Azərbaycan
   
   8 sentyabr 1949 - Görkəmli teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.
   8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Yevlax rayonunda doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, Azərbaycan Televiziyasında mədəniyyət mövzusunda verilişlərin müəllifidir.
   8 sentyabr 1982 - Tanınmış teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 8.9.1982, Bakı) vəfat edib.
   
   9 sentyabr 1937 - Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilova (1937-13.6.2009) Bakıda anadan olub. Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi, uzun müddət Səməd Vurğunun ev-muzeyinin baş mühafizi, 2006-cı ildən isə direktoru işləyib.
   
   10 sentyabr 1917 - Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarından biri Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub.
   10 sentyabr 1931 - Vokal ifaçısı, aktyor, uzun müddət Musiqili Komediya Teatrının solisti olmuş Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub.
   10 sentyabr 1935- Ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev anadan olub.
   10 sentyabr 1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub.
   
   11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913-7.5.1998) anadan olub. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib.
   11 sentyabr 1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski) (8.3.1851 - 11.9.1914) vəfat edib. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərmiş İsmayıl Qaspıralı Krım tatarı (türkü) idi. Krımdakı Qaspra şəhərində doğulmuşdu. 1883-cü ildən ömrünün sonunadək "Tərcüman” qəzetinin naşiri olub.
   
   12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-3.1.1943) Şuşa şəhərində anadan olub. Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsinə göndərilib. 1943-cü il yanvarın 3-də orada vəfat edib, Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. Stalin repressiyasının qurbanı kimi 1956-cı ildə bəraət alıb. Yazıçının «İki od arasında» («Qan içində») əsəri Azərbaycan tarixi romanının klassik nümunəsidir.
   
   12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001, Bakı) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.
   12 sentyabr 2008 - Bakıda dahi özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.
   
   Dünya
   
   8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub.
   8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjakın (Antonin Dvorak, 1841-1904) doğum günüdür.
   8 sentyabr 1910 - Fransız aktyoru və rejissoru Jan-Lui Barro (Jean-Louis Barrault, 1910-1994) anadan olub.
   8 sentyabr 1923 - Görkəmli avar-sovet şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923-2003) Dağıstanın Sada kəndində anadan olub.
   8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellersin (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) doğum günüdür.
   8 sentyabr 1937 - Məşhur türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) anadan olub.
   
   9 sentyabr 1583 - İtalyan bəstəkarı Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub.
   9 sentyabr 1769 - Müasir Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub.
   9 sentyabr 1823 - Rus ədəbiyyatşünası və filosofu Valerian Maykov (1823-1847) anadan olub.
   
   9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoyun (1828 - 20.11.1910) doğum günüdür.
   
   9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub.
   9 sentyabr 1930 - Rus aktrisası Nadejda Rumyanseva (1930-2008) anadan olub.
   9 sentyabr 1960 - İngilis kinoaktyoru Hyu Qrant (Hugh Grant - Hugh John Mungo Grant) anadan olub.
   
   10 sentyabr 1839 - Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.
   10 sentyabr 1872 - Rus yazıçısı, Uzaq Şərqin tədqiqatçısı («Dersu Uzala» romanı) Vladimir Arsenyev (1872-1930) anadan olub.
   10 sentyabr 1912 - Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup, 1912-1988) anadan olub.
   10 sentyabr 1914 - Amerika kinorejissoru, iki dəfə «Oskar» laureatı Robert Uayz (Robert E. "Bobby" Wise, 1914-2005) anadan olub.
   10 sentyabr 1948 - Məşhur rus kinoaktoyru İqor Kostolevskinin doğum günüdür.
   10 sentyabr 1955 - Rusiyanın məşhur estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda anadan olub.
   10 sentyabr 1958 - Məşhur Amerika kinorejissoru və ssenaristi Kris Kolambus (Chris Columbus) anadan olub.
   10 sentyabr 1964 - Ötən əsrin 80-ci illərinin məşhur rus-sovet estrada müğənnisi Yevgeni Belousovun (1964-1997) doğum günüdür.
   
   11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O.Henri (O. Henry - William Sydney Porter, 1862-1910) anadan olub.
   11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (Pliekşans) anadan olub.
   11 sentyabr 1894 - Ukrayna-sovet kinorejissoru Aleksandr Petroviç Dovjenko (1894-25.11.1956) anadan olub.
   11 sentyabr 1903 - Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub.
   11 sentyabr 1937 - Məşhur rus-sovet estrada müğənnisi İosif Kobzonun doğum günüdür.
   11 sentyabr 1940 - Amerika kinorejissoru Brayan de Palma (Brian de Palma) anadan olub.
   
   12 sentyabr 1921 - Dünya şöhrətli Polşa yazıçısı və satiriki Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub.
   12 sentyabr 1933 - Rus-sovet aktrisası, SSRİ-nin Xalq artisti Tatyana Doronina anadan olub.
   12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakovun doğum günüdür.
   12 sentyabr 1972 - İngilis kinoaktyoru («Ölüm yarışı», «Müharibə») Ceyson Stetxem (Jason Michael Statham) anadan olub.