1993-cü il avqustun 23-ü yeni tariximizdə ağrı-acı ilə xatırlanan günlərdən biridir. Həmin gün Azərbaycan Qarabağ müharibəsində iki böyük itkiyə məruz qalıb.
   
   Ermənistan silahlı qüvvələrinin ondan bir həftə öncə başlamış intensiv hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsi, o cümlədən hər iki rayonun mərkəzi - Cəbrayıl və Füzuli şəhərləri işğal olunub. Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun - Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu. Nəticədə sözügedən rayonlar da (Qubadlı avqustun 31-də, Zəngilan oktyabrın 29-da) düşmən əlinə keçdi. Bu yazıda Cəbrayıl rayonunun indi həsrətlə xatırlanan gözəl təbiəti, qədim və zəngin tarixi-mədəni irsi barədə söhbət açacağıq.
   Kiçik Qafqaz dağlarının ətəklərində binə tutan göz öxşayan mənzərəli, zümrüd meşəli, buz bulaqlı bu yurdun adı, bəzi mənbələrə görə, İslamda və monoteist dinlərdə Allahın ən yaxını mələyi olan Cəbrayılın adı (ərəbcə "Allahın qulu") ilə bağlıdır. Rayon ərazisində, Araz çayı üzərindəki məşhur Xudafərin körpülərinin də adının “Allah” kəlməsi ilə bağlı olması ("Xudafərin" - "Allaha eşq olsun") da bu ehtimalı (dini etimologiya) gücləndirir.
   Digər mənbələrə görə, Cəbrayıl adı VIII əsrdə yaşamış Cəbrayıl atanın adından götürülüb. Cəbrayıl ata həmin dövrdə Sultan Əhməd adlı hökmdarın yaxın adamlarından biri olub və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin (sonrakı rayon mərkəzi) şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan məqbərənin izləri günümüzədək gəlib çıxmışdı. Cəbrayıl bölgəsi X-XI əsrlərdə Azərbaycan Şəddadilər dövlətinin, XIV əsrdə Teymurilər, XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI-XVII əsrlərdə Səfəvilər dövlətinin, XVIII əsrdə Qarabağ xanlığının tərkibinə daxil olub. 1805-ci ildə Qarabağ xanlığının Rusiya imperiyası tərəfindən ilhaqından sonra bölgə müxtəlif ərazi-inzibati vahidlərin tərkibində (Cəbrayıl qəzası) olub. Azərbaycanın Rusiya və İran arasında bölünməsindən (1813-1828) sonra Cəbrayıl rayonundakı Xudafərin körpüsü bu ayrılığın - Şimali və Cənubi Azərbaycan arasındakı nisgilin simvoluna çevrilib.
   Cəbrayıl rayonu Azərbaycan Respublikasının inzibati vahidi kimi 1930-cu il avqustun 8-də təşkil edilib. Rayonun ərazisi 1050 kv km, əhalisi işğaldan öncə təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 yaşayış məntəqəsi) işğal altındadır.
   İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi.
   
   Tarixi-mədəni irsi haqqında məlumat
   
   Rayon ərazisindəki qədim abidələr, mağaralar, qalaların bürcləri, məbədlərin qalıqları bu bölgənin zəngin tarixi irsinin göstəricisidir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamanını, Xudayarlı kəndindəki dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlar kəndində dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə "Hacı Qaraman Çələbi", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" ziyarətgahlarını misal göstərmək olar.
   Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Dağtumas kəndi yaxınlığındakı "Divlər sarayı", Mahmudlu kəndi yaxınlığındakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı "Ağoğlan"ı, Dağtumas kəndi yaxınlığındakı "Tumas ata"nı misal göstərmək olar.
   
   Rayon ərazisindəki dini abidələr
   
   1. Hacı Qaraman ziyarətgahı. Çələbilərin XIII əsrdə indiki Türkiyə ərazilərindən məşhur Qaraman tayfasının tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlib, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndinə köçüb. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar ocaq kimi ziyarətgaha çevrilib.
   2. Cəbrayıl Ata ziyarətgahı. Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə (uzunluğu 4,5 m, eni 2,4 m, hündülüyü 1,8 m). Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı bir yerində ayrıca dəfn edilmişdir. Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul edilir.
   3. Qara daş ziyarətgahı. Cəbrayıl mərkəzində olan Qara daş səmadan gələn daş olduğu üçün əhali tərəfindən ziyarətgah kimi qəbul edilir.
   4. Ağoğlan, Qurbantəpə ziyarətgahları. Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi bütpərəstlik dövründən qalma abidədir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi müsəlman ziyarətgahına çevrilib.
   5. Mazannənə, Mərmərnənə ziyarətgahı. Professor M.Seyidovun verdiyi məlumata görə, Mazannənə qədim türkdilli tayfalarda Allahın anasının adı olub. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan köhnə yaşayış məskəni Mazanənə kəndi adlanıb.
   6. Tumas Ata abidəsi. Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas Ata abidəsi də bütpərəstlik dövrünün yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas atanı öz əcdadları hesab edir və müqəddəs ocaq kimi sitayiş edirlər.
   
   Rayonun görkəmli şəxsiyyətləri
   
   Cəbrayıl böyük saz-söz ustadı Aşıq Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın doğulduğu, ilham aldığı torpaqdır. Rayonun görkəmli şəxsiyyətləri, alimləri Azərbaycanın dövlət və ictimai-siyası həyatına, elm, təhsil və mədəniyyətinə töhfələr veriblər. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmiş Həsən Həsənov, uzun illər respublikanın maarif naziri olmuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, Xalq yazıçısı Sabir Əhmədli və başqaları bu torpağın yetirmələridir.
   
   Hazırladı: Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar