20-ci əsrin əvvəli Azərbaycan professional musiqi mədəniyyətinin inkişafı yolunda mühüm mərhələdir. Tariximizin bu səhifəsinə nəzər yetirəndə dərhal diqqətimiz dahi Üzeyir bəyin xidmətləri üzərində köklənir. Onun Azərbaycan mədəniyyətinin inkişafı, xalqın maariflənməsi, professional musiqi janrlarının inkişafı yolundakı fövqəladə fəaliyyəti əvəzsizdir. Üzeyir bəyin bu misilsiz fəaliyyətində ən yaxın silahdaşları, sənət dostları haqqında danışarkən isə ilk növbədə böyük bəstəkar Müslüm Maqomayevin adı çəkilir.
   
   Tanrı xalqımızın mədəniyyətini, maariflənməsinin inkişaf etdirilməsi üçün, ona eyni ildə hətta eyni gündə iki böyük sima bəxş edib. Bunlar 1885-ci ilin 18 sentyabrında dünyaya gələn Üzeyir Hacıbəyli və Müslüm Maqomayevdir. Müxtəlif məkanlarda doğulsalar da, bir amala xidmət ediblər. Eyni amalda yaşayan bu sənətkarların həyatında bir-birlərinə oxşayan çoxlu maraqlı cəhətlər var. Hərçənd hər ikisinin özünəməxsus yaradıcılıq üslubu, sənət yolu var. Amma onu da qeyd etməliyik ki, dahi Üzeyir Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə əziz dostu, yaxın sirdaşı və sənətdə silahdaşı kimi həmişə məsləhətləşib, onunla yaradıcılıq ideyalarını bölüşüb. İndi isə bir qədər Müslüm Maqomayevin ömür kitabından bəzi səhifələrə nəzər salaq.
   Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il 18 sentyabr tarixində Qroznı şəhərində anadan olub. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Elə Müslüm Maqomayevlə Üzeyir Hacıbəylinin tanışlığı da məhz bu illərdən başlayır. Amma seminariyanı bitirdikdən sonra hər ikisi müxtəlif yerlərdə müəllim işləyirlər. Müslüm Maqomayev Lənkəran şəhərinə təhkim olunur. 1905-1911-ci illərdə o, Lənkəranda müəllim işləyir, xalqın maariflənməsi yolunda çalışır. Müəllimliklə yanaşı, burada xor və dram dərnəkləri də açır, əhalinin mədəni inkişafına öz töhfəsini verir.
   Bu illər ərzində onlar yəni Üzeyir bəy və Müslüm məktublaşaraq bir-birlərinə öz fəaliyyətləri barədə məlumat verirdilər. M.Maqomayev Lənkəranda çətin şəraitdə yaşadığını vurğulayırdı. Üzeyir bəy də öz məktublarında dostunun Bakıya gəlməsini məsləhət görürdü. Bakıda milli musiqimizin təbliği və inkişafı yolunda gedən proseslər və bu sahədə Üzeyir bəyin xidmətləri M.Maqomayevi də özünə cəlb edirdi. Beləliklə, 1911-ci ildə o, Bakıya gələrək milli və professional musiqimizin təbliğinə qoşularaq Üzeyir bəyin ən yaxın silahdaşı kimi onunla çiyin-çiyinə çalışır.
   Artıq bu dövrdə Üzeyir bəyin yaratdığı sənət əsərləri xalqın musiqi zövqünü oxşayaraq peşəkar musiqiçilər yetişdirirdi. Beləcə, M.Maqomayev də o peşəkarlara qoşulur və 1912-ci ildə Üzeyir bəyin rəhbərlik etdiyi orkestrdə skripkaçı kimi fəaliyyətə başlayır. Onun Üzeyir bəylə birgə çalışması xalq musiqimizə, milli muğamlarımıza daha dərindən bələd olmasına və bu zəmində əsərlər yazmasına təkan verir.
   Bütün bunların sayəsində 1916-cı ildə M.Maqomayev Üzeyir bəyin muğam operası ənənəsini davam etdirərək “Şah İsmayıl” operasını yazır. Əsərin səhnə taleyi o qədər də asanlıqla başa gəlmir. İlk tamaşa rejissor Hüseyn Ərəblinskinin öldürülməsinə görə təxirə salınır. İkinci tamaşa günü Tağıyev teatrı yandırılır. Nəhayət, üçüncü dəfə 1919-cu ildə “Şah İsmayıl” operası səhnədə uğurlu taleyini yaşayır. Bəstəkar 1924-1925-ci illərdə operanın ikinci, 1930-cu ildə isə üçüncü redaktəsini işləyir. Sevindirici haldır ki, bu günə qədər həmin əsər Azərbaycan Opera və Balet Teatrının repertuarında yer alır.
   Qeyd etdiyimiz kimi, M.Maqomayevin yalnız bəstəkar kimi deyil, maarifçi, ictimai xadim kimi də xidmətləri təqdirəlayiqdir. Belə ki, 1921-ci ildə Xalq Maarif Komissarlığında mədəniyyət şöbəsinə rəhbər təyin olunur. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən isə Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. Yeri gəlmişkən, M.Maqomayev bu gün də hər səhər radio dalğalarında səslənən “Radio marşı”nın müəllifidir.
   Azərbaycan radiosunda çalışdığı dövrlərdə M.Maqomayevlə Üzeyir bəyin birgə məsləhəti ilə ustad tarzən Əhməd Bakıxanova xalq çalğı alətləri ansamblı yaratmaq tövsiyə olunur. Eyni zamanda, bu günə qədər fəaliyyət göstərən xalq çalğı alətləri orkestri yaranır.
   M.Maqomayev qədim folklor nümunələrinin toplanmasında da yaxından iştirak edib. Bu mənada onun 1927-ci ildə Üzeyir bəylə birgə tərtib etdikləri “Azərbaycan - Türk el nəğmələri” məcmuəsi çox qiymətli bir mənbədir. Bu məcmuədən hətta bir dərslik kimi musiqi tədrisində də geniş istifadə olunur.
   Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət etməklə yalnız musiqi əsərləri yaratmaq deyil, həm də bu əsərlərdə dövrün, zamanın aktual mövzularını əks etdirmək məqsədini əsas tuturdu. Bu baxımdan onun yazdığı bir sıra kütləvi, əmək, zəhmət mahnılarının adını çəkə bilərik. Bunlardan “Yay”, “Tarla” və başqaları misal ola bilər.
   M.Maqomayev Azərbaycan simfonik musiqisinin inkişafı üçün də bir sıra dəyərli əsərlər yazıb: “Azərbaycan çöllərində”, “Təsnifi-şur”, “Piş dəramədi çahargah” və başqa pyeslər məhz bu qəbildəndir.
   Bəstəkarın yaradıcılığının əsas hissəsi sovet quruculuğu dövrünə aiddir. Bu tarixi faktı unutmaq olmaz. Çünki bəstəkarlarımızın, o cümlədən M.Maqomayevin də əsərləri həmin dövrün tələbinə cavab verməli idi. Amma sənətkarlarımızın böyüklüyü ondadır ki, onlar öz əsərlərini elə ruhda, elə məzmunda yazıblar ki, həmin sənət nümunələri bu gün də öz bədii dəyərini itirməyib. M.Maqomayevin 1935-ci ildə Hüseyn Cavidin “Çobanlar” radio pyesinin süjeti əsasında yazdığı “Nərgiz” operası məhz bu qəbildəndir. Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur ki, bu da hər bir cəmiyyət üçün vacib keyfiyyətlərdir.
   Amansız xəstəlik bəstəkarın bu əsərini yarımçıq qoyur. O, 1937-ci ildə Nalçikdə vəfat edir. Bakıda dəfn olunur. M.Maqomayevin yaradıcılığına və şəxsiyyətinə olan diqqət və qayğının təzahürü olaraq ölümündən sonra ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilir və xüsusi tapşırıqla 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ongünlüyündə təqdim olunmaq üçün bəstəkarın “Nərgiz” operası maestro Niyazi və bəstəkar Qliyer tərəfindən tamamlanır.
   Bu ölməz sənətkarın əvəzsiz xidmətlərinin nəticəsi olaraq Azərbaycanın ən mötəbər mədəniyyət ocağı olan Dövlət Filarmoniyasına M.Maqomayevin adı verilib. Bu da bir daha bəstəkarın dünya səviyyəsində təqdim olunması deməkdir. Belə ki, müxtəlif ölkələrdən respublikamıza gələn və Filarmoniyadakı mərasimlərdə iştirak edən qonaqlar görkəmli bəstəkarı anır və onun barəsində məlumat əldə edirdilər.
   M.Maqomayev bütün yaradıcılıq axtarışları barədə həmişə Üzeyir bəylə məsləhətləşirdi. Tanrı bu iki sənətkara sanki eyni, qismən oxşar tale bəxş edib. Onlar yalnız sənətdə deyil, hətta həyatda da çox yaxın olublar. Belə ki, ikisi də eyni ailə ilə qohum olublar. Hər ikisi ilə yaxın dostluq edən Əli Terequlovun bacıları ilə - Məleykə xanımla Üzeyir bəy, Badigülcəmal xanımla isə Müslüm Maqomayev ailə qurublar. Beləcə, Azərbaycan mədəniyyətinin rifahı yolunda bütün çətinliklərə sinə gərən, bütün mənəvi ağırlıqları öz çiynində daşıyan iki böyük sənətkarın, Üzeyir bəy və Müslüm Maqomayevin adı qoşa qanad kimi birgə yad edilir. Hər biri ayrı-ayrılıqda öz fərdi yaradıcılıq təxəyyülü ilə ümumi mədəniyyətimizi inkişaf etdirmişlər.
   Xalqımızın milli və mənəvi sərvətlərinin, onun yüksək ideyalarla yaşayan sənətkarlarının əbədiyaşarlığı yolunda fövqəladə, əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyev də həmişə Üzeyir bəydən danışarkən Müslüm Maqomayevi unutmayıb. Onun xidmətlərini xatırlayıb. Bəli, ölməz sənətkarlarımızı əbədi yaşatmaq bizim mənəvi borcumuzdur.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas