XX əsrin birinci yarısında yaşayıb-yaratmış saz-söz ustadlarımız çox olub. Onlardan bəzilərinin həyat və yaradıcılığı yetərincə öyrənilməyib. Belə sənətkarlardan biri də Dirili Aşıq Surxaydır. Jurnalist-etnoqraf Ənvər Çingizoğlu Dirili Aşıq Surxay haqqında araşdırma aparıb. Onunla görüşüb el sənətkarının həyat və yaradıcılığı barədə məlumat verməsini xahiş etdik. Həmkarımız xahişimizi məmnuniyyətlə yerinə yetirdi:
   
   - Dirili Aşıq Surxay 1902-ci ildə Cəbrayıl rayonunun Dirili (indiki Xudayarlı) kəndində anadan olub. Əvvəlcə kənddə molla yanında ibtidai təhsil, sonra isə Təbriz şəhərində ali dini təhsil alıb. Ərəb, fars dillərini mükəmməl bilib. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonlarında aşıqlıq edib, ad-san qazanıb.
   Aşıq Surxayın atası Bəyalı müasir dünyagörüşlü, savadlı kişi olub. Ona görə də o, oğlunun yüksək təhsil və savad almasına səy göstərib. Bəyalı kişi ayı bir onluq qızıl pula əslən Təbrizdən olan müəllim tutur. Müəllim Surxaya dərs deyir, ona elmin əsaslarını öyrədir.
   Surxay çox çalışqan, işıqlı gənc olub. Onun təbrizli müəllimi Bəyalı kişiyə deyir: “Bu uşaq çox zəkalıdır. Onun təhsil alması yaxşı olardı”.
   Sonra ünvanını Bəyalı kişiyə verir. Bildirir ki, uşağı oxutmaq istəsən bizə gətirərsən. Beləliklə, atası Surxayı Təbriz şəhərinə aparır. Ali ruhani məktəbinə qoyur. O, təhsilini başa vurduqdan sonra Təbrizdə qalır. Elə həmin məktəbdə də işə düzəlir. 1917-ildə Şimali Azərbaycanda da, Cənubi Azərbaycanda (İranda) da ictimai-siyasi vəziyyət dəyişir. Surxayın Təbrizdə işlədiyi məktəbdə yoxlamalar aparır, bir neçə nəfərlə birlikdə onu da göz altına alırlar. Bir müddət sonra atası Təbrizə gəlir və onu həbsdən azad etdirərək geriyə, doğma kəndinə gətirir.
   Kəndin ağsaqqalları və qohumlar bir araya gəlirlər. Surxay işsiz qalmasın deyə bəzi məsləhətlər edirlər. Belə qərara gəlirlər ki, kənddə məktəb açsınlar.
   Bir gün Surxay yuxudan çox gec ayılır. Bu hal bir neçə gün təkrar olur. Həmişə deyib-gülən gənc dinib-danışmır. Çox fikirli görünür. Onun bu halı ata-anasını, qohum-əqrəbanı pərişan edir. Bir gün ürəyini yaxınlarına açır. Bildirir ki, ona yuxuda buta veriblər, butası Ağdaş elindən Mahbəri adlı bir qızdır. Onu bu yoldan döndərmək üçün çox çalışırlar. Nəhayət, onu butasından küsdürürlər. Surxay o gündən aşıqlıq etməyə başlayır. Nakam sevgisini də unutmur. Bayatılarında, qoşmalarında onu həmişə yad edir.
   Surxayın anası Sənəm Fərhad qızı deyərdi: “Qardaşım Cahangir Cəbrayıl qəzasının pristavı Məmməd bəyin yavəri idi. Bir gün dedilər, Məmməd bəyin yaxın qohumu toy edir. Qardaşım Surxayı da toya apardı. Toyda başqa aşıqlar da olur. Məclisdə Surxay da oxuyur. Pristav Məmməd bəy onun oxumasından təsirlənir. Yanına çağırır. Soruşur ki, niyə belə qəmli oxudun, kimsən, haralısan? O, oxuya-oxuya deyir:
   
   Əslim Diridağlıdır,
   Sinəm düyün-dağlıdır.
   İstərəm duram gedəm,
   Əl-ayağım bağlıdır.
   
   Surxayam sirdən desəm,
   Sədəfdən, dürdən desəm.
   Dağılar Diridağ,
   Dərdimi birdən desəm.

   
   Cahangir onun haqqında məlumat verir. Pristavın Surxaydan xoşu gəlir, ona mükafat olaraq at bağışlayır. “Bundan sonra bizim toylarda yaxından iştirak edərsən“, - deyir.
   Aşıq Dirili Surxayın günümüzə gəlib çıxan əsərləri azdır. Hələlik iki əsərini - “Aşıq elin atasıdır” və “Apar” şeirlərini tam şəkildə əldə edə bilmişik. Sənətkar “Aşıq elin atasıdır” şeirində deyir:
   
   Söylədiyim bu söz-söhbət,
   Aşıqlara çatasıdır.
   Aşıq eldən doğulsa da,
   Öz elinin atasıdır.
   
   El şad olsa, aşıq gülər,
   El dərdini aşıq bilər.
   Məhəbbətin eldən dilər,
   El aşığın butasıdır.
   
   Surxay deyər el içində,
   Yaşa, yarat öl içində.
   Nə yazılıb əl içində,
   Bu açdığın nə tas idi?

   
   Nakam sevgisinə qovuşa bilməyən Surxay könlünü ömürlük telli saza bağlayır. Ellərin, obaların toy məclislərinin yarı-yaraşığı olur. Həmişə də nakam sevgisini anır, onun eşqiylə bayatılar, qoşmalar yazır, xalq məhəbbəti qazanır. Ancaq Dirili Surxay bu dünyadan erkən köçür. 1945-ci ildə, 43 yaşında vəfat edir...
   
   Qələmə aldı:
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar