Dünyasını dəyişmiş müqtədir ifaçılarımız barəsində düşünəndə həmişə bir fikrin üstündə dayanmalı oluram: gedən nəfəs, qalan səsdir. Biz nəslin tanıdığı xanəndə və müğənnilər olub ki, onların cismani yoxluğu o qədər də bilinməyib. Çünki o unudulmaz insanlar oxuduqları mahnıların, nəğmələrin sədasında həmişə yaşamaqdadırlar. Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova, Səxavət Məmmədov... Onları aramızda necə hiss etməyə bilərik. Mahnıları, muğamları, bunların qovuşuğunda ölməzlik qazanmış avazları, səsləri yaşayır. Bu sırada Xalq artisti, muğam və bəstəkar mahnılarının mahir ifaçısı, məlahətli səsə və şirin avaza malik Məmmədbağır Bağırzadənin özünəməxsus yeri var. Ömür vəfa etsəydi, bu gün 60 yaşı tamam olacaqdı.
   
   O, 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində anadan olmuşdu. Orta təhsilini Nardaran və Maştağada almış, A.Zeynallı adına Musiqi Məktəbini (Xalq artisti Əlibaba Məmmədovun sinfini) bitirmişdi.
   Yaxşı yadımdadır ki, ötən əsrin 70-ci illərində onun musiqi aləminə gəlişi necə rəğbətlə qarşılanmışdı. Toydan, el şənliklərindən başlanan yollar böyük konsert salonlarında, rəsmi məclislərdə, ekran və efirdə təşəkkül tapdı. O da yadımdadır ki, toy dəvətnamələrinin altında yazılardı: "Məmmədbağır Bağırzadənin iştirakı ilə". Bu o demək idi ki, toya getmək istəməyən də məhz Məmmədbağırın səsini eşitmək üçün o məclisə üz tutardı. Bu faktdır. Məmmədbağır Bağırzadə hansı toyda iştirak edirdisə, səsinin işığına yüzlərlə, minlərlə pərəstişkar yığılardı. İştirak etdiyi toylarda həmişə toy sahibinin siyahısına birinci onun adı düşərdi. Ən yüksək məbləğdə pul yazdırardı. Məmmədbağır Bağırzadə Nardaran kimi ənənələrə sadiq, muğam, qəzəl bilicilərinin yetişdiyi bir ocaqdan pərvazlanmışdı. Ona görə də halal yaşadı. Heç vaxt öz yolundan sarpmadı.
   İndi bu ləyaqətli şəxsiyyət barəsində keçmiş zamanda danışmaq ağırdır. Amma əbədi hökmləri kim pozub ki? Özü necə oxuyurdu: "Kimlərə qaldı dünya?" Onun yumşaq səsinin ahəngində süzülən sualların yanıqlı tişələri bu gün də adamın ürəyinə sancılır. İstər-istəməz Məmməd Aslanın misralarını xatırlayır:
   
   Udar padişahdan gədaya kimi,
   Eyləməz kimsəyə güzəşti dünya.
   
   Böyük Səməd Vurğun isə başqa cür deyərdi: "Əldən-ələ keçər vəfasız dünya". Amma bu vəfasız dünyanın bir etibarını da danmaq olmaz. El qəlbində yaşayanlar ölmürlər, eləcə nura qənşər bir ömür sürürlər.
   Vaxtilə "Axtarma məni" mahnısı ilə məşhurlaşan, əsl pərəstiş ünvanına çevrilən Məmmədbağır Bağırzadə qısa ömründə muğamlarımızın, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də geniş şöhrət taparaq sevildi. Onun uşaqlıq və gənclik dostları, eləcə də müəllimləri, yol göstərənləri, ustadları xatırlayırlar ki, Məmmədbağır həyatda da, sənətdə də həmişə məsuliyyətli olan alicənab insan və xanəndə idi. Korifey sənətkarımız Yaqub Məmmədov Məmmədbağır Bağırzadəni hələ 12 yaşında ikən ifa etdiyi "Heyratı"ya qulaq asanda heyrətlənərək demişdi: "Nəhayət, axtardığım səsi eşitdim, avazı tapdım".
   Belə bir fikir də var ki, heç zaman sonradan sənətkar olmurlar, əslində elə sənətkar doğulurlar. Məmmədbağır Bağırzadə də məhz sənətkar doğulmuşdu. Xalq artisti Tələt Qasımovun sözləridir: Məmmədbağır 12 yaşında, ayağı stuldan yerə çatmayanda bir toy məclisində «Bayatı-Şiraz» muğamını elə səlis, elə ustalıqla oxudu ki, hamını heyran qoydu».
   Xalq artisti Əlibaba Məmmədov Məmmədbağır Bağırzadə sənətini yüksək qiymətləndirərək onun yoxluğunun milli musiqimizdə əbədi olaraq bilinəcəyini söyləyir. Nə acılar ki, repertuarında 200-dən yuxarı mahnı, təsnif, muğam lentə alınmış bu unudulmaz sənətkar yeni mahnıları bir daha oxumayacaq. Kaman ustadı Habil isə "ikinci Məmmədbağır olmayacaq" deyir.
   Əlbəttə, bu, yanlış bir fikirdir ki, əvəz olunmayan adam yoxdur. Yaradıcılıq baxımından bu sözləri qəbul etmək mümkün deyil. Xüsusilə, ifaçılıq elə bir sahədir ki, burada hər kəsin özünəməxsus yolu, izi, səsi, məharəti var. Məmmədbağır nə oxuyubsa, həm yaxşı və özünəməxsus ifa edib, həm də hər bir mahnıya öz möhürünü vurub. Bəlkə də geniş tamaşaçı kütləsi onu yalnız gözəl nəfəsli xanəndə kimi tanıyıb sevirdi. Halbuki Məmmədbağır Bağırzadə həm də istedadlı bəstəçi və şair idi. Sözə, musiqiyə son dərəcə ciddiliklə yanaşırdı. Uzun illər onun bu məziyyətləri barəsində geniş danışan olmayıb. Təkəbbürlük, mənəmlik, müəyyən iddialar təbiətinə yad olduğuna görə özü də bu barədə söz açmazdı. Füzulidən üzü bəri neçə-neçə Azərbaycan şairinin qəzəl və şeirlərinə musiqi həyatı vermişdi. Məmmədbağır Bağırzadəni ekrana, efirə gətirən, onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyevi ehtiramla xatırlamamaq mümkün deyil. Həmişə yaradıcı gənclərə, istedadlılara dayaq olan, onların sənət meydanında hərtərəfli fəaliyyət göstərməsinə çalışan Ələkbər Tağıyev Məmmədbağır Bağırzadənin qolundan tutaraq ona ilk xeyir-duasını vermiş, musiqi meydanında özünəməxsus fəaliyyət göstərməsi üçün can yanğısı ilə çalışmışdır. Xanəndə də öz növbəsində, Ələkbər Tağıyevin qayğısını unutmamış, ustadının tövsiyələrinə əməl etmiş, mahnılarını da dərin rəğbətlə oxumuşdur. Bununla bərabər, Məmmədbağır Bağırzadə böyük şövqlə Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnılarını da öz repertuarına salmışdı.
   Ömrünün son illərində vaxtilə təhsil aldığı A.Zeynallı adına Musiqi Məktəbində xalq ifaçılığı sənətindən dərs demişdi. Arzuları çox idi. Ömrü kimi hər şey yarımçıq qaldı.
   Bu əbədi gedişindən iki il sonra Məmmədbağır sənətinin vurğunu fəlsəfə elmləri doktoru Tariyel Əhmədov nəcib bir iş görərək unudulmaz xanəndəmizin əziz xatirəsini «Azərbaycan oğluyam» adlı bir kitabla yad etdi. Mən bu kitabın redaktoru kimi həm böyük qürur duydum, həm də kövrəldim. Məmmədbağır Bağırzadə haqqında öz xatirələrini qələmə alan insanların bir çoxu qələm əhli deyil. Onlar sadəcə olaraq bu unudulmaz sənətkara öz ehtiram və məhəbbətlərini qələmə alıblar. Kitabda elə xatirələr var ki, cəmi bir səhifədir, amma oradakı istəyin, məhəbbətin, hörmətin ağırlığı cild-cild dastanlara bərabərdir.
   Tariyel Qasımov Məmmədbağır sənətinə bəslədiyi ehtiramı belə qələmə alıb: «Onun ifasına qulaq asanda bu mahnıların istər melodiyası, istərsə də sözləri, ideya-bədii səviyyəsinə görə bir-birini tamamlayır. Adama elə gəlir ki, Məmmədbağır bu mahnıları yalnız bu gün üçün deyil, gələcək tamaşaçı və dinləyicilər üçün də nəzərdə tutaraq oxuyub».
   Sənət biliciləri təsdiqləyirlər ki, Məmmədbağır Bağırzadə mahnı seçimində olduqca həssas və diqqətcil idi. Hər bir məclisin, tədbirin ab-havasına, təmayülünə uyğun mahnıların ifasına üstünlük verərdi. Bu xüsusiyyət onu həmkarlarından fərqləndirirdi. Əsgərlərlə görüşdə vətənpərvərlik, rəsmi tədbirlərdə xalq, millət, gənclər arasında olanda lirik mahnılar oxuyardı.
   Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yer tutan, ifa etdiyi mahnıların əksəriyyətinə möhürünü vuran, cəmi 55 il yaşamış Xalq artisti Məmmədbağır Bağırzadə ifa etdiyi mahnılarında əbədi ömür tapmış, həmişəyaşarlıq qazanmış sənətkarlarımızdan biridir. Onun böyük məhəbbətlə ifa etdiyi "Azərbaycan oğluyam" mahnısı vətən torpağının dərinliklərinə, vətən səmasının ucalıqlarına hoparaq həmişə səslənəcək, yerdən-göyəcən boy atacaqdır. Həqiqətən də, gedən nəfəs, qalan səsdir. Bu səsin işığında Məmmədbağır Bağırzadənin nurlu sifəti gözlərimizdən çəkilməyək. 
      
   Flora Xəlilzadə