1918-ci ildə Cümhuriyyətimizi qorumaq üçün Azərbaycana gəlmiş Osmanlı türk ordusunun 1130 əsgəri bu yolda canını fəda etdi
   
   Azərbaycanın tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin - Azərbaycan Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.
   
   Birinci Dünya savaşında ağır vəziyyətdə olmasına rəğmən Osmanlı dövləti 1917-ci ilin sonunda süqut etmiş çar Rusiyasının imperiyasından qurtulmağa çalışan türk xalqlarının istiqlalı üçün addımlar atmağa başlamışdı. 1918-ci ilin 28 mayında istiqlalını elan edən Azərbaycan da özünün dil, din və qan qardaşı olan Türkiyənin yardımına ümid bəsləyirdi. Türkiyə bu ümidi doğrultdu. Mayın 25-də Osmanlının hərbi naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşa 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəldi.
   1918-ci il iyunun 4-də Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "daimi sülh və dostluq münasibətləri" haqqında saziş imzalandı. Osmanlı ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırdı. Əsas məsələ isə Azərbaycanın paytaxtını daşnak-bolşevik güruhundan azad etmək idi.
   Ənvər paşanın göstərişi ilə Osmanlı ordusunun beşinci diviziyası Azərbaycana göndərildi. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə, milli hökumətə köməyə gəldi. Əhali Osmanlı qoşunlarını böyük sevinclə qarşıladı.
   Osmanlı diviziyası və Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi orduya 18 min hərbçi daxil idi.
   Stepan Şaumyanın başçılıq etdiyi və əksəriyyəti ermənilərdən ibarət olan Bakı Sovetinin qoşunları da hadisələri seyr etmək niyyətində deyildi. İyunun 10-da Bakı Sovetinin ixtiyarında olan 20 minə yaxın qoşun Gəncə istiqamətinə yürüşə başladı.
   Erməni daşnak ordusu yürüş boyu əhaliyə qarşı görünməmiş amansızlıq həyata keçirirdi. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdı və burada Nuru paşanın komandanlıq etdiyi Qafqaz-İslam Ordusu ilə daşnak qüvvələri arasında qanlı döyüş oldu. İki həftə sürən döyüşlər Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi.
   Bu döyüşdən sonra Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də Şamaxı şəhəri azad edildi.
   İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu, düşmən qiyafəsini dəyişdi və 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət yeni mürtəce qurum - "Sentrokaspi" diktaturası yaradıldı. Bakını nəyin bahasına olursa-olsun əldən vermək istəməyən "Sentrokaspi" diktaturası ingilis qoşunlarını köməyə çağırdı. Lakin bu kömək onları xilas edə bilmədi.
   Qafqaz-İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma keçdi, daşnak qoşunları darmadağın edildi, xilaskar ordu Bakıya daxil oldu. Qafqaz-İslam Ordusu Bakını Cümhuriyyətə, Cümhuriyyəti isə bütün Azərbaycan millətinə qovuşdurdu. Sentyabrın 17-də milli hökumət Bakıya köçdü.
   Lakin qardaş ölkənin xilaskar ordusu Azərbaycanda çox qala bilmədi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə dünya savaşının qalibləri - Antanta dövlətləri (Britaniya, Fransa, ABŞ) arasında bağlanan Mudros müqaviləsinə görə, Osmanlı qüvvələri Bakını tərk etməli idilər, onların əvəzinə şəhərə ingilis qoşunları daxil olmalı idi.
   Qısa müddət ərzində türk hərbi kontingenti Azərbaycanın istiqlalı uğrunda əlindən gələni etmişdi, Bakının azad olunmasından sonra Azərbaycanın şimal bölgələrində, həmçinin Qarabağda apardığı savaşlarda yüzlərlə şəhid vermişdi. Ümumilikdə 1918-ci il iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı uğrunda savaşda Qafqaz-İslam Ordusu 4 min nəfər şəhid vermişdi. Onların 1130 nəfəri Osmanlı-türk əsgəri idi.
   1918-ci il noyabrın 17-də səhər axırıncı türk əsgərləri Bakını tərk etdi. İki ay öncə onları sevinc və coşqu ilə qarşılayan əhali hüzn və kədərə qərq olmuşdu. Həmin gün general Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil oldu. Qardaş ölkənin xilaskar ordusu ilə vidalaşan Bakı ingilis hərbçilərini qaşqabaqlı qarşıladı. Çünki onların niyyəti də, məramı da fərqli idi. Daha sonra Bakı küçələrindəki ingilisləri rusların XI ordusu əvəz etdi.
   Amma bunların heç biri 1918-ci ilin 15 sentyabrının təkrarı deyildi, ola da bilməzdi. Baxmayaraq ki, 70 ilə yaxın bir müddətdə bəlli ideologiya bizlərə məhz XI rus ordusunun xilaskar olduğunu aşıladı, Bakının mərkəzində ona abidə də qoyduq. Lakin 1990-cı ilin 20 Yanvarı bu saxta tarixi də, ona ucaldılmış qondarma abidəni də zamanın küllüyünə tulladı.
   Bəli, tarix gec-tez hər şeyi öz yerinə qoyur və 70 ilin ideoloji örtüyünün gizlətdiyi gerçək, kitab və dərsliklərimizdən çıxarılsa da, qan yaddaşımızdan heç zaman silinməmiş qəhrəmanlıq salnaməsi tariximizdə haqq etdiyi yerini tutdu.
   
   * * *
   Gerçək tariximizlə yanaşı, həmin tarixi qanları ilə yazmış şəhid qardaşlarımızın xatirəsi də bərpa olundu. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı məzarların yanında möhtəşəm bir abidə ucaldıldı. 1918-ci ilin sentyabrında Bakını daşnaklardan azad edərkən şəhid olmuş türk əsgərləri azərbaycanlı şəhid qardaşları ilə birlikdə burada torpağa tapşırılmışdı. 1918-ci il mayın 25-dən noyabrın 17-dək davam etmiş və Gəncədən Bakıyadək uzanmış savaş yolu boyunca türk əsgərlərinin gömüldüyü bir neçə yerdə belə xatirə abidələri ucaldılıb.
   Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş 1130 türk əsgərinin xatirəsinə ucaldılan bu qranit abidələr heç vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi gələcək nəsillərə tarixdən dərs verəcək daş kitabələrdir. Qoy Azərbaycanın hər yeni nəsli bu qranit kitabələrin üzərində həkk olunmuş tariximizi diqqətlə oxusun və unutmasın.
   
   Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar