Azərbaycan xalqının tarixində də dərin izlər qoymuş Böyük Vətən müharibəsinin başlanmasından 69 il ötür. 1941-ci ilin 22 iyununda başlayan və 4 il sürən dəhşətli müharibədə Azərbaycandan cəbhəyə 600 minədək insan getmiş, onların yarısı geri dönməmişdir.
   
   Şəkildə gördüyünüz bu gənc də həmin müharibədən qayıtmayıb - Hidayət Mehdiyev. Harada dəfn olunduğu naməlumdur. Nənəm əmisi oğlu Hidayətin yolunu uzun illər səbirsizliklə gözləyirdi. Bu fotoşəkli də canamazının içində saxlayar, namaz üstündə ona da dua edərdi: «Ya rəbbim, Hidayətin uzaq yolunu yaxın elə. Sən özün bizi nigarançılıqdan qurtar». Hidayətin sorağını bütün qohum-əqrəbadan soruşardı. Digər əmisi oğlu, akademik Şəfayət Mehdiyevə üz tutardı: «Ay Şəfayət, sənin qulluğun daha böyükdü, əlin yuxarılara çatır. Deyirəm, o yanlara gedəndə lap böyüklərini tap, ondan xəbər al bu tifil Hidayəti. Belə olmaz axı, gör müharibədən neçə illər keçir...».
   Şəfayət müəllim onu arxayın etsə də, söhbətin mövzusunu tez dəyişirdi.
   Nənəm Hidayət barədə çox söhbət edərdi, amma heç vaxt dilinə “ölüm” kəlməsi gəlməzdi. Çünki onun ölümünə inanmaq istəmirdi. Yerini bilsəydi, nənəm onun dalıyca lap dünyanın o başına gedərdi.
   Bütün bü söhbətləri mən nənəmin yanında oyuncaqlarımla oynayanda eşidirdim. Və özlüyümdə Hidayəti nənəmgildən ayıran Hitlerə çox qəzəblənirdim.
   Bəlkə də nənəmin əmisi oğlanları Hidayətin “qara kağızı”nı almışdılar. Lakin nənəmin qəlbini qırmamaq üçün bunu ona deməmişdilər.
   İndi nənəmin dünyasını dəyişdiyi vaxtdan 45 il ötür. Onun illərlə əzizləyib saxladığı fotoşəkil indi məndədir. 1941-1945-ci illər müharibəsindən qayıtmayan neçə-neçə oğulların belə fotoşəkilləri var ailə albomlarında. Hərçənd Qarabağ müharibəsində verdiyimiz itkilər, bu müharibənin ağrı-acısı o müharibənin acısını çoxdan üstələyib. Amma xatirələr yaşayır. Həzin, kövrək xatirələr...
   
   İradə Əsədova