Vəfa Fətullayeva Azərbaycan səhnəsinə, Azərbaycan teatrına elə bir təbiilik gətirdi ki, süni bütlər çat verib yerlə yeksan oldu, teatr cana gəldi, Vəfa aktrisa kimi bunu bacardı...   

    Ancaq ölümlə bacara bilmədi. Cəmi 42 il yaşadı. 23 ildir ki, həyatdan və çox sevdiyi səhnədən ayrılıb. Ancaq 23 ildir ki, Azərbaycan tamaşaçısı hələ də səhnədə və ekranda gördüyü, sevdiyi çılğın, ərkəsöyün, sadə, utancaq, kədərli, güləyən Vəfa Fətullayevanı unuda bilmir. Çünki Vəfa səhnədə özü idi. Obrazı üstünə biçmirdi, obrazı içindən keçirirdi. İri, qara, mənalı gözləri heç vaxt tamaşaçını aldatmırdı.
   Vəfa gördüyü həyatı olduğu kimi səhnəyə gətirmək, səhnə ilə tamaşaçı arasındakı şəffaf pərdəni bir az da şəffaflaşdırmaq, hərəkətləri, yerişi, duruşu, ürəkdən gələn qəhqəhələri ilə dünyanı tamaşaçıya unutdurmaq istəyirdi. Bəlkə ona görə ki, Vəfa səhnəyə şöhrət üçün gəlməmişdi. Gözünü açandan anasının başında şöhrət çələngi görmüşdü, atasının fırçasında bütün rəngləri çalarına qədər sezmişdi. Vəfa üçün maraqlı olan sənət və sənətin cazibəsi idi. Sənətin içində özgələrinin həyatını yaşayanda Vəfa özü də yaşayırdı.
   Vəfa sənətkar ailəsində dünyaya gəlmişdi. Atası Azərbaycanın Xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ-nin Xalq artisti Hökumə Qurbanova idi. Ancaq o özü olmaq istəyirdi. Rejissorluq fakültəsində oxusa da, günlərin birində fakültəsini dəyişib teatrşünas olmaq qərarına gəldi. Amma teatrşünas da olmadı. Günlərin birində özünü böyük teatrın səhnəsində tapdı. Rejissor Tofiq Kazımov Vəfanı yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Fəridə roluna dəvət etdi. Bu rolu oynamaq onun üçün əlbəttə, çətin idi. Çünki tamaşaçılar arasında onun ən həssas tamaşaçısı - anası Hökumə Qurbanova vardı. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla, təbii oynadı ki, tamaşaçı ilk gündən Vəfanı, Vəfa da səhnəni sevdi. “Məhv olmuş gündəliklər” ona uğur gətirdi.
   Bundan sonra Vəfa bir-birinin ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar yaratdı. İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində Gülgəz, N. Hikmətin “Məhəbbət əfsanəsi”də Şirin, N. Xəzrinin “Sən yanmasan”ında Tənzilə, M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”da Şərəfnisə, U.Şeksprin “Heç nədən hay-küy”də Beatriçe, M.İbrahimovun “Kəndçi qızı”nda Bənövşə, Anarın “Sizi deyib gəlmişəm”də Zeynəb rollarını böyük ustalıqla yaratdı.
   Çəkildiyi “Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi” televiziya tamaşalarındakı rolları isə Vəfa Fətullayevanı milyonlarla tamaşaçıya sevdirdi. Televiziya tamaşalarında Vəfanın bir sənətkar kimi görünməyən tərəfləri üzə çıxdı, Vəfa baş rolların ən yaxşı ifaçısı kimi şöhrət qazandı. Xarakterindəki çılğınlıq, emosiya, kövrəklik və xanımlıq səhnədə bir-birini tamamladığından, Vəfa səhnəmizin ən çox sevilən və səhnəmizə ən çox yaraşan aktrisalarından birinə çevrildi.
   Səhnədə tapdığı xoşbəxtliyi görəsən, Vəfa həyatda necə, tapa bildimi? Bu suala cavab vermək çətindir, ancaq həqiqət olan budur ki, səhnəni sevdiyi kimi Vəfa həyatı da, insanları da sevirdi. Nə yazıq ki, 42 yaşında ölüm səhnəsini oynayası oldu. Səhnədə yox, həyatda. Bu, Vəfanın sonuncu rolu idi...
   Uzun illərdir ki, Vəfanın təbəssümü səhnədən və yaddaşlardan silinmir, 23 ildir ki, Vəfa unudulmur. Yaşasaydı bu gün 65 yaşı tamam olacaqdı...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar