Aktrisa Elmira Hüseynova vəfat edib

 

Uzun illər Azərbaycan Dövlət Kukla Teatrında kuklaçı artist kimi fəaliyyət göstərmiş tanınmış səhnə xadimi Elmira Hüseynova 28 avqust 2024-cü il tarixində, 72 yaşında vəfat edib.

Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. 159 saylı orta məktəbi bitirib. Məktəbli dövründən kukla tamaşalarına maraq göstərib, dram dərnəklərində iştirak edib.

1970-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Kukla Teatrına dəvət olunan Elmira Hüseynova 2023-cü ilədək burada çalışıb, bu teatrın yaradıcılıq salnaməsinə adını əbədi həkk etdirib.

Aktrisa fərqli mövzu və janrlı onlarla səhnə əsərində irili-xırdalı 200-ə yaxın rol oynayıb.  Teatrın səhnəsində F.Məmmədovun “Tələ quran özü düşər” (Ördək balası), R.Heydərin “Göylər qonağı” (Ulduz), Ə.Məmmədovun “Cəsur uşaqlar” (I qız), N.Zamanov və M.Məmmədovun “Səfərin nağılı” (Səfər), V.Rabadanın “Zəncirlənmiş pəri” (Qarı), S.Marşalın “Bu ev kimin evidir?” (Qurbağa), H.Ziyanın “Əkiz qardaşlar” (Əkiztayı), Anarın “Qaravəlli” (Fəridə Fəridova), T.Qarabağlının “Du, du, yol verin” (Dovşan), M.Lermontovun “Aşıq Qərib” (Qız), M.Quliyevin “Dovşanın məhkəməsi” (Xoruz), R.Əlizadənin “Sindibadın xoşbəxtlik adasına səyahəti” (Fərraş) və digər tamaşalarda özünəməxsus oyun texnikası və səs tembri ona tamaşaçı rəğbəti qazandırıb.

Elmira Hüseynova eyni zamanda teatra gələn gənc aktyorlara kukla sənətinin sirlərini sevə-sevə öyrədib.

Teatrda çalışdığı illərdə yaradıcı heyətlə birgə 20-dək ölkədə qastrol səfərində olub, festivallarda iştirak edərək nailiyyətlərə imza atıb.

Ömrünün 53 ilini sənətə həsr edən aktrisa bir ilə yaxın sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin.