Dünən, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin doğum günü idi. M.Dilbazi 1912-ci ildə Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində dünyaya göz açıb. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil aldıqdan sonra Quba Partiya Məktəbində ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının əlyazmaları fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində çalışıb.
   
   Yaradıcılığa təhsil illərində başlayan gənc şairin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilib. Bu jurnalda şairin keçən əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri də çap olunub. 1941-1945-ci illər müharibəsi dövründə bir çox sənətkarlarımız kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu mühüm yer tutub. Bu illərdə şairin yeddi kitabı çap olunub. Onların 6-sı müharibə mövzusuna həsr edilib.
   M.Dilbazinin qələmə aldığı “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemaları müəllifə böyük oxucu məhəbbəti qazandırıb və onun Azərbaycan poeziyasında əbədiyaşar bir şair kimi qalmasını təsdiqləyib. Bütün bu uğurlara görə o, iki dəfə “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.
   Şairin yazdığı lirik poeziya nümunələri dövrünün tanınmış bəstəkarlarının diqqətini cəlb edib. Bəstəkarlarımızdan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəstələyiblər.
   M.Dilbazi Nizami Gəncəvi, Xəqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, həmçinin Evripidin “İppolit” faciəsini Azərbaycan dilinə tərcümə edib. Eyni zamanda, sənətkarın əsərləri də xarici dillərə tərcümə olunub.
   2001-ci il iyulun 12-də vəfat edən Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.