Mənə elə gəlir ki, hər bir insan özünün taleyinə görə yaradılıb. İnsanların həyat yolunu müşahidə etdikdə onların mənəvi aləmi, fitrəti ilə taleyi arasında qəribə bir ahəngin şahidi oluruq. Görünür, həyatda təsadüfi heç nə yoxdur. Hər şey müəyyən qanunauyğunluqla nizamlanır.
   
   İstedadlı pedaqoq, sözün əsl mənasında ziyalı, xeyirxah insan, gözəl xanım Rəfiqə xanım Talıbzadənin həyat və yaradıcılıq yoluna nəzər saldıqda bu subyektiv fikrin obyektivliyinə inanmalı oluruq. Taleyin təsadüfləri deyil, Yaradanın onun fitrətinə qoyduğu ədəbiyyat sevgisi, dil duyumu Rəfiqə xanımın taleyini elə bir ailəyə bağladı ki, sanki o, elə bu ailədə doğulmuşdu.
   Rəfiqə xanımın atası Ağarza Xudayarov və anası Rəhimə xanım Xudayarova ötən əsrin 20-ci illərin əvvəllərində Cənubi Azərbaycanın Zəncan qəsəbəsindən Şimali Azərbaycana - Bakıya pənah gətirmişdilər. A.Xudayarov qulluqçu olmuş, bir sıra vəzifələrdə çalışmışdı.
   Rəfiqə Talıbzadə 1935-ci il oktyabrın 22-də Bakıda dünyaya gəlib. Ailədə yeddi uşaq idilər. Lakin Xudayarovlar ailəsinin xoşbəxt günləri uzun sürmür. Rəfiqə xanım 12, ən kiçik qardaşı isə 6 yaşında olarkən onlar əzizlərini-analarını itirirlər. Çox keçmir ki, bu ailə ikinci bir bəxtsizliyi yaşayır. Mühacir olduğu üçün nəzarətdə olan A.Xudayarov həbs edilir və sovet repressiya maşınının qurbanı olur.
   Lakin həyat hər bir halda davam edirdi. Başsız qalmış bu ailə özü-özünü idarə etməli olur...
   Rəfiqə xanım 1954-cü ildə 190 saylı orta məktəbi bitirir. Hələ məktəb illərində o, elmə, ədəbiyyata marağı ilə seçilir. Məktəbin nümunəvi şagirdlərindən biri olmaqla yanaşı, ictimai, təşkilati işlərdə də yaxından iştirak edir. Görünüşcə gözəl olan bu məktəbli qızın həm də gözəl səsi vardı. Məktəbdə keçirilən bütün tədbirlərdə müəllim və şagirdlərin istəyi ilə çıxış edirdi.
   1954-cü ildə Bakıda Yazıçıların II qurultayı keçirilir. O zaman 10-cu sinif şagirdi, ədəbiyyat vurğunu Rəfiqə Xudayarova bir neçə sinif yoldaşı ilə birlikdə qurultayın iclaslarında iştirak edir. Həmin qurultayda sevimli ədibimiz Abdulla Şaiqin oğlu Kamal Talıbzadə onu görür və elə ilk baxışda vurulur. Rəfiqə xanıma yaxın sıralarda əyləşmiş xalası qızı Aybəniz Vəkilovaya kiçik bir kağız parçası göndərir. Kağızda yazılırdı: “Səndən iki oturacaq sonra əyləşmiş yaşıl jaketli qızın kim olduğunu öyrən”.
   Bu qarşılaşma böyük məhəbbətin və ədəbi mühitə gedən yolun başlanğıcı oldu. 1954-cü ildə Rəfiqə xanım Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olur və 1959-cu ildə bu təhsil ocağını bitirir.
   Universiteti bitirdikdən sonra bir müddət - 1964-1966-cı illərdə - Azərbaycan Elmlər Akademiyasının kitabxanasında işləyir. 1968-1972-ci illərdə Bakının 132 saylı orta məktəbində dil və ədəbiyyat fənlərindən dərs deyir. Məktəbin bədii yaradıcılıq dərnəyinə rəhbərlik edən Rəfiqə xanım Abdulla Şaiq irsinin mənəvi davamçısı olaraq, əsl pedaqoq kimi məktəbin müəllim və şagird heyətinin rəğbətini qazanır.
   1972-ci ildən o, Azərbaycan Dövlət Universitetinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müəllimi vəzifəsində çalışır. Burada fəaliyyət göstərdiyi zamanlar da Rəfiqə xanım özünün xüsusi, effektli tədris metodikası ilə fərqlənib. 1975-1995-ci illərdə o, kafedranın baş müəllimi işləyib. 1995-ci ildən Azərbaycan dilinin tətbiqi məsələləri üzrə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi olub. 1994-cü ildən Rəfiqə xanım Abdulla Şaiqin mənzil-muzeyinin böyük elmi işçisi, həyat yoldaşı akademik Kamal Talıbzadənin vəfatından sonra, 2006-cı ildən isə bu müəssisənin direktoru vəzifələrində çalışıb.
   Azərbaycan mədəniyyətini, ədəbiyyatını, Abdulla Şaiqin, Kamal Talıbzadənin ədəbi irsini yorulmadan təbliğ edən Rəfiqə xanımın xidmətləri yüksək qiymətləndirilib. R.Talıbzadə 2009-cu ildə muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq və səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
   Rəfiqə xanım millətini sevən, onun gələcəyi, tərəqqisi uğrunda bütün gücü ilə calışan əsl ziyalı idi. Vətəninin, millətinin nikbin gələcəyinə inanırdı. Nurlu çöhrəyə, geniş qəlbə malik bu xanımın ruhuna hakim kəsilmiş nikbinlik adamı valeh edirdi. Bütün tələbələrini sevirdi. Onlardan biri haqqında olsun belə, xoşagəlməz söz danışmazdı. Tələbələri də onu çox sevirdi. İşlədiyi müəssisələrdə tələbə və həmkarlarının rəğbətini qazandığı kimi, ailədə də hamının sevimlisi idi.
   Mirzə dayı (bir çoxları kimi o da Abdulla Şaiqi belə çağırırdı) ona xüsusi hörmət və qayğıkeşliklə yanaşardı. Ədib hər əsərinə görə qonorar aldıqda sevimli gəlininə hədiyyə alardı. Abdulla Şaiq özünün məslək və ideya baxımından davamçısı hesab etdiyi gəlininin bir sözünü iki etməzdi.
   Kamal müəllimin təkcə həyat yoldaşı deyil, dostu, həmkarı idi Rəfiqə xanım. Elmi potensialına, peşəkarlığına inandığı üçün əsərlərini ilk dəfə ona oxuyardı. Rəfiqə xanımın verəcəyi qiyməti səbirsizliklə gözləyərdi. O da öz növbəsində Azərbaycan ədəbi tənqid tarixinin banisi, ədəbiyyatşünaslığımızın korifeyi - Kamal müəllimə layiqli qiymətini verərdi.
   Bu iki insanı sanki Allah bir-biri üçün yaratmışdı. Ziyalılıq, peşəkarlıqdan əlavə hər ikisi xeyirxah, səmimi insan idi. Onların timsalında ailə məfhumunun dəyəri, müqəddəsliyi və toxunulmazlığı ortaya çıxırdı. Rəfiqə xanım əsəbi olduqda, Kamal müəllim özünün yüksək mədəni və təmkinli taktikası ilə hadisələri nəzarət altında saxladığını bildirməklə ona dəstək olurdu. Əksinə olduqda isə, Rəfiqə xanım həlim, mülayim davranışları ilə onun üzərinə sanki su səpirdi. Kamal müəllimin “dünyada möhkəm ailədən qiymətli heç nə yoxdur” - sübuta ehtiyacı olmayan fikri öz əyani təcəssümünü Talıbzadələr ailəsində tapırdı.
   Bu iki zəngin, professional, böyük, eyni zamanda səmimi, sadədən sadə insanın əhatəsində olmaq adama xüsusi zövq verirdi. Onlardan təmənnadan uzaq, alt məqsədlərdən arınmış dəyərli tövsiyələr, ustad məsləhətləri almış yetirmələri müstəqil və peşəkar həyata sağlam təməllərlə, millətin, xalqın mənafeyini şəxsi mənafedən üstün tutmaq ideyası ilə qədəm qoyurdular. Yetişdirdikləri bütöv bir alim-ziyalılar nəslinə azərbaycançılıq-türkçülük idealına sahib olmağı, elmi obyektivliyi hər şeydən yüksəkdə tutmağı öyrətdilər.
   Ömrünün son çağlarında, Kamal müəllimi itirdikdən sonra təsəllini “Quran”da tapmışdı. Gözlərinin zəifləməsinə baxmayaraq, masasından əksik etmədiyi müqəddəs kitabı tez-tez oxuyardı. Gözlərinə işığı, səhhətinə əlacı, səbri “Quran”da tapardı Rəfiqə xanım. Sovet dönəminin ateist tərbiyəsini almış o nəslin bir çox nümayəndələrindən fərqli olaraq, qəlb gözü açıq idi. Deyirlər, Allah-Təala sevdiyi bəndəsinin qəlbini öz nuru ilə nurlandırır, istəkli bəndələrini yanına hidayət olunmuş halda aparır. İnanıram və ümid edirəm ki, fani dünyada bərk-bərk sarıldığı “Quran” əbədi həyatda da Rəfiqə xanımı Cənnətə aparan yolun bələdçisi olacaq.
   
   Arzu Hacıyeva,
   fəlsəfə doktoru