O, yaddaşlarda təvazökar və həlim xasiyyətli insan, yorulmaz musiqi tədqiqatçısı, ictimai xadim və unudulmaz müəllim kimi qalacaq. Bəli, belə müdrik bir insan idi Bilqeyis xanım.
   
   Ondan neçə-neçə musiqiçi nəsli dərs almışdı. O, Azərbaycanda musiqinin polifoniya sahəsi üzrə ən kamil bilicilərindən biri, bəlkə də birincisi idi. Bilqeyis xanım bu elmin mükəmməl bilicisi olmaqla bərabər, həm də təcrübəli müəllim idi. Onun dərsləri elmi və praktiki müddəalara əsaslanaraq çox yüksək şəkildə keçirdi. Bu dərslərin maraqlı olmasının səbəbi onun hərtərəfli biliyi, yüksək intellekti və musiqi ictimaiyyətinə dərindən bələd olması idi. Tədris etdiyi fənni tələbələrinə o qədər dərindən, əsaslı şəkildə öyrədirdi ki, keçdiyi dərslər onun yetirmələri üçün uzun illər elm və sənət mənbəyi olurdu.
   Dünya şöhrətli bəstəkarımız Qara Qarayevlə qohumluq münasibətləri olan Bilqeyis xanım həm onun, həm də digər bəstəkarların həyat və yaradıcılığına dərindən bələd idi. O, görkəmli sənətkarların kəşməkəşli həyat və yaradıcılıq yolundan danışmaqla tələbələrinə də bu sənətin ciddi və məsuliyyətli olmasını aşılamağa çalışırdı. Bilqeyis xanım zəngin bir həyat və sənət yolu keçmişdi.
   Bilqeyis Mir Əbdülqəni qızı Məmmədova 1931-ci il sentyabrın 27-də Bakıda anadan olmuşdu. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bitirərək elə həmin ildən də konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında müəllimlik fəaliyyətinə başlamışdı. Ömrünün sonunadək bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirib, eyni zamanda, müxtəlif vəzifələrdə çalışıb.
   1953-1962-ci illərdə Azərbaycan Dövlət Musiqi Nəşriyyatının baş redaktoru, 1962-1966-cı illərdə “Azərnəşr”də redaksiya müdiri, 1969-1979-ci illərdə Dövlət Konservatoriyasında tədris və elmi işlər üzrə prorektor, 1974-1977- ci illərdə Konservatoriyanın rektoru işləyib.
   Bilqeyis xanım bir sıra elmi məqalələrin və dərs vəsaitlərinin müəllifidir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının professoru idi. Bütün ömrünü musiqi sənətimizin inkişafına və bu sahədə peşəkar mütəxəssislərin yetişməsinə sərf edən Bilqeyis xanım mədəniyyət sahəsində yorulmaz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdi.
   Bütün bunlar fədakar insan ömrünün səhifələridir. Bu ömür kitabının son səhifəsinə yazılan tarix isə 2010-cu il iyulun 3-dür.
   Deyirlər, dünya bir pəncərədir, hər gələn baxar gedər...
   Amma yox, bu pəncərədən sadəcə baxıb getməyənlər, özlərindən sonra bir iz qoyan, öz işləri ilə daim xatırlanan insanlar var. Onlardan biri də unudulmaz alim və müəllim Bilqeyis Məmmədova idi. Onun vəfatı bütün musiqi ictimaiyyətini sarsıtsa da, yeganə təsəllimiz Bilqeyis xanımın bizə yadigar qalan əsərləri və əməlləridir. Məhz bunların sayəsində onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Bir daha Bilqeyis Mir Əbdülqəni qızı Məmmədovanın vəfatı münasibəti ilə onun yaxınlarına, qohumlarına, doğmalarına başsağlığı verir və əziz müəllimimizin ruhu qarşısında baş əyirik.
   
   Bilqeyis xanımın tələbələri, iş yoldaşları adından
   Səadət Təhmirazqızı,
   musiqişünas






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar