Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir. Sənətkarın ömür kitabından bəzi səhifələrə nəzər salaq.
   
   
   Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun musiqi sənətini seçməyində istedadı ilə yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri olub.
   Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırır.
   Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və s. əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülmüşdü.
   Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif incəsənət tədbirləri keçirilir və hətta bəstəkarlar haqqında bu mənzildən dəfələrlə verilişlər hazırlanıb. Hər il avqust ayında isə burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar doğulduğu ayda, avqustun 2-də (1984) vəfat edib.
   Prezident İlham Əliyevin sərəncamına əsasən 2012-ci ildə Niyazinin anadan olmasının 100 illiyi qeyd olunacaq. Bu, maestro Niyazinin möhtəşəm sənətkarlığına ehtiramın ifadəsidir ki, o, daim xalqın yaddaşından silinmir. Elə bizim həmsöhbət olduğumuz sənətkarlar da onu işıqlı xatirələrlə anırlar. Onların dediklərini oxucularımıza da çatdırırıq:
   
   Firəngiz Əlizadə,
   Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri

   
   “Niyazini Azərbaycanda və keçmiş SSRİ məkanında tanımayan insan yox idi. Kim onu səhnədə görübsə, bu gün də unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət o qədər yüksək səviyyəli musiqiçi idi ki, onun ifası insanlara o qədər böyük təəssürat bağışlayırdı ki, bunu unutmaq mümkün deyil. Niyazinin repertuarı çox zəngin idi. Mən onun haqqında Sabir Kərimovun kitabına nəzər salanda orada elə əsərlərin adına rast gəldim ki, bunlar məni çox valeh etdi. Çünki həddən ziyadə yüksək musiqi nümunələridir. Onlar Niyazinin interpretasiyası ilə səslənib. Skryabinin “Ekstaz” poeması, Taneyevin “İohan Domoskin” əsəri və s. Bunları vaxtilə Niyazi Azərbaycanda ifa edib. Bu əsərlərə az-az müraciət olunurdu.
   Bir faktı da mütləq qeyd etməliyəm ki, bu da sırf Niyazinin xidməti ilə bağlıdır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər cümə günü Filarmoniyada simfonik musiqi axşamları keçirilirdi. Bu konsertlərin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, konsertlərdə dünya klassik nümunələri ilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərini də böyük şövqlə ifa edər və öz parlaq dirijor məharəti ilə hamını heyran qoyardı. Onun barəsində çox danışmaq olar. Azərbaycan musiqi mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır”.
   
   Ramiz Zöhrabov,
   Xalq artisti, sənətşünaslıq doktoru, professor

   
   “Mən onunla çox yaxın yaradıcılıq ünsiyyətində olmuşam. Niyazi nə qədər istedadlı musiqiçi idisə, o qədər də məsuliyyətli ictimai xadim, təşkilatçı idi. O, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında direktor vəzifələrində çalışıb. Uzun illər biz Filarmoniyada birgə işləmişik. Yaxşı yadımdadır ki, o, Filarmoniyaya direktor təyin olunan kimi yeni ideyalar həyata keçirməyə başladı. Məsələn, bəstəkarların, ifaçıların yaradıcılıq və xatirə gecələri, muğam axşamları və s. bu kimi tədbirlərin təşəbbüsçüsü məhz Niyazi olub.
   O, böyük bir düha idi. Həm əməlləri, həm əsərləri, həm də xeyirxah işləri ilə Niyazi mədəniyyətimizə, xüsusən də musiqi sənətinə misilsiz töhfələr bəxş edib. Amma, açığını deyim ki, onun haqqında hələ layiqli monoqrafiya yazılmayıb. Düzdür, Niyazi haqqında oçerk və məqalələr yazılıb, radio və televiziya verilişləri hazırlanıb. Amma bunlar belə tam mənada Niyazinin yaradıcılığını ehtiva etmir. Odur ki, Niyazi irsinin hələ də öyrənilib tədqiq olunmasına gərək var”.
   
   Fərhad Bədəlbəyli,
   Xalq artisti, professor

   
   “Hacıbəyovlar ailəsi Azərbaycanın dahi simalarını yetirən nümunəvi bir nəsildir. Başda Üzeyir bəy olmaqla bu ailənin üzvləri xalqımızın layiqli vətəndaşlarıdır. Maestro Niyazi də o parlaq, nümunəvi şəxsiyyətlərdəndir. Onun haqqında danışmaq mənə çətindir. Çünki ondan o qədər yaxşılıqlar görmüşəm, bilmirəm hansını deyim. Onun evi mənim üçün əsil sənət məktəbi olub. Bu evdə Rixter, Rostropoviç, Şostakoviç və daha neçə-neçə görkəmli sənətkarları görmüşəm. Hansı dünya şöhrətli musiqiçi Bakıya gəlsəydi, mütləq maestro Niyazinin evində qonaq olmalı idi. Bu artıq bir ənənəyə çevrilmişdi. Orada keçən görüşlər həm incəsənət, həm diplomatik söhbətlər üçün çox əhəmiyyətli idi. Bu həm də maestronun qonaqpərvərliyindən, yüksək humanist keyfiyyətlərindən irəli gəlirdi. Niyazinin musiqiçi kimi xidmətləri əvəzolunmazdır. Çünki Niyazi sadəcə dirijor deyildi. O, bütün varlığı ilə musiqiyə bağlı və əsil sənət fədaisi idi. Niyazi ifa etdiyi əsəri bütün varlığından keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi. Odur ki, o, orkestrin bütün üzvlərindən ciddi tələblər edirdi. Məhz buna görə də onun idarəsi ilə orkestr çox parlaq və möhtəşəm səslənirdi. Mən özümü xoşbəxt hesab edirəm ki, Niyazi ilə bir səhnədə çıxış etmək mənə də nəsib olub. O günlər mənim üçün əlçatmaz və unudulmazdır”.
   
   Əlbəttə, maestro Niyazi haqqında belə xatirələr çoxdur. Çünki, o, öz xidmətləri ilə yalnız özünü deyil, neçə-neçə sənətkarı, onların əsərlərini yaşadıb. Bu yerdə Niyazinin təbliğatçılıq fəaliyyətindən danışmaq istərdim. Qeyd etdik ki, o, Azərbaycan və dünya musiqisinin mahir interpretatoru olub. Amma, aydın məsələdir ki, bu klassik nümunələri xalqa sevdirmək də sənətkardan xüsusi məharət tələb edir. Yəqin ki, qocaman insanlar yaxşı xatırlayarlar ki, Niyazi nəinki konsert salonlarında, hətta tarla düşərgələrində belə konsert verərmiş. Bu da təsadüfi deyildi.
   Bu yerdə Niyazinin öz fikirlərindən bir nümunəyə nəzər salaq: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun mənəvi aləminə, estetik musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.
   Maestronun bu fikirləri hər zaman üçün aktualdır. Əminik ki, onun buna bənzər deyimləri professional musiqinin təbliği yolunda əsil mənbə olacaq. Hələ neçə-neçə nəsillər əbədiyaşar Niyazi məktəbindən bəhrələnəcəklər. Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun ustad!”
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar