Şair, publisist, ictimai xadim Əliqulu Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 1880-ci il may ayının 24-də Naxçıvanda doğulub. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçı, sonralar isə Culfa gömrükxanasında komissionçu işləyib. Ana babası Məşədi Əsəd “Məddah” təxəllüsü ilə şeirlər yazıb, əmisi “Fani” təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın tanınmış şairlərindən olub.
Qəmküsar 8 yaşından molla məktəbində ərəb və fars dillərini öyrənib. Hələ məktəbdə ikən şeir yazmağa başlayıb. 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olub. 1896-cı ildə xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.
Bir müddət Təbriz və Xorasanda, sonra isə 1913-ci ilədək Naxçıvanda, Culfada yaşayır. “Molla Nəsrəddin” dərgisinə və Bakıda dərc olunan qəzet və jurnallara şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir.
1912-ci ilin oktyabrında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalının dərc olunmasında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır.
Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. “Ölülər” komediyasını əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərdə oynayırlar. Qəmküsar “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynayır.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda çıxış etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, "Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilib. 1917-ci ilin axırında Tiflisdə çıxan “Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirib.
Ə.Qəmküsar 1919-cu il martın 14-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülüb və Tiflisdə dəfn edilib.