvəlcə Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşsa da, sonra kollektivə “Savalan” kinoteatrının binası verilib.
   T.Məmmədov deyir ki, teatrın kollektivi Vətən həsrətindən, yurd itkisindən nə qədər qolu-qanadı qırılmış vəziyyətdə işləsə də tamaşaçılara Şuşa adına layiq tamaşalar təqdim etməyə çalışır: “Fəaliyyətimizi bu yöndə davam etdiririk. Nə vaxtsa torpaqlarımıza qayıdacağımız günü gözləyirik. Arzu etdiyimiz həyatı, Allahın bizə verdiyi ömrün davamını doğma Şuşamızda yaşamaq istəyirik!”
   Şuşa Dövlət Musiqili Dram Teatrı bu günlərdə respublikamızın şimal bölgəsinə səfərdən qayıdıb. Kollektiv Quba, Xaçmaz və Qusar rayonlarında tamaşaçılara Elnurə Abdullayevanın Qarabağda baş verən faciəli hadisələrdən bəhs edən “Ağ qayıq” tamaşasını təqdim edib.
   Teatrın direktoru Yadıgar Muradov qastrol səfərinin Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi, Şuşa Dövlət Musiqili Dram Teatrı və “Azərsun-Holdinq”in “Bura Vətəndir” aksiyası çərçivəsində həyata keçirildiyini bildirdi.
   Yeri gəlmişkən, mayin 5-də ölkə başçısının sərəncamı ilə Prezident mükafatlarına layiq görülən sənət adamları arasında Şuşa Teatrının direktoru Yadıgar Muradov da var. Y.Muradov bizimlə söhbətində bu təltifdən fərəh duyduğunu vurğuladı: “20 ildir ki, Şuşa Teatrının direktoruyam. Prezident mükafatına layiq görülməyimi əməyimə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Teatrımızın kollektivinə həmişə dövlət tərəfindən diqqət və qaygı göstərilir”.
   Y.Məmmədovun sözlərinə görə, ötən illərdə bu yüksək mükafata teatrın aktyorlarından Azad Məmmədov və Əməkdar artist Şükufə Musayeva layiq görülüblər.
   Şuşa Teatrının kollektivinin ən böyük arzusu Şuşanın azadlığına həsr olunan tamaşalarını oynamaqdır. Özü də Şuşada, Cıdır düzündə...
   
   Təranə Sərdarqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar