1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda o, həkim işləyirdi. Yenicə ailə qurmuşdu, kiçik yaşlı körpəsi vardı. Buna baxmayaraq, bir neçə dəfə könüllü olaraq cəbhəyə getmək, döyüş bölgələrində şəfqət bacısı kimi çalışmaq istəmişdi. Lakin onun istəyi yerinə yetməmişdi. 94 yaşlı Humay Dadaşova həmin günləri belə xatırlayır:
   

   - Müharibə başlayanda Bakıdakı 1 nömrəli poliklinikada terapevt həkim işləyirdim, 23 yaşım vardı. Hər gün cəbhədən ağır xəbərlər gəlirdi, xəstəxanalarda çoxlu yaralılar vardı. Səhra cərrahiyyəsini, qanköçürməni öyrənmək üçün kurslar keçmişdim. Cəbhəyə getmək istəyirdim. Amma qucağımda körpəmin olması bu arzumun həyata keçməsinə imkan vermədi. Üstəlik, mənim bu istəyimdən həmin vaxt Neftçalada, Daxili İşlər Xalq Komissarlığının rayon şöbəsində işləyən həyat yoldaşım da xəbər tutmuşdu. O gəlib məni körpəmlə birlikdə rayona apardı.
   Həkimlik fəaliyyətini rayonda davam etdirən Humay xanım az sonra səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Bir qədər sonra həyat yoldaşını Sumqayıta işləməyə göndərirlər, o da iş yerini dəyişməli olur.
   «Onda Sumqayıt ancaq baraklardan ibarət idi, evlər tikilməmişdi. 420-ci polk da orada hazır vəziyyətdə dayanmışdı. Zarafat deyildi, almanlar Şimali Qafqaza gəlib çıxmışdılar. Boru-prokat zavodunda kiçik xəstəxanamız da vardı. Mən həm də hərbi komissarlıqda tibb komissiyasının sədri idim. Çətin illər idi. Gecə-gündüz işləyirdik, hamı qələbəyə öz töhfəsini verməyə çalışır, əlindən gələni əsirgəmirdi», - deyə Humay xanım xatirələrini çözələyir.
   1945-ci ildə müharibə başa çatır. Humay Dadaşova Sumqayıtda işləməyə davam edir, 1948-ci ildə Şəhər Xalq Deputatları Sovetinə deputat seçilir.
   Sonralar H.Dadaşova Bakıda müxtəlif məsul işlərdə çalışır. Son iş yeri Dövlət Təhlükəsizlik Komitəsinin poliklinikası olur. Burada həkim-terapevt kimi düz 36 il çalışıb, əməkdar həkim fəxri adına layiq görülüb, “Səhiyyə əlaçısı”, “Qafqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibəsində əmək uğurlarına görə”, Qələbənin 30, 40, 50, 60 illiyinə medalları ilə təltif olunub.
   Humay xanım həm müharibə, həm də əmək veteranıdır. Vətəninə layiqli üç övlad böyüdüb. İndi onların qayğısı ilə əhatə olunan ağbirçək ana bizimlə söhbət zamanı müharibə veteranlarına göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi: «Bu gün bizim torpaqlarımız işğal altındadır. “Hücum!” əmri verilərsə, mən də bu yaşımda ərazilərimizin bütövlüyü uğrunda mübarizəyə hazıram».
   Biz isə Humay anaya möhkəm cansağlığı və hamımızın gözlədiyi Qələbəni görməyi arzulayırıq. Yaşa, Humay ana!
   
   İradə Əsədova