Paytaxtımızın ovqat payı, nəğmələrimizin hay-harayı - Mirzə dayı...
   
   Beş il öncə də bax beləcə qaynar idi havalar, çal-çağırıyla zövqə «dava» Mirzə baba! O yana-bu yana baxdım, hayana baxdım - sənin nəğmələrindən sərin yer tapa bilmədim. Dinlədikcə dinlədim, zilə çıxmış bürkünün kürkünü bəmlədim, qələm götürüb, belə bir ovqat yazısı qaraladım.
   
   O yazının sərlövhəsi uzun idi: «Nəğməli yaşam odasından, «uzaq, yaşıl ada»sından ayrı düşmüş Mirzə dayı, o dünyana salam olsun bu dünyadan!». Ardınca da belə bir yarımbaşlıq vermişdim ki: «Mahnılarının sayından, Allahın verdiyi yaş payından, o şux sənət eşqindən, şah məhəbbət həvəsindən ki uzun deyil bu başlıq, ay Mirzə dayı!..»
   Göydən yenə od tökülür! Söz vaxtına çəkər - lap beş il əvvəlki kimi.
   Havalar istidi, yaman istidi, ay estrada Günəşimiz! Sən haqda bu yazıya «nədən başlamaq» temperaturu da bir tərəfdən...
   «Kimlər gəldi, kimlər getdi bu dünyadan» deyib, fəlsəfə açdın başımıza.
   Sən özün də gəldin və... getdin! Əslində, mahnılar insanın cəncəllik yükünü bir az yüngülləşdirmək üçündü. Sən isə, indiki bəzi şop-şap-şupçuların qulaqlarından iraq, sonalayıb-sonulayıb elə mahnılar oxuyurdun ki, cahıllıqda ilk məhəbbətdən, ahıllıqda man sevgilərdən umsuq qalanların «dədəsinin toyu» yadına düşürdü. «Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ», «Tək səbir» kimi ictimai nemətləri, «Daha nə istəyirsən?», «Çəkil, mən bir dərvişəm!» kimi hərbə-zorbaları öz nəğməkar «dəyirmanında» narınca-narınca üyüdüb, zövq təknəmizə süzərdin...
   Havalar istidi, bərk istidi, Mirzə dədə. Bəndə nə danışmaq istəyir, nə yazmaq. Hələ yaxşı ki, bu şəhərin təbii kondisioner-bulvarı, irili-xırdalı parkları var. Yoxsa sənin «Sevgilim»ini sevən sevgililər neyləyərdilər. Yamanca-yananca istidi. «Yağışdan sonra göbələk» müğənnilər bu qızmar yaya sərinlik verə bilmirlər. Bunlar sənin «Sorağını gül-çiçəkdən aldığın kəpənək» ab-havasını yarada bilmirlər; bunların çoxu yar-kəpənək uğrunca yox, disko-bar-kəpənək dalınca qaçıb, havaları daha da bürküləşdirir, bu istidə cızdağımızı çıxarırlar, Mirzə qədeş!
   Havalar istidi, yaman istidi. Görəsən, sənin doğulduğun ildə - 1913-cü sənədə necəymiş Bakıda havalar? Məşədi İbadlı, Qoçu Əsgərli Bakıda. Məşədi İbaddan söz düşmüşkən, sən öz ecazkar səsinlə o ağsaqqal aşiqin kinoportretinə necə də polifonik rənglər əlavə edibsən, ustad! Üzeyir bəyin qələmiylə «rüsvayi-cahan»laşan, Əliağa Ağayev ustalığıyla mitili atılan o Məşədini - o çağların min, bu vaxtların tin cavanlarına dəyən İbad kişini sən öz vokal-ifalarınla dübarə zavallılaşdırmısan. Məşədi İbadın öz qoçu dəstəsilə Rüstəm bəyin üstünə hücum səhnəsinin baş qəhrəmanı sənin Səsindir. «Qızı mənə, qızı mənə gərək verəsən! Verməsən hərgah, eylərəm bədnam, Çünki mən bir tacirəm, baxmaram bəgə!» - deyə hayqıran Səsin!
   Kinodan söhbət düşmüşkən, sən uzun sənət marşrutunun bütün dayanacaqlarında apaydın görsənirdin. «Dərviş Parisi partladır» filmində elə bir əcaib-qəraib Dərviş obrazı yaratdın ki, xalqın təsəvvüründəki bu abstrakt «tip»in çox məziyyətləri açıqlanmış oldu. «Bəyin oğurlanması»nda Amanoğlu obrazı ilə bir çox baş rol ifaçılarından baş oldun. Hələ «Telefonçu qız», «Romeo mənim qonşumdur», «Dəli Kür», «Qorxma, mən səninləyəm», «Mən mahnı qoşuram» və s. filmlərdəki özünəməxsus - məhz özünə məxsus rolların!..
   Deyirlər, səndəki nəğməkarlıq çeşməsinin gözünü böyük bəstəkarımız Tofiq Quliyev açıb. Olsun. Allah Tofiq müəllimə rəhmət eləsin. Ancaq, əcəba, müəllim ülgüsündən çıxan hər tələbəmi Mirzə ola bilir?! «Liman», «Gəlmədi», «Bağışla», «İkimizin yerinə», «Zəfəran», «Sevgi nəğməsi», «Pəncərəmə qondu günəş», «Uzaq, yaşıl ada» kimi estrada şedevrlərini yaratmaq hər şəyirdinmi işidir? Düzdür, ilk vaxtlar xalq sənin «havanı» bir az çətin qəbul edib, bir müddət buna süni nəfəs kimi baxıb. Amma getdikcə öyrəşib. Hətta zaman gəlib ki, sənin hava-havacatınsız yaşaya bilməyib və düz otuz il Azərbaycan teleradiosunun «Məktublar» şöbəsinə axışan arzuların mayakı olmusan.
   Deyirlər, bəstəkarlar sənə ifa etdirmək istədikləri mahnıların «hə»sini alınca, az qala o dünyaya gedib-qayıdırmışlar. Alnına qalxan pırpız qaşların enənədək bilmirmişlər ku, qız atasının razılığı timsalında olan o «hə»ni verəcəksən, ya yox... Əlbəttə, düz edirmişsən. Axı sən bununla milyonların «hə»sini, «bravo»sunu almalıydın!
   Ruhunu bir anlıq ruhumuza qoş, dinləyək səni. Həə... Mahnıları məna sanbalına görə seçib-sonalamağın bir yana, sözləri necə tələffüz etməyinə bax! Hər söz, hər kəlmə birər-birər, hər takt, keçid dənəvər-dənəvər! Misralar bir-biriylə necə tutuşur, hicranlar necə sızlayır, vüsallar necə qovuşur! «Taylı tayını tapar» qafiyələri bir-birinin vüsalına yetmək üçün sənin Səsinin bir gülündən uçub, o birinə tələsirlər...
   Havalar istidi. Ərəsət istidi, Mirzə baba! Aləm bir-birinə qarışıb, fikir-xəyal ilğımlansa da, bax bu an, bir vaxtlar BDU-nun tələbələrilə görüşdə danışdığın bir xatirə düşdü yadıma. Böyük hind sənətçisi Rac Kapurun «Avara» filmindəki eyni adlı mahnını «cılxa Azərbaycanca» ifa etməyindən danışdın o gün. Danışıb, düşündürdün bizi. Oxuyub, zövq verdin bizə. Sonra da bu mahnının ilk ifaları zamanı sovet tərbiyəsi ilə «silahlanmış» ədəbi və musiqi ictimayyətinin sənə münasibət «məsələlərindən» gap edib, o ki var güldürdün bizi. Məzən olsun, Mirzə baba!..
   Deyəsən, sənə xitablarım içrə «Mirzə baba» da pis səslənmir, axı. Bu, həm də sənin soyadını xatırladır: Mirzə Babayev! Sənə «Mirzə dayı» da deyirdilər. Yaman dayı idin ha, Mirzə dayı! Bu titul hətta həyatımızdakı bütün «day-day»lıqlara qarşı eyham kimi də səslənirdi. Axı bu gün xalqın qulağını dəng eləyən müğənnilərin bir parası sənətə həmin «day-day»lıq «vəsiqə»silə keçənlərdir. Sənin və sənin kimilərin sənət-səs karvanına küylər «karvanı» da qoşulub. Bu karvanın dünənki sovet yükü indi də Avropa «made in»ləri ilə əvəz olunmaqdadır. Sən vaxt-bivaxt müəllimlərindən, ustadlarından danışardın, toy-büsatlarda onları öyərdin, yas-qaralarda rəhmət oxuyardın. Amma bu gün nə onlardan, nə səndən «oxumur» çoxları. Sələf-xələflik götürülür aradan. Əgər bu gün bu «bacoğlu»lar sizin kimi korifeylərə «trofey» kimi baxırsa, görəsən, sabahkılar bunlara nə kimi baxacaqlar, ay Mirzə dayı?!.
   Havalar çox istidi... və sənin Kərbəla əhvalatın. Sən Allahına, dininə bağlı adam idin. Bu, dunyanın hər üzünü görüb-yaşamağa məhkum sənətçilər üçün «elə-belə» keyfiyyət deyil. Xüsusən də sovet dövrü sənətçiləri üçün. Əlqərəz. 1956-cı ildə Xorasana, Quma səfər edirsən. Özü də o dövr üçün çox xoflu səslənən «nümayəndə heyətinin tərkibi»ndə. Qırmızı Moskvadan edilən bu «qara» Kərbəla səfərində sən, Rəşid Behbudov və Çingiz Sadıqov «...həm ticarət» məsəlini ziyarətə dəyişirsiz. Müqəddəs ziyarətgaha buraxılmağınız «Kəlmeyi-şəhadət»i bilmək haqqınızla baş tutur. Rus sənətçilərindən birinin «Çto takoe «kalmei-şaxadet?» sualına isə əsl Mirzə «kod»u tapıbsan. «Get, Lenin yoldaşın «seçilmiş əsərləri»nə bax, bilərsən»...
   Havalar dözülməz dərəcədə istidi... və Allah sənin yerini behişt eləsin, Mirzə baba!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar