Onun tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirdi. Onun komediyalarının dadı, duzu, istiotu qədərində, ölçüsündə oldu. O, hər zaman sevildi...
   
   70 ilə yaxındır ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlığa çıxır, “Nişanlı qız”ların “Hicran”ına son qoyulur, Allah bilir, bəlkə neçənci dəfədir ki, “Əliqulu evlənir”. Bütün bunlar “Yalan” deyil. Həqiqət budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb və olacağını təsəvvür etmək isə o qədər də çətin deyil.
   Bu il Sabit Rəhmanın anadan olmasının 100 illiyi qeyd olunur. Bu il ərzində görkəmli yazıçı-dramaturqu nə qədər xatırlayıb yad etsək, yenə də azdır...
   
   Sovet əxlaqına divan tutan “Toy”
   
   Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il mart ayının 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. İllər keçəcək, 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazacaq Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.
   Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazır. “Toy” toy kimi qarşılansa da, Sabit Rəhmanın yazdığı “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlirdi. Mərhum ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”-dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?
   Axı düz yarım əsr biz “Toy”u məhz belə təsvir və təhlil etmişik! Yox, teatr Cavidin və Müşfiqin yasını “Toy”la qeyd edə bilməzdi! Əslində bu toy ölən mənəvi-əxlaqi sərvətlər üçün Sabitin və səhnənin qoşa ittihamı, mövcud əxlaqa və zəmanəyə onların birlikdə tutduğu mənalı, eyhamlı divan və toy idi”.
   Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında bir insan taleyi dayanırdı. Necə ki, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.
   
   Aktyorlar üçün yaradıcılıq çeşməsi
   
   Bu mənada Sabit Rəhman zamanında sözünü deməyi bacardı və böyük sənətkarlar cərgəsində yer aldı. O, təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayıla bilər. Bunu vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.
   Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.
   Sabit Rəhman teatra çox bağlı insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılırdı. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirincə desək, Sabit Rəhman və Azərbaycan teatrı - bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.
   İllər arxada qalmışdı. Sabit Rəhman yaradıcılığını büsbütün komediya janrına həsr etmişdi. Kifayət qədər tanınır və sevilirdi.
   1970-ci ilin 23 sentyabrında teatrda “Küləklər” komediyasının məşqləri gedir, özü 60 illik yubileyinə hazırlaşırdı. Ancaq “Toy”dan başlanan yolda “Küləklər” əsdi. O, “Vəfasız” olmasa da, dünya ona vəfasız oldu. “Küləklər” komediyasını görmək ona nəsib olmadı. Sabit Rəhmanın iş otağında saatın əqrəbləri sanki donub, həmişə 3-15 dəqiqə qalmışı göstərir - Sabit Rəhmanın dünyadan ayrıldığı vaxtdır....
   Gülməyi və güldürməyi bacaran Sabit Rəhman dünyasını dəyişəndən sonra belə, ənənəsinə sadiq qalaraq əsərləri ilə insanları güldürməyi, sənəti, fitri istedadı, uzaqgörənliyi ilə zamanın fövqündə dayanmağı bacardı.
   Bu gün də Sabit Rəhmanın tamaşaları sevə-sevə baxılır, Şəki Dövlət Teatrı onun adını daşıyır.
   
   P.S. Ən sevdiyin və çox baxdığın tamaşa hansıdır? Bu sorğunun bir cavabı var: “Hicran”. Bu tamaşanın isə öz taleyi var...
   
   T.Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar