Hər birimizin tərbiyəsində, onun formalaşmasında müəllimlərimizin əvəzsiz əməyi var. İnsanlar heç vaxt gənclərə sabaha aparan yolları göstərən müəllimlərini unutmur, özlərini həmişə onlara borclu sayırlar. Bizə göstərdikləri qayğı, istiqamətləndirdikləri düz yola görə onları çox vaxt valideynlərimizlə bərabər tuturuq. Haqlı olaraq onlar üçün təqvimdə xüsusi gün də ayrılıb. Dünən, oktyabrın 5-i Beynəlxaql müəllimlər günü idi. Bu münasibətlə musiqişünas-alim, təkcə ölkəmizdə deyil, qardaş Türkiyədə də uzun müddət pedaqoji fəaliyyət göstərmiş, çoxsaylı yetirmələri olan Nailə Mehdiyeva ilə görüşüb onu oxucularımıza da tanıtmaq qərarına gəldik.
- 1959-cu ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki Musiqi Akademiyası -red.) bitirdikdən sonra elə orada musiqi tarixi kafedrasında işləməyə başladım. 1993-cü ilədək bu təhsil ocağında işlədim, dekan, kafedra müdiri vəzifələrində çalışdım. Onda heç təsəvvür etməzdim ki, nə vaxtsa Azərbaycandan kənarda, Türkiyədə fəaliyyətimi davam etdirəcəyəm. Ankaradan - görkəmli alim və ictimai xadim İhsan Doğramacının məşhur Bilkənd Universitetinə dəvət aldım və qardaş ölkəyə getdim. Burada Avropa musiqi tarixi, dünya opera incəsənəti tarixi, iyirminci yüz illiyin çağdaş musiqi tarixindən mühazirələr oxuyurdum.
1995-ci ildən 2009-un sonunadək universitetdə musiqi tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərmişəm. Pedaqoji işimlə yanaşı, həm də Bilkənd simfonik orkestrinin (yeri gəlmişkən, onun ifaçılarının əksəriyyəti azərbaycanlılardır) proqramlarını hazırlayıb ərsəyə gətirmişəm. Onu da deyim ki, indi həmin proqramların böyük hissəsi ingilis, fransız, alman dillərinə tərcümə olunaraq disklərə köçürülüb.
2008-ci ildə həmin proqramlar əsasında “Konser kılavuzu” kitabımı çap etdirdim. Burada 116 məşhur bəstəkar haqqında məlumat və 484 simfonik əsərin şərhini vermişəm. Kitab barokko dönəmindən XX əsrədək bütün məşhur bəstəkarların yaradıcılığını əhatə edir. Burada Avropa bəstəkarları ilə bərabər, Azərbaycanın görkəmli sənətkarları (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, R.Hacıyev, S.Hacıbəyov və s.), Türkiyə bəstəkarları (Əhməd Adnan Sayqun, Ülvi Camal Erkin, Fərid Tüzün və s.) haqqında məlumatlar, onların əsərlərinin təhlili verilib. Bu toplunu təmənnasız olaraq Bilkənddəki tələbələrim üçün hazırlamışdım. Amma çox keçmədi ki, onun sorağı İzmir, İstanbul və digər şəhərlərdən gəldi.
Şadam ki, respublikamızda olduğu kimi, qardaş Türkiyədə də çoxlu yetirmələrim var. Onlar əməyimizi yüksək qiymətləndirir, müəllimlərini öz doğmaları kimi sevirdilər. Biz ora gedənədək universitetdə musiqişünaslıq sahəsi yox dərəcəsində idi. Onun inkişafı üçün əlimizdən gələni etdik. Gərgin işləyirdik, boş vaxtımız çox az olurdu. Boş vaxtımızda isə mən, Zərifə Bakıxanova, mərhum professor Sərvər Qəniyev (o, Bilkənd simfonik orkestri üçün çox işlər gördü) Bakıdan, Azərbaycandan danışır, xoş xatirələri birgə yada salırdıq. Fərəhlə deyə bilərəm ki, orada olduğumuz müddətdə türk musiqi mədəniyyətinə öz töhfələrimizi verə bildik. Qürur hissi keçirirəm ki, vətənimi onun hüdudlarından kənarda ləyaqətlə təmsil etməyə müvəffəq olmuşam, dahi bəstəkarlarımızı, onların əsərlərini dostlarımıza yaxından tanıtmaqda mənim də payım var.
Bir qədər Bakıda istirahət etdikdən, dost-tanışla görüşüb ürək dolusu söhbətləşəndən sonra güman edirəm ki, yenə də gənclərin arasında olacağam. Gördüyünüz kimi, ahıllıq planlarımı həyata keçirməkdə heç də mənə mane olmur. Hamıya şərəfli, mənalı ömür, cansağlığı arzulayıram.
İradə Əsədova