XX əsr özbək nəsrinin inkişafında mühüm xidmətləri olan yazıçılardan biri də publisist, dilçi alim və tərcüməçi Abdulla Qədiridir. Ötən əsrin 30-cu illər repressiyasının arzularını yarıda qoyduğu ədib həyatda görüb şahidi olduğu hadisələri qələmə alıb, dövrün reallıqlarını çatdırmağa çalışıb. Bu il görkəmli yazıçının anadan olmasının 130 illiyidir.

Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə bir tacir ailəsində dünyaya göz açıb. Geniş dünyagörüşlü, mütərəqqi fikirli insan olan atası Abdullanın təlim-tərbiyəsinə diqqət yetirir. Onu əvvəlcə molla məktəbinə qoyur. Abdulla sonra təhsilini yerli rus-özbək məktəbində (1908–1912) davam etdirir. Rus dilini yaxşı öyrənir. Təhsilini başa vurduqdan sonra Daşkənddə bir mülkədarın yanında mirzəlik edir. Eyni zamanda mütaliəsini də davam etdirir. Klassik cığatay (özbək) ədəbiyyatını dərindən öyrənir.

Həmin dövrdə tədricən Türküstanda maarifçilik hərəkatı vüsət alır, dövri mətbuat inkişaf edir. Bu mütərəqqi hərəkat Abdulla Qədiriyə də öz təsirini göstərir. Çünki o, xalqının xurafat girdabında çabalamasından narahat idi. Düşünürdü ki, maarif və mədəniyyət bu problemlərin aradan qaldırılması üçün yeganə təsir vasitəsidir.  Buna görə də xalqının dünyaya açıq gözlə baxması üçün qələmə sarılır. “Julkunboy” imzası ilə şeirlər yazır. “Əhvalımız”, “Toy”, “Millətimiz”, “Fikir” kimi şeirləri, “Uloqda”, “Bunlar bizim” və s. hekayələri dövri mətbuatda dərc olunur.

Yaradıcılığı oxucular tərəfindən maraqla qarşılanan Abdulla Qədiri çox keçmir ədəbi aləmdə geniş tanınmağa başlayır. Mahmudhoca Behbudinin “Padarkuş” dramının təsiri ilə “Bəxtsiz adaxlı” adlı (1915) əsərini yazır. O, bu əsərlərində xalqı zamanla ayaqlaşmağa və müasirliyə səsləyir.

Abdulla Qədiri dünyagörüşünü və təhsilini artırmaq məqsədilə Şeyx Abdulqasım mədrəsəsinə sənəd verir. Ancaq təhsilini başa vura bilmir. 1916-cı ildə çar II Nikolayın fərmanı ilə Türküstandan 20-45 yaş arası kişilər səfərbərliyə alınır. I Dünya müharibəsində (1914–1918) yardımçı işlərdə çalışmaq üçün cəbhəyə göndərilir. Lakin çarın bu sərəncamı etirazla qarşılanır, Türküstanı üsyan dalğası bürüyür. Bölgəyə ordu qüvvələri göndərilir. Yüzlərlə özbək ailəsi ev-eşiyindən didərgin salınır. Bütün bunlar Abdulla Qədirinin gözləri qarşısında baş verir... Digər soydaşları kimi, o da sonradan bolşeviklərin vədlərinə və gözəl səslənən şüarlarına inanır. Bolşeviklər xalqla ünsiyyət qurmaq üçün Abdulla Qədiri kimi ziyalı gənclərdən istifadə etməyə çalışırlar. Beləliklə, o, 1918-ci ildə Daşkənddəki Əskişəhər qəza komitəsinə katib təyin olunur. Bir il sonra onu bolşeviklərin ideyalarını təbliğ etmək məqsədilə yeni təsis edilən qəzetdə işə götürürlər. 1919–1923-cü illərdə qəsəbə sovetinin katibi, bolşeviklərin özbək dilində açdıqları “İştirakuyun” və “Qızıl bayraq” qəzetlərində çalışır. 1923-cü ildə “Müştüm” (“Yumruq”) adlı satirik jurnala baş redaktor təyin edilir. Bu arada 1919-cu ildən yazmağa başladığı “Ötən günlər” romanını tamamlayır. Romandan parçalar qəzet və jurnallarda çap olunur. Əsər tez bir zamanda böyük əks-səda doğurur. Tanınmış özbək dilçi-türkoloqu Xalid Səid Xocayev romanı Azərbaycan dilinə tərcümə edir və əsər 1929-cu ildə Bakıda çap olunur.

Abdulla Qədiri 1925-ci ildə Moskvada ədəbiyyat kursuna göndərilir. Birillik kursu başa vurduqdan sonra Daşkəndə qayıdır. “Mehrab əqrəbi” romanını çap etdirir. Əsər özbək xalqının XIX yüzillikdəki həyat tərzindən bəhs edir. Oxucular tərəfindən maraqla qarşılanan tarixi-etnoqrafik əsər 1929-cu ildə Səmərqənddə təkrar nəşr edilir. Ancaq roman sosializm realizminin prinsiplərinə tam cavab vermədiyi üçün tənqidə məruz qalır. Dövri mətbuatda “xırda burjua yazıçısı” kimi qələmə verilir. Haqsız tənqidlərdən sıxılan yazıçı bir ara yeni əsərlər yazmağa ara verir. Qələmini tərcüməçilik sahəsində sınamaq istəyir. Bir sıra xalqların ədəbi nümunələrini özbək dilinə tərcümə edir. Var gücü ilə özbək dilinin zənginləşməsinə, saflaşmasına töhfələr verir.

Abdulla Qədiri ölkədə baş verən haqsızlıqlara, sosializm quruculuğu adı altında həyata keçirilən antimilli siyasətə qarşı mübarizə aparanlara qoşulur. Gizli antisovet təşkilatının fəallarından birinə çevrilir. Xüsusi xidmət orqanları isə bu təşkilatın fəaliyyətini ciddi izləyir. 1937-ci ilin sentyabrında Abdulla Qədiri və əqidə yoldaşları həbs olunur. Fəaliyyətləri araşdırılmadan, sorğu-sualsız 1938-ci il 4 oktyabr tarixində Daşkənddə Bozsu çayı vadisində güllələnirlər.

Xalqının azadlığı yolunda həyatını itirən Abdulla Qədiri 1956-cı ildə (ölümündən sonra) bəraət alır. 1991-ci ildə Özbəkistan müstəqilliyinə qovuşduqdan sonra adına Dövlət mükafatı təsis edilir. Daşkənddə metro stansiyalarından biri onun adını daşıyır. Əsərlərinin külliyyatı çap olunub, haqqında bədii və sənədli filmlər çəkilib.

2019-cu ildə TÜRKSOY-da (Ankara) yazıçının 125 illik yubileyi münasibətilə konfrans keçirilib. 2023-cü ilin avqustunda ölkəmizdə keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində Milli Kitabxanada ədibin “Ötən günlər” romanının Azərbaycan dilində yeni nəşrinin təqdimatı olub.

S.Fərəcov