Azərbaycan Milli Mətbuatı - 135
   
   Azərbaycan milli mətbuatının tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi» qəzeti ilə başlayır. Bu qəzetin meydana çıxması bir neçə cəhətdən əlamətdardır. Mütəxəssislər bu qənaətə gəlirlər ki, Azərbaycan jurnalistikası tarixində məhz ilk dəfə olaraq Həsən bəy Zərdabi nəşr etdiyi qəzetin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşıb. Unudulmaz mətbuat xadiminin fikirləri bu gün də jurnalistikamızın yol göstəricisidir: «Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun».
   
   Bu qəzetin həyata gəlməsi milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində və çəkici bir zindana vurmasında böyük tarixi xidmətlər göstərdi.
   65 il ömür sürmüş Həsən bəy Zərdabi zülmət bir mühitin bağrını öz əməlləri ilə yararaq qaranlıqların üstünə günəş kimi işıq saçdı. Məhz bu nurun aydınlığında tarixi hadisələri araşdıranda zərif vücudlu bir insanın dövrün sərt qanunları, eləcə də amansız cəfaları, təhqirləri, maneələri və böhtanlarının ardıcıl hücumları qarşısında tab gətirə bilməsinə, dözməsinə, səbir və mətanətlə mübarizəyə qatılmasına heyrət etməyə bilmirsən.
   1861-ci ildə Tiflisdəki qəza gimnaziyasını bitirən gənc hələ çox erkən dərk etmişdi ki, bu dünyaya təkcə yaşamaq üçün gəlməyib. O doğma millətini düçar olduğu bir çox bəladan, əzilməkdən, geridə qalmaqdan xilas edənlərdən biri olmalıdır. Bu nicatın yolu isə xalqın maariflənməsində idi. Yalnız bu yolla milləti savadsızlıqdan qurtarmaq mümkün olardı. Həsən bəy Zərdabinin göstərdiyi fədakarlığın istiqamətləri müxtəlifdir. Bir çox sahələrdə ona ilkin demək olar. Moskva Universitetində fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini bitirən (1865) ilk azərbaycanlı idi. Bir müddət Tiflisdə, Bakı quberniyasında, Quba məhkəməsində işləmişdi. 1869-cu ildə Bakı Realnı Gimnaziyasına təbiət və tarix müəllimi təyin olunmuşdu. Harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq Həsən bəy Zərdabinin birinci amalı vicdanına sadiqlik, xalqına xidmət, ədalətsizliklərdən əziyyət çəkən insanlara əl tutmaq, onları çar məmurlarının özbaşınalıqlarından xilas etmək idi. Bir fakt da maraqlıdır ki, onun bu fədakarlığı heç də həmişə rəğbətlə qarşılanmayıb. Əgər sadə xalq Həsən bəyin simasında özünə yaxın, dərdinə həmdəm, nəcib bir insan tapmışdısa, çar üsul-idarəsi azərbaycanlı ziyalının bu cür fəaliyyətini nəinki bəyənmir, hətta onu tez-tez tutduğu vəzifədən kənarlaşdırırdı.
   Gecə-gündüz xalqının xoş sabahı barədə düşünən və müxtəlif çıxış yolları axtaran Həsən bəy Zərdabi əqidə dostları Nəcəf bəy Vəzirov və Əsgərağa Gorani ilə birlikdə 1873-cü ilin martın 10-da Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyasının tamaşaya qoyulmasında böyük cəfakeşlik göstərdi. Bununla da Azərbaycanda yaradılan ilk milli teatrın tarixi bioqrafiyasına bu nəcib insanın da adı yazıldı. Məhz Həsən bəy Zərdabinin xahişi ilə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binasını tikdirdi.
   Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Həsən bəy Zərdabi qapı-qapı gəzərək köhnə fikirli insanları anlatmağa çalışırdı ki, öz övladlarını mütləq oxutsunlar. Deyirlər ki, hətta bir dəmirçi şikayət edib: «Pulum-varım yoxdur. Necə oxudum uşağımı?»
   Həsən bəy təmkinini pozmadan özünəməxsus şəkildə deyib: «Zindanını, çəkicini sat. Amma balanı oxut».
   Deyilənə görə, sonralar həmin dəmirçinin oğlu çox məşhur həkim olub.
   Zahirən sakit təsir bağışlayan Həsən bəy Zərdabi təbiətən çox narahat insan olub. Ən böyük arzusu idi ki, xalq tamamilə maariflənsin, tərəqqi yoluna düşsün. Özü deyərdi: «Nə etməli? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan başqa əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə il sonra o su tökülməkdən bərk daşı əridib deşər. Qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar».
   Bu inadla, bu istəklə də o, 1875-ci il iyulun 22-də «Əkinçi» qəzetinin nəşrinə nail oldu. Bununla da milli mətbuatın əsası qoyuldu.
   «Əkinçi» Bakıda çap olunsa da, tezliklə dünya müsəlmanlarının sevimli qəzetinə çevrildi. Bu qəzeti Dağıstanda, Volqaboyu, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Zərdabinin həyat yoldaşı Hənifə xanım Abayeva öz xatirələrində yazır: «Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər».
   Beləliklə, «Əkinçi»nin xoş sorağı Avropanın bir çox ölkələrinə gedib çıxmışdı. İngiltərədən, Fransadan, Almaniyadan Zərdabinin ünvanına məktublar gəlirdi. Bütün məktublarda bir cümlə tez-tez işlənirdi: «Sizin enerjinizə, mənəvi gücünüzə heyranıq. Xalqınızı nə qədər ürəkdən sevirsiniz».
   «Əkinçi» qəzetinin mövzuları da rəngarəng idi. İlk növbədə məhz bu qəzetin səhifəsində demokratik ruhlu fikirlər öz əksini tapdı. Din pərdəsi altında insanları cəhalətə, geriliyə çəkənlər ciddi tənqid atəşinə tutuldu. Zərdabi bütün qələbələri ancaq tərəqqidə görürdü. Bu səbəbdən də məqalələrinin əksəriyyətində həmfikirlərini bu yolda mübarizə aparmağa səsləyirdi: «Bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhət xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər».
   Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabi ilə bağlı qələmə aldığı xatirələrində onun xidmətlərini yüksək dəyərləndirərək bildirirdi ki, millətinin xoş sabahını ancaq və ancaq tərəqqidə görən bu cəfakeş qələm sahibi ağır zərbələrin önündə əslində təkbaşına dayanmışdı. Onun xidmətləri çox misilsiz olub. Dəstəkləyənləri, sevənləri, rəğbət göstərənləri olsa da, mübarizə meydanında, savaş anında Həsən bəy Zərdabi yalnız öz gücünə, öz daxili enerjisinə söykənirdi.
   Bütün bunlara baxmayaraq, bu unudulmaz mətbuat qurucusunu dəstəkləyən «Əkinçi»lər də yetişirdi. Milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundov, ilk şeirləri milli mətbuatımızın səhifələrində dərc edilən Seyid Əzim Şirvani, Həsən bəy Zərdabini böyük rəğbətlə dəstəkləyən Nəcəf bəy Vəzirov, vaxtilə bu unudulmaz naşirin şagirdi olmuş, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Əsgər ağa Gorani, qəzetdə imzası tez-tez görünən Ələkbər Heydəri, Məmmədtağı Əlizadə Şirvani, Əlimədət Abdullazadə, Məmnun Əlqədari, Ələkbər Elmizadə milli özünüdərk və maarifçilik xəttini həyata keçirən «Əkinçi»nin müəllifləri idilər.
   Zərdabinin min bir əziyyətlə nəşr etdirdiyi, cəmi 56 sayı işıq üzü görən «Əkinçi» iki ildən sonra bağlandı. Amma onun məramı, məqsədi 135 ildir ki, yaşamaqdadır.
   Həsən bəy Zərdabinin arzuları sinəsində bulaq kimi qaynayırdı. Yolunu bir tərəfdən bağlasalar da, başqa bir istiqamətdə fəaliyyətini davam etdirərək bütün varlığı ilə doğma millətinə sədaqətini sübuta yetirirdi. Onun ən ümdə arzularından biri də Azərbaycan qadınlarının maariflənməsi, təhsili idi. O, həyat yoldaşı Hənifə xanımla birlikdə bu yöndə əsl cəfakeşlik göstərirdi. Unudulmaz Hacı Zeynalabdin Tağıyevin maddi himayəsi ilə 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün açılan ilk məktəbin yaradılmasında Həsən bəyin də əməyi olub.
   Bu bir faktdır ki, heç bir işdə, fəaliyyətdə Həsən bəyin axıradək çalışmasına izin verilməyib. Sanki onun bir yerdə uzun müddət işləməsindən qorxublar. Bütün təzyiqlərə baxmayaraq Həsən bəyi həmişə sayıb-seçiblər. Ondan çəkinə-çəkinə, ondan imtina edə-edə həm də Həsən bəylə hesablaşmaq məcburiyyətində qalıblar. Bakı Şəhər Dumasının üzvü idi. Xalqın maariflənməsinə gecə-gündüz çalışırdı. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsində yaxından iştirak etmişdi. Həsən bəy Zərdabinin müasir tədqiqatçıları çox haqlı olaraq bir fikri tez-tez vurğulayırlar ki, ey kompyuter qarşısında oturub dünya hadisələrini götürüb öz qəzetinin səhifələrinə qoyan kəs, bir anlığa «Əkinçi» müəllifinin qaranlıq Azərbaycan mühitindəki vəziyyətini yada sal. Və yada sal ki, H.Zərdabi bütün bu işləri təkbaşına görürdü… Müasir qəzetlərimiz Zərdabi prinsiplərinə əməl etsələr, hər vaxt özlərinin şərəf və ləyaqətlərini qorumuş olarlar.
   Onun həyatı o qədər zəngindir ki, danışdıqca bitməz. Başdan-ayağa ziyadan, nurdan ibarət olan Həsən bəy Zərdabi əslində bir şimşək ömrü yaşadı. Avamlığın, cəhalətin, ədalətsizliyin, savadsızlığın hökm sürdüyü bir dövrdə qəfildən parladı, qaranlıq mühiti gur işıqlandırdı. Özü demişkən, dostlar sevindi, insanlar ətrafı yaxşı sezdi, düşmənlər peşman oldu.
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar