Azərbaycan
   
   1 oktyabr - Beynəlxalq Ahıllar günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
   1 oktyabr həmçinin Beynəlxalq Musiqi günüdür. Görkəmli dünya bəstəkarlarının, o cümlədən rus bəstəkarı Dmitri Şostakoviçin təşəbbüsü ilə UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Bu gün dünyada geniş konsert proqramları ilə qeyd edilir.
   1 oktyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr Azərbaycanda «Prokurorluq işçilərinin peşə bayramı günü» kimi qeyd edilir.
   1 oktyabr 1932 - Azərbaycan kinosunda bir sıra yaddaqalan obrazlar (“Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz) və s.) yaratmış Əkbər Fərzəliyev (1932-1999) anadan olub.
   1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov anadan olub.
   1 oktyabr 1965 - Qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 14.2.1895-1965) vəfat edib.
   1 oktyabr 1992 - BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi. 
   
   2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan (6.8.1832 - 1897) vəfat edib.
   2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
   2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş Məmmədzadənin doğum günüdür.
   2-8 oktyabr 1975 - Azərbaycanda «Sovet ədəbiyyatı günləri» mədəniyyət həftəsi keçirilib.
   2-11 oktyabr 1979 - Azərbaycanda «Ukrayna ədəbiyyatı və incəsənəti günləri» mədəniyyət dekadası keçirilib.
   2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
   2 oktyabr 1992 - Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (30-dək azərbaycanlılar yaşayan kənd) ibarətdir. 1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.
   
   3 oktyabr - Türkdilli xalqların həmrəyliyi günüdür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub. 
   
   3 oktyabr 1875 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) anadan olub. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
   3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur. O bu rolu teatrda 600 dəfə ifa edib.
   3-10 oktyabr 1972 - Azərbaycanda Zaqayqaziya sovet sosialist respublikalarının «Ədəbiyyat və incəsənət ongünlüyü» keçirilib.
   3 oktyabr 1996 - Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev (26.5.1914-1996) vəfat edib.
   
   4 oktyabr 1895 - Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944) Bakıda, alman kolonistlərinin ailəsində anadan olub. 1941-ci ildə Yaponiyada həbs olunub, 1944-cü ildə öldürülüb.
   4 oktyabr 1923 - Məşhur sovet aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb, S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Sovet filmlərində F.Dzerjinskinin obrazını canlandırıb. “Qatır Məmməd” (Skott), “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   4 oktyabr, 1975 - Aktrisa Vəfa Zeynalovanın doğum günüdür.
   
   4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib.
   
   5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda «Müəllimlərin peşə bayramı» kimi qeyd edilir.
   5 oktyabr 1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdi. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi.
   5 oktyabr 1928 - Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928- 1973) anadan olub.
   
   5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. "Ağlar və qaralar" baletinin, simfoniyaların, digər musiqi əsərlərinin, populyar mahnıların müəllifidir. 30-dan artıq kinofilmə, çoxlu teatr tamaşalarına musiqi yazıb.
   5 oktyabr 1938 - M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif dramının ilk tamaşası olub.
   5 oktyabr 2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.   

   Dünya
   
   1 oktyabr 1791 - Rus yazıçısı Sergey Aksakov (1791-1859) anadan olub.
   1 oktyabr 1865 - Fransız bəstəkarı Pol Düka (Paul Dukas, 1895-1935) anadan olub.
   1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, qədim türk tarixinin tədqiqatçısı, filosof, şair və tərcüməçi Lev Qumilyovun (1912-1992) doğum günüdür.
   1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ-nin Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
   1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.
   1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremi» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub.
   1 oktyabr 1943 - Fransız kinorejissoru Jan-Jak Anno (Jean-Jacques Annaud) anadan olub.
   
   2 oktyabr 1832 - Görkəmli ingilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.
   
   2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının rəhbəri və ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub.
   2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub.
   2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitanın (1914-1983) doğum günüdür.
   2 oktyabr 1951 - Dünya şöhrətli ingilis rok müğənnisi Stinq (Sting - Gordon Matthew Thomas Sumner) anadan olub.
   2 oktyabr 1951 - Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) anadan olub.
   
   3 oktyabr 1814 - Böyük rus şairi, yazıçı və dramaturq Mixail Yuryeviç Lermontovun (3(15).10.1814, Moskva - 15(27).7.1841, Pyatiqorsk) doğum günüdür.
   3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub.
   3 oktyabr 1873 - Rus yazıçısı Vyaçeslav Şişkovun (1873-1945) doğum günüdür.
   
   3 oktyabr 1895 - Rus-sovet şairi Sergey Yesenin (1895-27.12.1925) anadan olub. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
   3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.
   3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub.
   3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub.
   3 oktyabr 1973 - Kanada aktrisası Niv Kempellin (Neve Adrianne Campbell) doğum günüdür.
   
   4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib.
   4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
   4 oktyabr 1814 - Fransız rəssamı Jan Mille (Jean-François Millet, 1814-1875) anadan olub.
   4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
   4 oktyabr 1847 - Fransız yazıçısı Lui Anri Bussenarın (Louis Henri Boussenard, 1847-1910) doğum günüdür.
   4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.
   4 oktyabr 1976 - Amerika kinoaktrisası Alisiya Silverstoun (Alicia Silverstone) anadan olub.
   
   5 oktyabr 1713 - Böyük fransız mütəfəkkiri və maarifçisi Deni Didro (1713-1784) anadan olub.
   5 oktyabr 1864 - Kinematoqrafı kəşf etmiş fransız Lümer qardaşlarından Lui Jan Lümer (1864-1948) anadan olub.
   5 oktyabr 1936 - Məşhur çex yazıçısı və dramaturqu, dövlət xadimi Çexoslovakiyanın sonuncu (1989-1992), Çexiyanın ilk prezidenti olmuş Vatslav Havelin (Vaclav Havel) doğum günüdür.
   5 oktyabr 1943 - Rus aktrisası İnna Çurikova anadan olub.
   5 oktyabr 1975 - Amerika kinoaktrisası Keyt Uinsletin doğum günüdür.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar