Əsil sənətkarların ancaq doğum tarixi olur. Cismani ömrün son nöqtəsi isə dünyasını dəyişdiyi qəmli gün kimi yadda qalır. 2008-ci ilin payızından haqq dünyasına qovuşmuş böyük musiqi xadimi, unudulmaz Müslüm Maqomayev kimi. Ecazkar yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin bütöv bir dövrünün rəmzi sayılan, milyonlarla insanın rəğbət və məhəbbətini qazanan, bəşər mədəniyyətində möhtəşəm xidmətləri olan Müslüm Maqomayevi “Bakı bülbülü" adlandırırdılar. Nəfəsi gedib, səsi bizlərə əbədi yadigar qalan bu unudulmaz sənətkar milli musiqimizin parlaq nümayəndəsi idi.
Musiqisevərlərin çox yaxşı yadındadır ki, səkkiz il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Müslüm Maqomayev günləri necə coşqunluqla keçirildi. Bu da səbəbsiz deyildi. Böyük musiqi xadiminin həmin vaxt 60 yaşı tamamlanırdı. Həmişə şöhrətin və pərəstişin zirvəsində dayanan Müslüm Maqomayev ad gününün xoş ovqatını məhz Azərbaycanda, doğma Bakıda yaşadı.
Onu bu şəhərdə həmişə böyük ehtiram və məhəbbətlə gözləyərək əzizləyiblər. Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə Müslüm Məhəmməd oğlu Maqomayevi dövlətimizin ən böyük mükafatı olan "İstiqlal" ordeni ilə təltif edərək böyük sənətkara təbrik məktubu göndərmişdi. Həmin məktubda deyilirdi: "İncə musiqi duyumunuz, müxtəlif xalqların və dövrlərin mədəni irsini yaradıcılığınızda əks etdirmək qabiliyyətiniz səhnəyə gəldiyiniz ilk günlərdən Sizi musiqi mədəniyyətinin pərəstiş olunan xadimlərindən birinə çevirmişdir. Siz yaradıcılığınızda klassik ənənələrə xas olan nurlu və humanist obrazları qoruyub saxlayaraq zamanın tələblərinə də layiqli cavab verməyi bacarmısınız. Sizin müasir musiqi mədəniyyəti problemlərini özünüzəməxsus baxımdan əks etdirən yaradıcılığınız məhz təkrarsız Maqomayev üslubunda öz təəssüratını tapmışdır. Bu üslub Azərbaycan Opera və Balet Teatrının səhnəsində olduğu kimi, Sizin tərəfinizdən yaradılmış Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin fəaliyyətində də özünü parlaq şəkildə büruzə vermişdir".
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, böyük bəstəkarımız Üzeyir Hacıbəyovun sənət dostu Müslüm Maqomayevin nəvəsi idi. Ailə mühitindən gələn tərbiyə və incəsənətə olan dərin məhəbbət hələ uşaqlıq illərindən Müslümü musiqiyə çəkirdi. Bir tərəfdən də ulu Tanrı ona geniş diapazona malik cazibədar, məlahətli səs bəxş etmişdi. Müslüm Maqomayev Helsinki şəhərində keçirilən VIII Dünya Tələbə və Gənclər Festivalında çıxış edərək beynəlxalq mükafat qazananda 20 yaşı var idi. Onun şöhrəti tezliklə keçmiş Sovet İttifaqının bütün respublikalarına yayıldı. Təsəvvür edin ki, Moskvada P.Çaykovski adına salonda tamaşaçılar bu azərbaycanlı balasının ilk konsertini sürəkli alqışlarla qarşılayanda Müslüm 21 yaşına təzəcə keçmişdi.
Görünür, bu da taleyin yazısıdır ki, Müslüm çox gənc ikən bütün dünyada məşhurlaşdı. Bu məşhurluq o qədər hüdudsuz və geniş idi ki, həmişə konsert salonlarında yerlər azlıq edərdi. Müslüm qədər sevilən, alqışlanan sənətkarlar az olub. Stadionda minlərlə dinləyici ayaqüstə Müslümü alqışlayardı. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılardı. Müslüm Maqomayev səsi ilə ürəkləri elə fəth etmişdi ki, bu yaraşıqlı, gözəl oğlanın pərəstişkarlar əlindən dincliyi yox idi. Onu sevənlər yollara, küçələrə səpələnirdilər. Müslümü uzaqdan görmək üçün axşamdan səhərəcən dalanlarda ayaqüstə mürgü döyənlər olurdu. Bu, faktdır. Müslümün qazandığı sevginin sonu görünmürdü.
Nahaq yerə ona "Bakı Bülbülü" adını verməmişdilər ki?! Müslümü sevənlər arasında kimlər yox idi? Sadə əmək adamlarından başlamış dövlət rəhbərlərinə kimi hər bir insan bu qəribə səs sahibinin vurğunu idi. Müslüm Maqomayevi sovet estradasının "parlaq ulduzu", "kralı", "simvolu" adlandırırdılar. Bu qiymətləndirmə adi pərəstişdən yaranmamışdı. Faktdır ki, klassik ariya və mahnıları ilk dəfə estradaya məhz Müslüm Maqomayev gətirmişdi. SSRİ-nin Xalq artisti fəxri adını alanda Müslüm Maqomayevin 31 yaşı var idi. Şöhrət çox tez və həm də halal surətdə onun ünvanına qanadlandı. «Bakılı bülbülü» bütün dünya sevirdi!
Mahnı yaradıcılığı ilə həmişə zamanın fövqündə dayanan Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər yer tuturdu. O, yalnız ifaçı deyildi, özü də gözəl mahnılar bəstələyərdi. Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı ürəkləri fəth etmiş, dillər əzbəri olmuş ən gözəl əsərlərdən biridir. Hərdən fikirləşirsən ki, həmişə alqışlarla, rəğbətlə qarşılanan, sevilən, konsertləri həsrətlə, səbirsizliklə gözlənilən Müslüm Maqomayev qədər xoşbəxt adam olubmu? Ümumiyyətlə, bu şəxsiyyət hansısa ciddi problemlərlə rastlaşıbmı? Sən demə, cəmi 66 il yaşayacaq bir ömür vaxt olub ki, həyatın həm fərəhli, həm də ağır hökmləri ilə üz-üzə dayanıb.
Unudulmaz Müslüm Maqomayev dünyasını dəyişəndə onu sevənlərin hamısı şok içində idi. Həmin hüznlü günlərdə həmkarları, musiqi mütəxəssisləri bu böyük sənətkar haqqında maraqlı hadisələr, bəzən də geniş oxucu, dinləyici auditoriyasına bəlli olmayan xatirələr danışdılar. Müslüm Maqomayev təbiəti və yaradıcılığı etibarilə çox müstəqil şəxsiyyət idi. Sovet dövründə repertuarına elə mahnılar salıbmış ki, ölkə rəhbərlərinin xoşuna gəlməyib, bu səbəbdən də bir neçə dəfə onun konsert salonlarında çıxışına, qastrollarına qadağa qoyulub. Əslində, "KQB" orqanlarında çalışanlar Müslümün səsindən, ahəngindən, ona olan sevgidən qorxurmuşlar. Amma Müslüm Maqomayev bütün təzyiqləri, qadağaları çox nadir bariton səsi ilə elə vurub dağıtmaq qüdrətinə malik idi ki, bu, az müğənniyə qismət olan səadətdir. Təkcə ona görə yox ki, Müslüm qorxmaz və əyilməz idi. Müslüm sağlığında korifey idi. Müslüm Maqomayev sözün əsl mənasında fenomen şəxsiyyət olub. Onun səsinin möcüzəsi qarşısında heç bir qadağa, təzyiq uzunömürlü ola bilməzdi. Həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, canı, qanı ilə doğma torpağa bağlı idi.
Hələ 22-23 yaşlarında gözəl və yumşaq tembrli, gur səsi ilə insanları öz nəfəsinin sehrinə salan, şöhrəti dünyanı dolaşan Müslüm Maqomayev bir çox operalarda ifa etdiyi partiyalara öz möhürünü elə vurmuşdur ki, biz onları ancaq o səsdə, o ahəngdə qəbul edə bilirik. Məsələn, "Sevilya bərbəri"ndə Fiqaro partiyası. İllərdir ki, o səsdəki qeyri-adilik, ritm, sehr qulaqlarımızdan çəkilmir. Bəlkə bu partiyanı yaxşı oxuyanlar olub, təbii ki, var, amma heç kim Müslüm Maqomayevin çatdığı o cazibəli zirvəni fəth edə bilməyib. Dövrümüzün az qala əfsanəvi insanına çevrilmiş Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin milli sərvəti idi.
O, Rusiya ilə Azərbaycan arasında elə bir mənəvi körpü salmışdı ki, bu körpü bölünməz olaraq qaldı. Müslüm Maqomayev xalqlar birliyinin canlı rəmzi idi. İstər Moskvada, istərsə də Bakıda ümummilli lider Heydər Əliyevin əli həmişə onun kürəyində olub. Ulu öndər Müslüm Maqomayevin yaradıcılığına böyük rəğbət göstərirdi. Korifeylər sırasında əzəmətli dayanan Müslüm Maqomayevin estrada, teatr və kinodakı fəaliyyəti, xüsusilə də ifaçılıq sənəti haqqında çox yazılıb, hələ də yazılacaq.
Etiraf edək ki, Müslüm yaradıcılığına ən səmimi və dəqiq qiyməti yenə də məhz unudulmaz Heydər Əliyev verib: "Müslüm Maqomayevin nadir səsi, məftunedici səhnə istedadı, yüksək musiqi mədəniyyəti ona ifaçılıq sənətinin klassik opera və estrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir. Uzun illər keçsə də, həmin incilər bu gün də vokal ifaçılığının zərgər dəqiqliyi ilə, cilalanmış gözəlliyi ilə ruhumuzu oxşamaqda davam edir".
Görkəmli musiqi xadiminin, Azərbaycan xalqının sənətkar oğlunun - Müslüm Maqomayevin 2008-ci ilin oktyabrında dünyaya vida etməsi pərəstişkarlarını dərindən sarsıtdı. Moskvada ilk dəfə solo konsert verdiyi, bununla da geniş şöhrət tapdığı P.Çaykovski adına konsert salonunda böyük müğənni ilə vida mərasimi təşkil edildi. İstər həmin mərasimdə iştirak edənlərin söylədiklərindən, istərsə də televiziyadan izlədiklərimizdən bu ağır kədərin içində bir fəxarət duyğusu yaşandı. İnsanlar axın-axın - 5 kilometr məsafə boyunca dayanaraq Müslüm Maqomayevə son borclarını verirdilər...
Azərbaycanda doğulmuş, böyümüş, təhsil almış Müslüm Maqomayev mədəniyyətimizin nailiyyətlərini çox məharətlə dünyaya göstərə bilmişdi. Onun yaradıcılığı dünya mədəniyyətşünaslarının, musiqişünaslarının maraq və tədqiqat obyektinə çevrilmişdi.
İnsan olumla ölüm arasındakı məsafəni müxtəlif səmtlərə yönəldə bilər. Amma o zaman ulu Tanrının dərgahında sevimli olur ki, beşiklə məzarı eyni torpaqda yerləşsin. Bu mənada ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Müslüm Maqomayevin cənazəsinin Bakıya gətirilməsi, öz babasının yanında torpağa əmanət edilməsi Tanrıya xoş gedən müqəddəs bir əməl oldu. Həm də Müslüm Maqomayevin Vətənə dönüşü əbədiləşdi.
Səsi bütün dünyanın musiqisevərlərinin yaddaşında həmişəlik yaşayacaq Müslüm Maqomayev haqqında keçmiş zamanda danışmaq bizə ağır olsa da, ürəyimizdə bir təsəlli var. Müslümün səsi konsert salonlarında, televiziya kanallarında, radio dalğalarında səslənməkdədir. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilib. Biz necə fəxr etməyək ki, bütün dünyanın sevdiyi Müslüm Maqomayev Azərbaycan oğludur. Qədirbilən xalqımız mədəniyyətimizin bu parlaq nümayəndəsi ilə haqlı olaraq həmişə fəxr edib, onun professional musiqimizdəki xidmətlərini yüksək qiymətləndirib. Sehrli nəfəsinin, avazının qanadlarında ruhumuzda lövbər salacaq səsi bizi həmişə öz ovsununda saxlayacaq:
Ey əziz anam, Azərbaycan,
Sənə bağlıyam, Azərbaycan.
Anamın anasısan,
Qardaşlıq dünyasısan.
Avqustun 17-si dahi sənətkarın doğum günüdür. Əgər ömür vəfa etsəydi, pərəstişkarları bu yay onun 68 yaşının işığına toplaşacaqdılar. Amma qədərin yazdığını kim poza bilib ki?! İki il öncə bir payız günündə susan bülbülün səsi bizi heç zaman tərk etməyəcək!
Flora Xəlilzadə