Yazıçı-publisist Tağı Şahbazi Simurğ 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada alıb. 1902-1905-ci illərdə İçərişəhərdə 9 saylı məktəbdə, sonra Həbibbəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib.
   
   Realnı məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Xarkov Darülfünunun fizika və riyaziyyat fakültəsinin tibb şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1915-ci ildə «Sosial-Demokrat Bolşevik Firqəsi»nin tələbə fraksiyasına daxil olub. 1917-ci ildə Bakıda «Hümmət» təşkilatında, 1918-ci ildə Xarkovda «Cənub türk-tatar işçisi» hərəkatında fəal çalışıb.
   1919-cu ildə Ukrayna K(b)P MK yanında «Hümmət» müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinin katibi olub.
   1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, «Maarif və mədəniyyət» jurnalının redaktoru, 1923-1926-cı illərdə Azərbaycan MİK-in katibi, 1926-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifələrində çalışıb.
   Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. «Quşlar kimi azadə», «İyi aləm», «Südçü qız», «Aclar» və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad «ziyalılar» tənqid olunub.
   Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutub. Bunlar «Haqsızlıq dünyası», «Hacı Salman», «Ağanın kənizi», «Məşədi Qədimin evində bədbəxtlik», «Azadlıq üçün cinayət», «Zərifə», «Küləkli bir axşam» və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazdığı «Düşmənlər» povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.
   Tağı Şahbazi Simurğ 1937-ci ildə repressiya qurbanı olub. Bakıdakı küçələrdən biri onun adını daşıyır.