Azərbaycan milli mətbuatı - 135
   
   Bizim nəslin yaddaşında dərin izlər salmış mətbuat xadimləri olub: Nəsir İmanquliyev, Qəşəm Aslanov, Şamil Xurşud (Fərzəliyev), Xudu İsgəndərov, Şahin Səfərov. Onların hər biri örnək, nümunə olacaq şəxsiyyət kimi çox mənalı həyat sürüblər.
   
   Seçilən talelərini şəhərli həyatlarının üstündə kökləsələr də, əslində bütün varlıqları ilə təbiət genişliyinə bağlı, kənd havalı insanlar idilər. Onları birləşdirən, bir simin üstündə səsləndirən, xəyalımızda eyni sırada canlandıran da elə bu məziyyətlərdir.
   Bu unudulmaz, işıqlı insanlardan biri də yazıçı-publisist, jurnalist, mətbuat xadimi Şamil Xurşud idi. Əgər yaşasaydı, indi 76 yaşı tamam olacaqdı. Təəssüf ki, o, xatirələrimizdə eləcə 40-50 yaşlı Şamil müəllim kimi qaldı. Çoxumuzun qolundan tutan, ona mənəvi dəstək olan Şamil Xurşud təbiətən xeyirxah, nəcib və əsl el adamı idi. Elə müdrik, elə tədbirli insan idi ki, hətta öz yaşıdları da ona ağsaqqal kimi baxır və hörmət edirdilər.
   O, sovet dövründə yaşayıb yaratmışdı, bir sıra mətbuat orqanlarında - «Azərbaycan gəncləri» qəzetində, «Kirpi» jurnalında baş redaktor vəzifəsində çalışıb. Şamil müəllimi yaxından tanıyanlar bilirlər ki, sözün əsl mənasında o, ədib redaktor idi. İstər bədii əsərlərində, istərsə də publisistikasında həmişə bir məsələ önə çəkilirdi: insanın mənəviyyatsızlıqdan qorunması. Çalışırdı ki, onun əsərlərini oxuyanlar bütün əməllərini, fəaliyyətlərini düzgün istiqamətləndirmək üçün nəsə öyrənə bilsinlər. Həmkarları Şamil müəllimdən danışarkən həmişə bir məsələni xatırladırlar ki, o, “Azərbaycan gəncləri”nin redaktoru işlədiyi müddətdə bu qəzet rəsmi mətbuat orqanlarının içində ən nüfuzlu və sevimli nəşrlərdən biri olub. O, redaktor kimi özünəməxsus cəhətləri ilə fərqlənirdi. Bir tərəfdən yuxarıların tapşırıqlarını intizamla yerinə yetirirdi, digər tərəfdən də jurnalistlərin məhdud çərçivədən çıxmaları üçün onlara hər cür şərait yaradırdı. Yadımdadır ki, ötən əsrin 70-ci illərin sonu - 80-cı illərin əvvəllərində Şamil müəllim mənə tapşırdı ki, SSRİ Ali Sovetinə deputatlığa namizədlər arasında ən gənc qız - mexanizator Tərlan Musayeva haqqında oçerk yazım. Şamil müəllim standart, şablon yazı tərzinin həmişə əleyhinə idi. Onun verdiyi məsləhətlər indi də qulağımda səslənir: “Əsl azərbaycanlı qızının portretini yarat, zəhmətsevərliyini, əməyə bağlılığının səbəbini düzgün şərh et. Heç kəs bəxtəvərçilikdən pambıq tarlasına üz tutmayıb. Çalış bu əməyin sonda şərəfə ünvan olmağının səbəblərini təsirli və maraqlı verə biləsən”. Yəqin ki, biz nəsil jurnalistəlrin çoxu təsdiqləyər ki, universitet təhsilindən sonda səriştəli qələm əhli kimi formalaşmağımızda Şamil müəllim kimi insanların böyük təsiri olub.
   Ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş Şamil Xurşud yazdığı povest və digər əsərləri ilə ədəbi tənqidin diqqətini cəlb etmiş və onun yaradıcılığı həmişə müsbət qiymətləndirilmişdi. 70-80-cı illərdə Şamil Xurşud dramaturq və publisist kimi tanınırdı. Bu yazıçının özünəməxsus yaradıcılıq prinsipləri olub. O, bədii əsərlərində həmişə yaratdığı obrazların fərdi xüsusiyyətlərini, psixoloji aləmini açmağı, təsvir etdiyi hadisələrin mahiyyətini bitkin ifadələrlə dolğun və canlı çatdırmağı sevirdi.
   Xalq yazıçısı Əli Vəliyev yazırdı: “Şamil xalqın məişətinə, adət-ənənələrinə yaxından bələd olan yazıçılardandır. Onun dili səlisdir, xalq məsələləri, ifadələri ilə zəngindir. O, klassik və müasir yazıçılardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə gur və şəffaf qaynaqlarından da bəhrələnir”.
   Əlbəttə, Şamil Xurşud birinci növbədə nasir idi. Onun “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Ona deyin kəndə gəlsin” kimi povestləri bu yazıçının yaradıcılığı haqqında gözəl təsəvvür yaradır. Şamil Xurşud həmçinin “Məhəbbət” novellası, “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında” kimi müasir insanın daxili aləmini açan pyeslərin müəllifi idi. Doğrusu, bəzən dəqiq araşdıran olmur ki, yaradıcılığın hansı sahəsində Şamil müəllim daha çox uğur qazanıb. Çünki o, ömrünün 30 ilini məhz mətbuata həsr edib. Müəllifin publisistik məqalələri, xüsusilə də felyetonları həmişə diqqət çəkib. Qələmə aldığı mövzuya, toxunduğu məsələlərə vətəndaşlıq mövqeyindən yanaşıb, milli ləyaqətə, mənəvi paklığa, nəcib insani keyfiyyətə üstünlük verib. Bunun müqabilində isə rəzilliyi, satqınlığı, mənəvi simasızlığı həmişə ciddi tənqid atəşinə tutub. Yaradıcılığında elə mövzulara üz tutub ki, həmin mövzular həmişəyaşardır.
   Günlərindən çox ağrını qova-qova ömrünün son gedişinə tələsən Şamil Xurşud əslində ağ kağızlarda öz abidəsini ucaldıb. İndi kitabın dəbdən düşdüyü bir məqamda bəlkə də gənc nəsil fikirləşər ki, kimdir Şamil Xurşud? Məsləhət görərdik ki, onun həm yuxarıda adlarını çəkdiyimiz əsərlərini, həm də “Sonluq”, “Sakitlik olmayacaq”, “Yalan ayaq tutar, yeriməz”, “Tüstü”, “Azarkeş nənə”, “Nə var, nə yox, əmioğlu?”, “Qayıtdılar”, “Dialoq”, “Kötük”, “Duz-çörək”, “Cəsarət”, “İşıq”, “Sizi unutmaram” kimi əsərlərini oxusunlar. Gənc jurnalistlər isə “Özüm və özün”, “Toy nə toy”, “İclas azarı”, “Marallarım”, “Başlandı”, “Səriyyə xalanın gileyi”, “Bura xublar evidir” adlı felyetonlarına nəzər salsınlar. Hər bir qələm əhli üçün nümunə, məktəb qoyub Şamil müəllim.
   Bu da bir faktdır ki, bəzən elə qələm sahibləri olur ki, onlar həmişə təbliğ edilirlər, xatırlanırlar. Şamil Xurşud sağlığında da təvazökar idi, vəfatından sonra da reklamdan uzaqdır. Amma bizə elə gəlir ki, belə nəcib, istedadlı, içində vətəndaş yanğısı olan, onu kəlmə-kəlmə əsərlərinə köçürən ədəbiyyata, mətbuata iddiasız, təmənnasız xidmət göstərən Şamil Xurşud kimi insanları unutmamalıyıq.
   Şamil Xurşudun “İnsan yaşayır” adlı bir povesti var. Əsərin qəhrəmanı Vahid adlı bir şəxsdir. Sağalmaz xəstəliyə düçar olub. Eşitdiyimizə görə, əsərin təsirli, təbii və maraqlı alınması üçün Şamil müəllim xeyli müddət xəstəxanada yatıb. Məhz həmin xəstələri yaxından müşahidə etmək üçün. Belə təcrübə başqa yazıçıların da yaradıcılığında olub. Vaxtı ilə yazıçılar həyatın içində olmağı, baş verən hadisələri dərindən izləyib, öyrənib, sonra yazmağı sevərmişlər.
   Şamil müəllimin rəhbərlik etdiyi «Azərbaycan gəncləri» qəzeti redaksiyasında yeddi il onunla çiyin-çiyinə işləmiş jurnalist Şakir Yaqubov yazır: “… Şamil Fərzəliyev vicdanlı adam, zəhmətkeş insan, yaxşı kişi, demokratik redaktor idi”.
   Dünyasını vaxtsız dəyişmiş, «Mədəniyyət» qəzetinin ilk baş redaktoru olmuş şair-jurnalist Şahmar Əkbərzadə Şamil Xurşudla bağlı xatirələrini belə dilə gətirmişdi: “İndi bəzi obalarımızı başsız görəndə bir haray üşüdür ürəyimi: “Ona deyin kəndə gəlsin”. Bu, Şamil vəsiyyəti idi, yaddaşımızı silkələyir”.
   Yazı-pozu adamlarının içində Şamil Xurşud qədər kəndə bağlı az adam tanıyırıq. Bəlkə də elə buna görədir ki, o bu dünyanı tez tərk edəcəyini bilirmiş. Özünə əbədi ünvan da kəndi seçibmiş. Bir də söyləyirlər ki, o qədər sadə, təvazökar insan imiş ki, hər hansı bir məclisdə, süfrəsinin başında əyləşənlərin yarıdan çoxu adi peşə sahibləri olarmış.
   Həmişə dağ zirvələrinin görüşünə tələsən Şamil Xurşud xarakterinə uyğun gəlməyən bir etibarsızlıq etdi. İlk baxışda buz baltası təsiri bağışlayan bu palıd cüssəli kişini, sən demə, içindən ağır xəstəlik xəbiscəsinə yeyirmiş. Son gününə kimi heç bir ağrıya baş əyməyən, dost-tanış məclisindən qalmayan, çoxumuza xeyirxahlıq edən, hər birimizin çox sevdiyi, boynumuzda böyük haqqı olan Şamil müəllim. Bu dəfə qəfil qəza onu öz qanadına alaraq doğulduğu ana torpağın ağuşuna apardı. Dağların bir qartalı daha geri dönmədi. Küləklər o ucaboylu, zahirən qaraqabaq, zəhmli, əslində zərif və həssas ürək sahibi, istedadlı vətən oğlunun saçlarını bir də oxşamadı...
   Milli mətbuatımızın 135 ili tamam olan bu günlərdə Şamil Xurşud (Fərzəliyev) kimi qələm sahiblərini xatırlamaqda bir məqsədimiz var. İllər onu bizdən ayrı salsa da, belə insanları yaşadan söz abidələri həmişəyaşardır. Heç ola bilməz ki, mətbuatımızın inkişafında əməyi olan insanlar unudulsun. Belə söz sahiblərini təkcə öz əsərləri, yaradıcılıqları deyil, həm də tələbələri, yolunu davam etdirən ardıcılları da davam etdirir. Bizdən çox-çox əvvəl bu yolu Şamil müəllim gedirdi, bizdən sonra da gələn var. Şamil Xurşudun mətbuatımızda yandırdığı işığın şöləsi əbədidir!
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar