Onun bənzərsiz səsi sərhədləri yararaq, dünyanın müxtəlif qitələrindən pərvazlanaraq Azərbaycan qədər yüksəkliyə ucalıb. Qarabağın füsunkar təbiətindən qidalanan o məlahətli və əvəzolunmaz səs həmişə insanlara həqiqəti aşılayıb. Ölməz söz sərrafı Səməd Vurğun bu sənət həqiqətini belə ifadə edib:
   
   Eşit həqiqətin incə səsini,
   Bülbülün “Qarabağ şikəstəsi”ni.

   
   Bülbül Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkardır. Onun yaradıcılığı çoxşaxəli idi. Amma yaradıcılığının bütün cəhətlərini birləşdirən onun bənzərsiz səsi idi. Sanki bütün bu məziyyətlər o qüdrətli səsdə cəm olmuşdu. O səs pərvazlanaraq nəsillərin qəlbinə yol tapıb. Sözsüz ki, böyük sənətin yolları heç vaxt hamar olmur. Ölməz Bülbül də kəşməkəşli həyat yolu keçib. Bu yerdə sənətkar ömrünün bəzi məqamlarına nəzər salaq.
   Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ilin iyunun 22-də Şuşa şəhərində doğulub. Hələ uşaq ikən ustad sənətkarlardan Keçəçioğlu Məhəmmədin, Segah İslamın, Cabbar Qaryağdıoğlunun səsinə valeh olub. O da Qırxqız yaylağında, Cıdır düzündə öz səsini Topxana meşəsinin bülbüllərinin səsinə qoşaraq ustad xanəndələr kimi oxumağa çalışıb.
   Onun incə bir məharətlə sarı bülbülləri təqlid etməsini görən şəhər əhli balaca Murtuzaya Bülbül adı verib.
   13 yaşında ikən sənət yolunda ilk uğurunu qazanır. Şuşanın Çuxurməhəlləsində toya dəvət olunan Məşədi Cəmil Əmirov qonşusu 13 yaşlı Murtuzanı (Bülbülü) özü ilə aparır. Burada onun müşayiəti ilə Bülbül “Mahur” muğamını oxuyur. Dinləyicilər bu məlahətli səsi alqışlayır və ona “Qarabağ şikəstəsi” də oxutdururlar. Beləcə, bu uğur Bülbülü sənətin çətin yollarını əzmlə keçməyə sövq edir.
   Sonra bir müddət Gəncədə yaşayır. Orada bir sıra görkəmli ifaçılarla tanış olur. Gəncə toylarının birində onun səsini eşidən Cabbar Qaryağdıoğlu bu səsə heyran olur və Bülbülün Bakıya gəlməsini tövsiyə edir. Şəhərin qaynar həyatına alışmaqdan ehtiyat edən gənc xanəndə hələ ki Gəncədə qalır. Bir az da püxtələşir. Dostu Məşədi Cəmilin yazdığı opera və operettalarda çıxışlar edir. Nəhayət, 1915- ci ildə o, Tiflisə dəvət alır, orada fəaliyyət göstərərək Zaqafqaziyada məşhurlaşır.
   Sonra sənət yolunda daha irəlilərə addımlamaq arzusu onu Bakıya, konservatoriyaya gətirir. 1921-1927-ci illərdə burada təhsil alır. 1927-1931-ci illər isə onun sənətinin ən kamil dövrü - İtaliya dövrüdür. Beləcə çətin sədləri keçərək yüksək sənətkarlıq zirvəsinə yüksələn bizim Bülbül dünyanın Bülbülünə çevrilir.
   Belə ölməz sənətkarlarımızdan söhbət açanda düşünürsən ki, nə yaxşı yadigar mənbələr, tarixi sənədlər, qiymətli lent yazıları var, sənətkarları anmaqda bələdçi olurlar.
   Ölməz Bülbülün ömür-gün yoldaşı Adilə xanımın xatirələrindən:
   “23 il biz bir yerdə yaşamışıq. Onun üçün ailəsi də sənəti qədər əziz idi. Elə sənətkarlar var ki, sənəti ailədən üstün tutur. Amma Bülbül hər ikisinə eyni məhəbbət bəsləyirdi. Çox dəqiq və ciddi insan idi. Bu cəhətləri o, övladlarına da aşılayardı. Həmişə onlara deyərdi ki, hansı sənəti seçsəniz onu sevin və o sənətə ciddi, hərtərəfli yanaşın. Bülbül yalnız ailəsinə, övladlarına deyil, bütün insanlara qarşı çox qayğıkeş idi. Xüsusən tələbələrindən diqqətini ayırmazdı. Onlara maddi köməklik edər, problemləri ilə məşğul olardı. Hər həftənin bazar günü uşaq evlərinə gedər, körpələrə çoxlu hədiyyələr aparardı. Ona təyin olunmuş “Stalin” təqaüdünü Bülbül uşaq evlərinə verərdi. Mən çox xoşbəxt bir qadınam ki, belə bir insanla ömür sürmüşəm. Özüm də ondan əsl həyat dərsi almışam”.
   Qeyd etdik ki, Bülbülün yaradıcılığı çoxşaxəlidir. Onu alim, tədqiqatçı, pedaqoq, ictimai xadim kimi şərh etsək, bunların hər biri ayrı-ayrılıqda geniş söhbətin mövzusudur. Məsələn, onun tədqiqatçılıq fəaliyyətindən danışaraq deməliyik ki, 1930-cu illərdə məhz Bülbülün rəhbərliyi ilə Dövlət Konservatoriyasında xalq musiqi kabineti yaradılmışdı. Buraya cəlb olunan gənc bəstəkarlar və musiqi nəzəriyyəçiləri ilk dəfə ekspedisiyalara gedərək, folklor nümunələri toplayıb həmin kabinetə təqdim ediblər və onların əsasında milli ruhda professional musiqi əsərləri yazılıb. Bu ekspedisiyalarda görkəmli bəstəkar və musiqişünaslar iştirak ediblər. Onlardan Asəf Zeynallı, Tofiq Quliyev, Qara Qarayev, Məmmədsaleh İsmayılov, Zakir Bağırov və başqalarının adını çəkə bilərik.
   Bu yerdə unudulmaz bəstəkar Qara Qarayevin fikirlərinə nəzər salaq: “Elmi-tədqiqat kabinəsinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb, onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış “Könül mahnısı” kantatamın əsasını təşkil etdi. Bu əsərin yüksək bədii dəyərə malik olması onun ən kiçik detallarına qədər Azərbaycan xalq musiqisi ilə bağlılığından irəli gəlirdi” (Mənbə: Zemfira Səfərovanın “Qara Qarayevi anarkən” kitabı).
   Azərbaycan bəstəkarlarının Bülbülün rəhbərliyi ilə getdikləri ekspedisiyalar haqqında belə təəssüratları çoxdur. Onların əksəriyyəti öz əsərlərində həmin ekspedisiyalardan topladıqları xalq musiqisi nümunələrindən geniş şəkildə bəhrələniblər. Bülbül vokal sənətinin sirlərinə dərindən bələd olan həm də xalq musiqisini, muğamlarımızı gözəl bilən əsil ustad idi. Bu da onun pedaqoji fəaliyyətində mühüm rol oynayıb. Onun yetirmələri də mükəmməl ifaçı olublar. Onlardan unudulmaz sənətkarlar Mobil Əhmədov, Firudin Mehdiyev və başqalarının adını çəkə bilərik.
   Bu gün sənətkarın adını daşıyan təhsil ocağında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışan peşəkar müəllimlər savadlı musiqiçilər yetişdirirlər. Demək olar ki, professional musiqiçilərin əksəriyyəti bu məktəbin məzunudur.
   Məktəbin direktoru Nigar Cərullaqızı: “Bu məktəbdə oxuyan hər bir şagird ilk növbədə böyük sənətkarın adına layiq olmağa çalışır. Bizim məktəbin məzunları çox məşhur musiqiçilərdir. Biz müəllimlər də çalışırq ki, bu ənənə daim davam etsin. Məktəbdə həm ümumtəhsil, həm də musiqi fənləri tədris olunur. Məktəbimiz Bülbülün adını daşıdığı üçün vaxtilə ümummilli lider Heydər Əliyev burada xanəndə və vokal siniflərinin açılmasını da tövsiyə etmişdi. İndi məktəbimizdə bu şöbələr də fəaliyyət göstərir. Məktəbin kollektivi Bülbül sənətinə layiq olmağı özünə mənəvi borc sayır”.
   Nigar xanımın dediklərinə onu da əlavə etmək olar ki, artıq neçə ildir Bakıda Bülbül adına Beynəlxaql Vokalçılar Müsabiqəsi keçirilir.
   Bülbül sənəti neçə-neçə söz, sənət adamının xatirələrində əbədiləşib:
   “Yüksək dərəcədə musiqiçi Bülbül yerli bəstəkarların opera və romanslarının geniş təbliği üçün nələr etmir! Sözsüz Azərbaycan bəstəkarları bu baxımdan daha münasib şəraitdə yaşayırlar”.
   D.Şostakoviç.
   
   “Böyük sənətkar Bülbülün adı, onun biliyi, zövqü gələcək nəğməkar insan nəsillərində əbədi yaşayacaqdır”.
   İ.Kozlovski.
   
   Bu gün ölməz Bülbülün sənətkarlığından, onun mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən böyük fəxrlə danışırıq. Amma bədxah qonşularımız tərəfindən ustadın güllələnmiş abidəsi önündə dayananda sanki özümüzü bu müdrik sənətkarın ruhu qarşısında günahkar sayırıq. İnşallah, işğal altındakı torpaqlarımız, Şuşamız azad olunacaq. Dünya şöhrətli ölməz Bülbülün ruhu məhz o zaman şad olacaq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar