Onun şeirləri özü kimi sadə, səmimi və təbii idi. Odur ki, onun barəsində keçmiş zamanda danışmaq çətindir. Amma onu hər zaman - ilin dörd fəslində də xatırlamaq xoşdur... Söhbət poeziyamızın Qabilindən gedir. Avqustun 12-i Xalq şairi Qabilin doğum günü idi...
   
   ...“Yayın təndir hənirində bir körpə də İçərişəhərin təzə sakininə çevrildi. Kim bilərdi ki, təqvimin bu adi günü vaxt ötəcək tarixə dönəcək, Qabil adlı sənətkar yetişəcək”. Yazıçı-publisist Əmir Mustafayev Qabil haqqında belə yazacaqdı. Bəlkə də tariximizin qədim bir parçasında dünyaya gəldiyinə görədir ki, sonralar Qabilin yaradıcılığını rəngli poeziya adlandırıb göy qurşağına bənzədəcəkdilər. Əslində Qabilin poeziyası özünə bənzəyən poeziyadır. Sadə, işıqlı, qanadlı...
   Ötən əsrin tən yarısında - 1950-ci ildə “Səhər açılır” adlı ilk şeirlər kitabı ilə Qabil yaradıcılığında səhər açıldı. Və nə yaxşı ki, bu səhər özü ilə poeziyamıza yeni nəfəs, yeni ruh gətirdi. Bu mənada 1958-ci ildə şairin “Mehparə” adlı poeması mühitdə və ictimaiyyət arasında böyük hadisə kimi dəyərləndirildi. Qabil 30-dan çox kitabın müəllifi kimi tanındı və sevildi.
   Hələ 33 il əvvəl qələm yoldaşı, yazıçı Elçin Qabil yaradıcılığı barədə yazırdı: “Qabilin poeziyası iddiasız poeziyadır. Burada iddia ilə imkan arasında təzad yoxdur, ona görə də ürəklərə yol tapa bilir, hissləri oxumağı bacarır, düşüncələrə həmsöhbət olur. Qabil poeziyası həm də müasir poeziyadır, zəngin Azərbaycan poeziyası ənənəsinə sadiq, novator poeziyadır. Qabil poeziyası vətəndaş - şair poeziyasıdır”.
   Vətən sözü müqəddəs,
   Əs bu söz üstündə, əs!
   Qabilin şeirlərinin öz musiqisi var. Bu musiqini duymaq üçün Qabilin sənətini duymaq lazımdır. Çünki Qabilin şeirlərindəki lirika həyatdan gəlmə, sağlam lirikadır.
   
   Harda ümman görürəm
   Sən yadıma düşürsən,
   Mənim mavi Xəzərim!
   Harda liman görürəm
   Sən yadıma düşürsən,
   Mənim doğma şəhərim!

   
   Aristotel deyirdi ki, poeziya əslində tarixdən daha ciddi və daha fəlsəfidir. Bu mənada şairin on il müddətinə qələmə aldığı on üç min misralıq “Nəsimi” poemasını Qabil yaradıcılığının zirvəsi adlandırırlar. Qabil “Nəsimi” poeması ilə sözün və şairin ölməzliyini bir daha sübut etdi.
   Nəğməkar şairimiz Cabir Novruz Qabil yaradıcılığı barədə yazırdı: “ Bir kimsə, hətta rəqibləri də dilinə gətirə bilməz ki, “Səhv düşəndə yerimiz”, eləcə də digər neçə-neçə gözəl şeirlərin, poemaların, nəhayət, “Nəsimi” kimi bir əsərin müəllifi Qabilin poeziyamızda yeri səhv düşüb. Əksinə, hamımız yaxşı bilirik ki, görkəmli sənətkarımız Qabilin ədəbiyyatımızda özünün çox görümlü, danılmaz yeri var. Artıq o bu yerin daimi sakinidir...”
   
   Müsibət oluruq biz,
   Səhv düşəndə yerimiz.

   
   Əgər Qabil təkcə “Səhv düşəndə yerimiz” şeirini yazmış olsaydı belə, o poeziyamızda yaşayacaqdı.
   Qabil yazdıqları ilə, poeziyamıza gətirdiyi səmimi duyğuları, fikirləri ilə zamansız şairdir.
   Milyon sıfır
   Bir rəqəmin solunda
   Hədərdi...
   Bircə sıfır
   Bir rəqəmin sağında
   Qədərdir!

   
   Və bir də Qabil doğum günündə yox, hər zaman xatırlanacaq şairdi... Çünki o hər zaman xalqının yanında olub. 20 Yanvar müsibətində hər misrası qan ağlayan “Mərsiyyə” şeiri ilə dərdli xalqına ağı dedi, talan olmuş yurdunu düşmənlərdən azad etmək üçün Azərbaycan əsgərinə ünvanladığı “Ümid sənədir ancaq...” şeiri vətənpərvərlik ruhunda yazılmış ən gözəl şeir nümunələrindən biri oldu:
   
   Uzanır danışıqlar,
   İmzalanır sənədlər.
   Xəritədə aləmə
   Göstərilir sənədlər...
   Səsimizə səs verir
   Dünya başbilənləri,
   Ümid sənədir ancaq
   Azərbaycan əsgəri!
   
   Qabil yazdıqları, yaratdıqları ilə ölümsüz şairdir. 12 avqust isə onun dünyaya gəldiyi gün idi...
   
   Təranə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar