Milli teatr sənətimizin qüdrətli simalarından biri Gürcüstan SSR-in Xalq artisti İbrahim İsfahanlıdır (1897-1967). O, teatr tariximizdə görkəmli aktyor və rejissor, eyni zamanda, teatr təşkilatçısı kimi özünəməxsus yer tutur. Sənətkarın «M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Musiqili Dram Teatrının tarixi» adlı xatirələri isə onu həm də teatr tarixçisi kimi yaşadır.
   
   «Xatirələr»in əlyazması Gürcüstan Dövlət Teatr, Musiqi və Kino Muzeyində saxlanılır. Bu əsər milli teatr tariximizin inkişafı, ayrı-ayrı tamaşalar, rejissor və aktyorlarla bağlı tədqiqatların aparılması baxımından çox qiymətli məxəzlərdən biridir. «Xatirələr»dən parçalar ilk əvvəllər Azərbaycan mətbuatında, habelə «Gürcüstan» qəzetində çap olunub, daha sonra «İbrahim İsfahanlı» kitabının (Tbilisi, 1997) müəllifi, professor Şurəddin Məmmədli xatirələrin əsas hissələrini həmin kitaba daxil edib.
   İbrahim İsfahanlı (Hüseynzadə) 1897-ci ildə Tiflisdə anadan olub. Uşaqlıq illərindən başlayaraq Tiflisin Şeytanbazar məhəlləsindəki çayxanalarda çalıb-oxuyan və dastan danışan aşıqlar, Türkiyədən gəlmiş Yaqub Şükri əfəndiyə məxsus çayxanada məşhur türk «Qaragöz oyunu»nu nümayiş etdirən Bəkir əfəndi, habelə cümə günləri Qarpız meydanında qoç «buynuzlaşdırılması» və xoruz döyüşdürülməsi, digər xalq oyun və tamaşaları ona ciddi təsir göstərmiş, teatr sənətinə meylinin ilk cizgilərini yaratmışdı.
   Sonralar isə o, yerli həvəskarların hazırladığı tamaşalarda əvvəlcə tamaşaçı, daha sonra aktyor kimi iştirak edib.
   1908-ci ildə Tiflisdə baş vermiş bir hadisə onun həyatında silinməz izlər qoyub, bəlkə də səhnəyə həmişəlik bağlanmasına səbəb olub. İbrahim İsfahanlı həmin dövrü sonradan belə xatırlayıb: «Küçələrə vurulmuş bər-bəzəkli afişalar 1908-ci ildə tiflisliləri Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd Şah Qacar» faciəsinin tamaşasına çağırırdı. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli oynayacaqdı. Tiflisə qastrola gələn hər iki sənətkarın adı afişada iri hərflərlə yazılmışdı».
   Həmin tamaşanı Hüseyn Ərəblinski özü hazırlamışdı. O vaxtlar Tiflisdə olan Ə.Haqverdiyev ona kömək etmişdi. Əsərdəki digər rolları Tiflis teatrının aktyorları oynayıblar. Böyük uğurla keçən tamaşanı o vaxtlar Tiflisdə yaşayan ziyalılar - C.Məmmədquluzadə, M.A.Şaxtaxtlı, E.Sultanov, habelə gürcü ziyalıları da izləmiş, H.Ərəblinskini təbrik etmişdilər.
   İbrahim İsfahanlının xatirələrindən: «Ərəblinskinin o gecəki vüqarı, boy-buxunu, hələ də gözlərim önündədir - «bəli, bu belədir, belə də gərək olsun»- sözləri qulağımdan getməyib».
   İbrahim İsfahanlı ilk dəfə səhnəyə qadın rolunda çıxıb. Tiflis Azərbaycan Teatrının yaradıcılarından biri, Xalq artisti Mustafa Mərdanov özünün «Xatirələrim» kitabında yazıb: «Azərbaycan dilinə təbdil və tərcümə olunmuş «Xor-xor» vodevili əlimə keçdi. Burada məni, xüsusən əsgər Seyfullanın rolu çox maraqlandırdı. Fikrimi yaxın dostlarımdan Nadir İbrahimov və İbrahim İsfahanlıya bildirmək üçün onları evimizə dəvət etdim. Əsəri bir yerdə oxuduq və bəyəndik».
   Dostlar bu əsər əsasında tamaşa hazırlamağı qərara alırlar və müəyyən tərəddüddən sonra İbrahim İsfahanlı zabitin arvadı rolunu oynamağa razılıq verir. Tamaşa uğurla keçir, eyni zamanda Mustafa Mərdanov, Nadir İbrahimov və İbrahim İsfahanlı səhnədə ilk addımlarını atır və öz talelərini həmişəlik teatra bağlayırlar. Bu hadisə 1909-cu ildə baş vermişdi.
   İbrahim İsfahanlı 1910-cu ildən isə Hüseyn Ərəblinski ilə eyni tamaşalarda çıxış edib. O, Hüseyn Ərəblinskinin hazırladığı və özünün də iştirak etdiyi «Dəmirçi Gavə» tamaşasında Rüstəm, «Şamdan bəy» tamaşasında Rza bəy obrazlarını yaradıb. Əlbəttə, bütün bunlar İbrahim İsfahanlının bir səhnə xadimi kimi yetişməsində mühüm rol oynayıb. Aktyor özü bu barədə belə yazıb: «Bu böyük sənətkarın mənə qarşı qayğısına məftun olub, iftixarla deyə bilərəm ki, mən də Hüseyn Ərəblinskinin şagirdlərindən biriyəm».
   İbrahim İsfahanlı eyni zamanda Mirzağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Mustafa Mərdanov, Möhsün Sənani, Əşrəf Yüzbaşov, Mirzəli Abbasov kimi sənətkarlarla bir səhnədə çıxış edib, Təbriz, İstanbul, Qars, Gəncə, Batum şəhərlərində qastrol səfərlərində olub.
   İbrahim İsfahanlının Tiflis Teatrının dövlət teatrı statusu almasında, yəni M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yaradılmasında mühüm xidmətləri var. O, teatrın aparıcı aktyorlarından biri olmaqla yanaşı, rejissoru, daha sonra baş rejissoru olmuş, həm aktyor, həm də rejissor kimi tamaşaçılara bol-bol teatr sevinci bəxş edib. 1932-ci ildə Gürcüstanın Xalq artisti fəxri adına layiq görülüb.
   İbrahim İsfahanlı bu teatrda onlarla əsərə quruluş verib, fəaliyyəti dövründə səhnədə 300-dək obraz canlandırıb. Onun yaratdığı Şeyx Sənan («Şeyx Sənan»), İsgəndər («Ölülər»), Elxan («Od gəlini»), Aydın («Aydın»), Vaqif və Qacar («Vaqif»), Nəbi («Qaçaq Nəbi»), Otello («Otello»), Hamlet («Hamlet») obrazları şahidlərin hafizəsində bu gün də yaşayır.
   İbrahim İsfahanlının «Azərbaycanfilm»in istehsal etdiyi «Böyük dayaq» filmində yaratdığı Yarməmməd obrazı xüsusi koloriti ilə diqqət çəkir.
   Sənətkar 1947-ci ildə Tiflis Azərbaycan Teatrı bağlandıqdan sonra da öz sevimli peşəsindən ayrılmayıb, Qazax və Zaqatala teatrlarına rəhbərlik edib, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında həvəskar aktyorların iştirakı ilə tamaşalar hazırlayıb.
   Görkəmli sənətkar 1967-ci ilin oktyabr ayında dünyasını dəyişib.
   1997-ci ildə Gürcüstan Mədəniyyət Nazirliyinin qərarı ilə onun 100 illik yubileyi respublika miqyasında qeyd edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı evə xatirə lövhəsi vurulub, Tbilisi şəhərindəki küçələrdən birinə İbrahim İsfahanlının adı verilib.
   
   Adilxan Bayramov,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar