Əsasən komik rolların ifaçısı kimi tanınan Hacıağa Abbasov (1888-1975) ömrünü teatra bağlayan, səhnə üçün yaşayan sənətkarlardan idi. Bakının Maştağa kəndində müəllim ailəsində anadan olan Hacıağa Abbasov ilk təhsilini kənddəki rus-tatar məktəbində almış, daha sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxumuşdu. Burada o, Hüseyn Xələfovla (Ərəblinski) ilə görüşmüş və bu xoş təsadüf onun gələcək həyatını müəyyənləşdirmişdi. C.Zeynalov, M.Əliyev, S.Ruhulla kimi görkəmli aktyorların fəaliyyət göstərdiyi mühitə düşən H.Abbasov onlarla çiyin-çiyinə Azərbaycan teatrını inkişaf etdirməyə başlamışdır.
   
   H.Abbasov səhnə fəaliyyətinə 1905-ci ildə M.F.Axundovun “Hekayəti Molla İbrahimxəlil Kimyagər” əsərində Molla İbrahimxəlil rolu ilə başladı. Bu, cəhalətin, qara qüvvələrin teatra, aktyorlara qarşı çıxışlarının tüğyan etdiyi dövr idi. Lakin hədə-qorxular, maddi çətinliklər onun iradəsini qıra bilmədi. Əksinə, o, həyatının mənası bildiyi teatra daha sıx bağlandı.
   1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirdi. H.Abbasov burada azərbaycanlılardan ibarət teatr truppası yaratdı və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirdi. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti İttifaqının “Nicat”, “Həmiyyət” teatr truppalarında, daha sonra isə “Səfa” cəmiyyətinin, “Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlı teatr truppasında fəaliyyətini davam etdirməklə yanaşı, Balaxanı kənd məktəbində böyük satirik Mirzə Ələkbər Sabirlə birlikdə müəllim işləyir.
   Hələ kiçik yaşlarından rus dilini mükəmməl öyrənən görkəmli aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya böyük maraq göstərirdi, onun əsərlərini tərcümə edir, tamaşaya qoyurdu. Böyük rus ədibinin yaradıcılığına maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə gətirmiş və o, ədiblə yaxından tanış olmuşdu. H.Abbasov bu barədə xatirələrində yazır: “Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən “Hərb və sülh” kitabına “Yadigar üçün L.N.Tolstoydan” sözlərini yazıb, mənə bağışladı”.
   H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün çox böyük mədəniyyət və dövlət xadimləri - rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid Ordubadi iştirak etmişdi.
   H.Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoymuşdu. Dünya və rus dramaturqlarının yaradıcılığını öyrənməklə, onları tərcümə etməklə yanaşı, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayırdı. O, “Bakının fəthi”, “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Əsgər oğluma”, “Sabirin məhkəməsi”, “Rus macərası” kimi bir-birindən maraqlı, zamanla səsləşən pyeslər yazıb. “Sabirin məhkəməsi” pyesində o, böyük satirikin kəşməkəşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazırdı: “1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə “Sabirin məhkəməsi” adlı kiçik bir pyes yazdım. Bu pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyə idi”.
   Teatr tez-tez Bakı kəndlərində tamaşalar verirdi. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında “Hacımirzə” teatrı kimi tanınırdı. Məhz bu teatrın səhnəsində H.Abbasov özünün ən çox sevdiyi Şeyx Nəsrullah (“Ölülər”, Cəlil Məmmədquluzadə) rolunu 50 dəfədən çox oynamışdı. Aktyor “Ulduz” jurnalının 1974-cü il 5-ci nömrəsində dərc etdirdiyi məqaləsində yazırdı: “Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi”.
   Görkəmli aktyor həm də maarif fədaisi idi. Onun fəaliyyətə başladığı dövr qaragüruhun xalqın maariflənməsinə ciddi əngəl törətdiyi illər idi. O, mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak edirdi. Elə doğma Maştağa kəndində yaratdığı məktəb üçün az çalışmamışdı.
   Böyük Vətən müharibəsi illərində o, respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisi vəzifəsində çalışırdı. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması bilavasitə onun adı ilə bağlıdır. H.Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu Gəncədən Bakıya gətirmiş və onun Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. Görkəmli sənətkar tez-tez Bakının Balaxanı, Sabunçu, Zabrat, Əmircan, Keşlə, Maştağa, Nardaran və Mərdəkan kəndlərində zəhmətkeşlər qarşısında maraqlı çıxışlar edirdi. Bir sözlə, o, bütün yaradıcı gücünü səhnəyə, xalqın maariflənməsinə həsr etmişdi.
   1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunan H.Abbasov burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan H.Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalırdı. Bu illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Həmin aktyorların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı - təkcə Azərbaycanda deyil, o zamankı Sovet İttifaqı məkanında geniş tanınan sənətkarlar idilər. Bütün bu xidmətlərinə görə H.Abbasov 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görüldü.
   H.Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan bir-birindən gözəl obrazlar yaradıb. Bu sırada Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasında Hacı Qara, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun ”Nadir Şah” əsərində Mirzə Mehdi xan, “Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərində Qubad , Nikolay Qoqolun “Müfəttiş” əsərində Osip, S.L.Lanskoyun “Qəzavat” əsərində Molla Hüseyn Dərbəndi, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, ”Ər və arvad”da Kəblə Qubad, Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” əsərində Orduxan bəy, “Evliykən subay”da Kəblə Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini qeyd etmək olar.
   Görkəmli aktyorun həyat yolu heç də asan keçməyib. O, represiyaya məruz qalmış, uzun müddət təqib olunmuşdu. Orta Asiyada məcburi sürgün həyatı yaşayarkən burada səhnə fəaliyyətini davam etdirmiş, teatr truppaları, dərnəklər yaratmışdı.
   H.Abbasov özünün keçdiyi çətin həyat yolunu, səhnə və ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibəti ilə nəşr etdirdiyi ”Xatirələrim” kitabında geniş əks etdirmişdi. Əsər Bakının əhalisi, ictimai-siyasi həyatı, coğrafiyası, etnoqrafiyası haqqında maraqlı məlumatlarla zəngindir. Bu baxımdan “Xatirələrim”i Bakı tarixinə aid qiymətli mənbə saymaq olar.
   
   Yeksar Cəfərov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar