Azərbaycan mətbuatında görkəmli simalar, mətbuat tariximizdə iz qoymuş şəxsiyyətlər çox olub. Milli mətbuat günü ərəfəsində jurnalistikamıza, insanlığa şərəf gətirən üç peşəkar qələm sahibindən danışmağı özümə borc bilirəm. Mən onların mətbuatımızın inkişafına verdikləri töhfədən, rəhbərlik etdikləri mətbuat vasitələrinin fəaliyyətindən (bu barədə deyilib-yazılıb), sırf insani keyfiyyətlərindən söz açacağam.
   
   Görkəmli jurnalist, pedaqoq, ictimai-siyasi xadim, “Bakı”-“Baku”qəzetlərinin yaradıcısı və uzun illər baş redaktoru olmuş Nəsir İmanquliyev “Azərbaycan” nəşriyyatının ağsaqqalı sayılırdı. Sözün əsl mənasında ziyalı olan bu şəxsiyyətin işığından başqalarına da pay düşürdü. Nəsir müəllim çoxlarını əliçörəkli etmişdi.
   O vaxt mən nəşriyyatın 9-cu mərtəbəsində yerləşən “İdman”-“Sport” qəzetlərində işləyirdim. 7-ci mərtəbəyə - “Bakı”-“Baku” qəzetlərinə rəfiqələrimin yanına gedib-gəlirdim. Bunu müşahidə eləyən Nəsir müəllim bir dəfə dəhlizdə üzbəüz gələrkən mənə dedi: «Buraya gələndə özünlə yazı gətir, ver şöbələrə, mənə təqdim etsinlər». Sonralar yazılarımı Zemfira Məhərrəmlinin çalışdığı şöbəyə gətirməyə başladım. Beləliklə, imzam “Bakı” qəzetində də göründü.
   Nəsir İmanquliyev imkan daxilində hər kəsə əl tutur, kiminin iş, mənzil şəraitinin yaxşılaşmasına kömək edir, bir başqasına həyatda düzgün yol göstərirdi. O, nəşriyyatda yerləşən müxtəlif redaksiyalarda gəncləri uzun müddət kuryer işləyən gördükdə onlarla söhbət edib gözlərini açmağa çalışırdı: “Sən elə qocalana kimi kuryer olacaqsan? Yazı-pozuya, bir sənətə meyilin yoxdu? Sabah ailə quranda uşaqların hansı işdə çalışdığını deməyə xəcalət çəkəcək. Çalış, özünə ürəyincə olan bir sənət seç, bizlik nə varsa kömək edərik. Bax, gələn dəfə sənə rast gələndə qərarını mənə bildirərsən, özün barədə ciddi düşün”.
   Ağsaqqal sanki hamı üçün narahat idi, başqalarına qayğı göstərir, can yandırırdı. Onun nüfuzundan, sanbalından qonşularına, tələbələrinə, işçilərinə, qarşılaşdığı insanlara - bütün ətrafdakılara səxavətlə pay düşürdü.
   Azərbaycanın ilk müstəqil beynəlxalq xəbər agentliklərindən olan “Assa-İrada”nın direktoru İradə Vəkilova da çox xeyirxah, səmimi insan idi. Agentlikdə onun yanına tez-tez qoca bir qadın gəlirdi (deyəsən, nə vaxtsa eyni redaksiyada işləmişdilər). O, gedəndən sonra İradə xanım kədərlə bildirirdi: «Yazıq qadın təkdir, çox çətin yaşayır...».
   Bir dəfə mən Rəsul Rza küçəsindən keçərkən həmin qadının “Pəhriz ərzağı” restoranından çıxdığını gördüm və işə gələndə təntənəli surətdə xanım Vəkilovaya bildirdim ki, sizin ürək ağrısıyla yazığınız gələn həmin ağbirçəyin, deyəsən, vəziyyəti düzəlib, artıq restoranda nahar edir. O, mənə susmağı işarə edib yanında yer göstərəndən sonra kimsə eşitməsin deyə yavaş səslə dedi: «Onu restorana mən göndərmişəm, rəhbərlikdən xahiş etdim ki, bu zavallıya gündə heç olmasa bir dəfə əməlli-başlı isti yemək versinlər. Onu restorandan çıxanda gördüyünü daha dilinə gətirmə».
   Qarabağ müharibəsinin qızğın vaxtı idi, xəstəxanalara çoxlu yaralılar gətirirdilər. Hansısa qohumunu yoluxmaq üçün «Malakan bağı»nın yanındakı travmotologiya xəstəxanasına gedən İradə xanım yaralıları görüncə yoxuxmağa gəldiyi qohumunu unudaraq bir-bir palataları gəzmiş, işə dönən kimi “Azərbaycan” mehmanxanasının rəhbəri Ağarəhim müəllimə zəng edərək yaralıların gündə iki dəfə isti xörəklə təmin olunmasını xahiş etmişdi. Sonra daha bir məsul işçini tapıb palataların soyuducularla təmin olunması məsələsini həll etdi. Qalan işlər artıq bizlik idi - əməkdaşlar hər gün xəstəxanaya gedib yaralılara baş çəkir, vəziyyətlərindən xəbər tutur, ehtiyaclarını öyrənir, xidmətdən nə dərəcədə razı qaldıqlarını soruşurdular. İstəyən evdə onlar üçün nəsə hazırlayıb apara bilərdi. Bizi görən yaralılar öz ağrılarını bir anlıq da olsa unudub İradə xanımı soruşur, minnətdarlıqlarını bildirir, salam göndərirdilər.
   Bir dəfə agentliyə 10-12 yaşlarında bir oğlan gəlmişdi. Məcburi köçkün ailəsindən olan bu yeniyetmə anasının bişirdiyi qoğalları, fətirləri gətirib almaq üçün işçilərə təklif edirdi. Hamı oğlana kömək məqsədilə bir neçə un məmulatı aldı. İki-üç gün bu minvalla davam etdi. Bir gün İradə xanım dilləndi:
   - Hə, uşağın fətirlərini aldınız, bununla da işinizi bitmiş hesab edirsiniz, eləmi? Bəs niyə heç kəs soruşmadı ki, bu vaxt niyə o məktəbdə deyil, dərslərini hazırlamır?
   - Soruşmuşuq, deyir ki, onu məktəbə götürmürlər, sənədləri qaydasında deyil, - deyə həmkarlarımdan kimsə bildirdi.
   - Bəs onda niyə Təhsil Nazirliyinə müraciət edib məsələni aydınlaşdırmırsınız? Bizim dövlət telefonumuz var axı, onunla nazirə, müavinlərinə, Prezident Aparatına zəng edə bilərik. Hə, Aida, təhsil məsələlərilə sən məşğul olursan axı, sabah o uşaq gələndə məsələni ətraflı öyrənib tədbir görməyə başla, böyüyəndən sonra da bu uşaq fətir satmayacaq ki... Çətinlik olsa, mənə bildir.
   Rostropoviçin Bakıya səfərlərinin birində İradə xanım ustad sənətkara bildirir ki, uşaqlıqda ona dayəlik etmiş Nastya nənə onlarla eyni binada, eyni girişdə yaşayır. Bundan təsirlənən maestro bir dəstə gül götürüb yaşı 80-ni haqlamış ağbirçəyi ziyarətə gedir. İradə xanım sonra məni də onlara göndərmişdi ki, qadını danışdırıb şəklini çəkim, qəzetlərə agentliyin adından geniş material verək. Nastya nənəni nə qədər “tərpətsəm” də maestrodan elə iki-üç cümlə deməklə kifayətləndi. Ailəsində iki xəstə övladının olduğunu Nastya nənə İradə xanımın xeyirxahlığından isə ürəkdolusu danrdı.
   Tez-tez mötəbər tədbirlərdə, ümummilli lider Heydər Əliyevlə səfərlərdə olan İradə Vəkilova geri dönəndə özüylə o qədər informasiya, materiallar gətirirdi ki... Buna görə ona irad tutanlar da tapılırdı. Onda İradə xanım səmimiyyətlə bildirirdi: “Hər biriniz belə etməlisiniz. Adam öz evinin xanımı da olar, nökəri də”.
   Bu gün “İdman”-“Sport” qəzetlərinə müəyyən zaman kəsiyində rəhbərlik etmiş Oqtay Atayevdən də söz açmaq istəyirəm. “İdman”-“Sport” qəzetlərinin baş yazarı olaraq Oqtay müəllim həm də şəxsi nümunə ilə sağlam həyat tərzini təbliğ edirdi. O, işə piyada gəlib-gedir, maşından çox az istifadə edirdi. Onda çoxları metronun “Elmlər Akademiyası” stansiyasından nəşriyyata qədər olan iki dayanacaq yolu avtobusla gedirdi. Ağsaqqalın şəxsi nümunəsindən sonra biz də ona qoşulduq, bu təşəbbüsə digər redaksiyalardan da səs verənlər oldu. Oqtay müəllimdə çoxlu güclü milli təəssübkeşlik hissi vardı. Meydan hərəkatı zamanı hər gün işdən sonra mitinqlərə tələsirdi. 20 Yanvar hadisəsi ona çox pis təsir etmişdi. Həmin faciədən sonra onun əhvalı heç düzəlmirdi: “Bu, necə qardaşlıqdır, Sovet ordusu günahsız, əliyalın insanları öz evinin içində qırdı... Bəs, 70 il onlara nə üçün etibar etmişdik, belə də xəyanət olar? Qarabağımız nə vaxtdan erməninki oldu? Niyə tariximizə, xalqımıza barmaqarası baxılır?..”
   O günlər nahar fasiləsi zamanı da Oqtay müəllim çox gərgin işləyirdi. Sanki bilərəkdən başını işə qatırdı ki, bu haqsızlıqla üz-üzə, göz-gözə qalmasın. Sanki sonrakı faciələrimizi, torpaq itkisinə, bizə qarşı törədiləcək yeni haqsızlıqları görməmək üçün bu dünyadan köçüb getdi. Onsuz da ürəyi buna tab gətirə bilməyəcəkdi...
   Adlarını çəkib haqqında qısaca bəhs etdiyim bu insanlar sözün əsl mənasında geniş ürəyə, böyük təfəkkürə malik, hamıya örnək olan birincilər idi. Onlar bu gün həyatda olmasalar da, xeyirxah əməllərilə həzin xatirələrdə yaşayırlar. Xoşməramlı insanların arasında onların yeri, izləri görünür. Belələri dünyalarını dəyişdikdən sonra da örnək olan birincilərdir. Ruhları şad olsun!
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar