O, Vəkilovlar ailəsində dünyaya gələndə atası Səməd Vurğun çox sevinmişdi. Çünki nəsillərində daha çox oğlan uşağı vardı. Ailənin yeganə qızı Aybəniz qardaşları Yusiflə Vaqifin arasında ortancıl övlad idi. Atanın Aybənizə olan böyük mehr-məhəbbətini uzaq səfərlərdən göndərdiyi məktublardan da hiss etmək olar. O, bütün ailə üzvlərinə ayrı-ayrılıqda müraciət edib ürək sözlərini yazarkən qızına bunu da bildirirdi ki, qayıdanda onu bir saat bağrına basıb öpəcək.…
   
   Aybəniz böyüdükcə ailəyə layiq övlad olurdu. O, əvvəllər Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbində, sonra isə 132 saylı orta məktəbdə təhsil almışdı. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışmış, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdu. Sonra elə orada əmək fəaliyyətini davam etdirib.
   1975-ci ildən Xalq şairi S.Vurğunun ev-muzeyi açılan vaxtdan baş mühafiz, 2006-cı ildən isə muzeyin direktoru vəzifələrində çalışıb. İşlədiyi müddətdə dəfələrlə SSRİ-nin, Azərbaycanın mədəniyyət nazirliklərinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Şərəf nişanı” ordeninə layiq görülüb.
   Aybəniz xanımın muzey fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən də qiymətləndirilib. 1997-ci ildə anadan olmasının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərən ulu öndər Aybəniz xanımı 2002-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına, 2003-cü ildə “Prezident təqaüdü”nə layiq görüb.
   Aybəniz Vəkilova Beynəlxalq Muzeylər Şurasının üzvü kimi bir sıra beynəlxalq konfranslarda iştirak edib. Müxtəlif illərdə S.Vurğunun yubileyləri münasibətilə nəşr edilmiş kitabların tərtibçisi, şairə həsr edilmiş bir çox kitabların, “Səməd Vurğun” sənədli filminin elmi məsləhətçisi olub. 1994-cü ildə təsis etdiyi “Səməd Vurğun Fondu”na rəhbərlik edib. Muzeyin fəaliyyətinə həsr olunmuş “Vurğun ocağı-25” adlı albom və “Sözləri Səməd Vurğunundur” adlı mahnı diskinin ərsəyə gəlməsi, internetdə şairin həyat və yaradıcılığına, muzeyin fəaliyyətinə həsr olunmuş saytın yaradılması da onun xidmətləridir. 2007-ci ildə türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülüb.
   Yaşasaydı, kim bilir, mədəniyyətimizə nə qədər töhfə verəcəkdi. Amma amansız ölüm buna imkan vermədi. İndi ikinci ildir ki, dostları, rəfiqələri sentyabrın 9-da Aybəniz xanımın doğum gününü onsuz keçirəcək, xatirəyə dönən ömründən söhbət açacaqlar.
   
   İradə