O, Azərbaycanda (bəlkə elə Türkiyədə də) Anadolu adını daşıyan yeganə xanım idi. 1921-ci ildə Azərbaycanın Türkiyədə səfiri olmuş İbrahim Məhərrəm bəy Əbilovun qızı idi. Vəfatından bir neçə gün öncə atası haqqında «Mədəniyyət» qəzetində (4 iyun 2010) yazı dərc olunmuş, yazıda Anadolu xanımın da fikirləri yer almışdı. O, Türkiyədə anadan olmuş, ona Anadolu adını da atasının dostu Mustafa Kamal Atatürk vermişdi.
Anadolu ana ömrünün sonunadək adının, soyadının təəssübünü çəkmiş, məsuliyyətini daşımışdı. 1941-ci ildə könüllü olaraq Böyük Vətən müharibəsinə getmiş, Berlinədək cəbhə yolu keçmişdi. Sonrakı illərdə bir çox məsul vəzifələrdə işləyəndə də adının, soyadının məsuliyyətini yüksək tutmağa, doğrultmağa çalışırdı. Axırıncı iş yeri - Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı olub. Həmin təşkilata 20 il rəhbərlik edib, mədəniyyətimizin inkişafı, işçilərin güzəranının yaxşılaşması üçün respublikanın bütün rayonlarını qarış-qarış gəzib.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Türkiyənin Bakıdakı səfirliyi ilə sıx əlaqələri vardı. Səfirliyin keçirdiyi bütün tədbirlərdə iştirak edib ürək sözlərini deyərdi. 2006-cı ildə səfirliyin yeni binasının açılışında iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ona oğul kimi yanaşıb qayğıları ilə maraqlanmışdı. Anadolu xanım minnətdarlığını bildirərək, xoş təbəssümlə “mən prezident təqaüdü alıram” demişdi.
Anadolu xanım mənalı ömür yaşadı, 88 yaşında dünyasını dəyişdi. O, Atatürkün verdiyi adı şərəflə daşıdı, onun adını və ruhunu övladları layiqincə yaşadacaqlar.
İradə