İyunun 21-i Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri, Əməkdar incəsənət xadimi, professor Leyla Axundzadənin doğum günü idi. Yaşasaydı, həmin gün həmkarları, dostları, yaxınları ilə 57 yaşını qeyd edəcəkdi. Lakin amansız əcəl onu həyatdan tez apardı, Leyla xanım 2010-cu ilin fevralında faciəli şəkildə dünyasını dəyişdi. Onun əziz xatirəsi həmkarlarının, vaxtilə birgə çalışdıqları sənət xadimlərinin yaddaşında yaşamaqdadır. Onunla uzun müddət bir yerdə çalışmış görkəmli heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Leyla xanım haqqında xatirələrini bizimlə bölüşdü:
- Leyla Axundzadə Dövlət Rəssamlıq Akademiyasında İncəsənət tarixinin nəzəriyyəsi kafedrasında çalışdığı ilk gündən işə can yandırması, mehribanlığı, bacarıqlı pedaqoq kimi fəaliyyəti ilə diqqəti cəlb edirdi. Leyla xanım gözəl pedaqoq və sənətşünas idi. Elə bil insandakı bütün gözəl xüsusiyyətlər onda cəmlənmişdi. Zəngin biliyə, müasir dünyagörüşünə malik idi. Təsəvvür edirsiniz, o qədər fəal və dinamik idi ki, onu təkcə pedaqoji fəaliyyət qane etmirdi. Tez-tez xaricdə müxtəlif sərgilər təşkil edir, biennalelərdə çıxış edirdi. Bakıda ilk dəfə “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin keçirilməsi onun fəal təşkilatçılığı sayəsində baş tutmuşdu. Bir sözlə, onun fəaliyyəti bütövlükdə incəsənət sahəsində, o cümlədən Rəssamlıq Akademiyasında xoş xatirələrlə yad ediləcək dərin izlər qoyub.
L. Axundzadə 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyində çalışırdı, Təsviri və dekorativ sənət sektorunun müdiri idi. Leyla xanım pedaqoji fəaliyyətini də dayandırmamışdı. Rəssamlıq Akademiyasında çalışmaqda davam edirdi. Çünki müəllim kimi çalışmaq, gənc sənətşünaslar yetişdirmək, bilik və bacarığını onlara öyrətmək bu insana xoş idi.
Leyla xanım dostluqda möhkəm idi. Baxmayaraq ki, o, Mədəniyyət və Turizm Nazirliyində məsul vəzifəyə təyin olunmuşdu və bu səbəbədən Rəssamlıq Akademiyasında əvvəlkindən az olurdu, amma bizim dostluq əlaqələrimiz davam edirdi. Tanıdığım və ünsiyyətdə olduğum illər ərzində Leyla xanımda bəyəndiyim ən gözəl xarakter onun bir insan kimi özünə əmin olması idi. Bilirsiniz, həyata olduqca nikbin baxan, hər bir işdə inadkarlıq nümayiş etdirən bu insandakı möhkəm xarakter hər kəsdə olmur. Leyla xanımı digərlərindən fərqləndirən onun bu xüsusiyyətləri idi. İşlərinin çox olmasına baxmayaraq həm də ailəcanlı idi. O, ailəsinə, övladına qarşı da çox qayğıkeş idi. Belə gözəl xüsusiyyətlərə malik bir insanı itirmək əlbəttə ki, çox ağırdır.