Əbədi olmayan bu dünyada əbədiyaşarlıq qazanmaq hər kəsə nəsib olmur. Tanrının bu inayətinə layiq olanlar insanların da sevimlisinə çevrilərək cismani ömürlərini başa vurduqdan sonra yaddaşlara köçür, ruhən əbədi yaşayırlar. Onları yaşadan əməlləridir. Bu mənada görkəmli bəstəkar, dirijor, pedaqoq Ramiz Mustafayev də əbədiyaşarlığa layiq ömür yaşadı.
   
   Hərdən düşünürəm yaxşı ki, biz də belə sənətkarların müasirləriyik. O, dahi Üzeyir bəyi görmüş, onun sənət dünyasından ruhlanmışdı. Bütün yaradıcılığı boyu böyük dühanın irsinə sadiq qaldı. Bu məqaləni yazarkən Ramiz müəllimlə olan sənət söhbətlərimizi, onun Üzeyir bəy haqqında ürək dolusu fikirlərini xatırlayıram.
   Ramiz Mustafayev çox emosional, maraqlı insan idi. Onun təbiətində bir çılğınlıq vardı. Sanki daim sənətlə, həyatla yaxşı mənada mübarizədəydi. Bəlkə elə buna görədir ki, erkən yaşlarından sənətin müxtəlif istiqamətlərinə qədəm qoymuş və öz mübarizliyi sayəsində hər sınaqdan alnıaçıq, üzüağ çıxaraq pillə-pillə sənətin zirvəsinə doğru addımlayaraq o yüksəkliyi fəth etmişdi.
   Belə ki, sənətkarların yaratdıqları əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə bərabər, həm də insanların mənəviyyatına sirayət edir.
   Onunla çoxlu sayda sənət söhbətlərim, müsahibələrim olub. Bu lent yazılarının əksəriyyəti Azərbaycan Radiosunun fondunda olan verilişlərdə, bir qismi isə şəxsi arxivimdə saxlanılır. Elə bu yazı üzərində işləyəndə də həmin mənbələrə üz tutdum. Odur ki, sənətkarın həyat və yaradıcılıq yolu barədə oxucularımıza daha ətraflı məlumat çatdırmaq üçün bir daha onun «Ömür kitabı»nın səhifələrini vərəqləyirəm.
   Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. Uşaq yaşlarından incəsənətə olan marağı onu teatr sahəsinə yönəldib, ömrünü səhnə ilə təmasda keçirən R.Mustafayev Gənc Tamaşaçılar Teatrında rollar oynayıb. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Texnikumu bitirdikdən sonra Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Teatrla bağlılığı onun möhtəşəm səhnə əsərlərinin yaranmasına səbəb olub.
   Ramiz Mustafayevin fitri istedadı incəsənətin bir neçə sahəsini ehtiva edir. O, professional vokal təhsili də almışdı. Hələ uşaq yaşlarından məlahətli səsi və xoş avazı onun ürəyində sənətin bu istiqamətinə də xüsusi məhəbbət yaradır. Odur ki, 1948-1952-ci illərdə Dövlət Konservatoriyasının vokal şöbəsində professor Bülbülün sinfində oxuyur. O, həm Teatr Texnikumunda, həm də Dövlət Konservatoriyasında təhsil aldığı illərdə bəstəkarlığa da xüsusi maraq göstərib. Bu sahəyə olan böyük məhəbbətinin sayəsində bəstəkarlığa üz tutur. 1952-ci ildə ikinci dəfə Konservatoriyaya - bəstəkarlıq şöbəsinə daxil olur. Tələbəlik illərində müxtəlif musiqi əsərləri yazır.
   1957-ci ildə o, növbəti təhsilini uğurla bitirərək peşəkar bir bəstəkar kimi böyük yaradıcılıq yoluna qədəm qoyur. Azərbaycan professional musiqi mədəniyyətini zənginləşdirən layiqli musiqi əsərləri yazır. Bu əsərlər məzmunca müxtəlif olsa da onları bir ideya birləşdirir: Vətənə, torpağa, anaya, xalqa və sənətə məhəbbət.
   Ramiz Mustafayevin yaradıcılığında musiqinin müxtəlif janrları öz əksini tapıb. Baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 4 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romanslar, müxtəlif səpkili instrumental əsərlər yazıb.
   Ramiz müəllimin yaradıcılığında səhnə əsərləri mühüm yer tutur. 1957-ci ildə S.Vurğunun «Fərhad və Şirin» pyesi əsasında yazdığı birpərdəli «Şirin» operası onun diplom işi olmuşdu. Bəstəkar növbəti səhnə əsərində də Səməd Vurğun yaradıcılığına üz tutur və 1960-cı ildə «Vaqif» operasını yazır. Ramiz müəllim bu əsəri yazmaq ideyası barədə ürəkdolusu danışar və əsərin tarixini belə şərh edərdi: “1943-cü il idi. Onda mən Dram Teatrında işləyirdim. Bir gün Səməd Vurğunun «Vaqif» tamaşası oynanılırdı. Nə üçünsə görkəmli sənətkarımız İ.Dağıstanlı gələ bilməmişdi. Onun oynadığı Əlibəy rolunu rejissor mənə həvalə etdi. Düzü, əvvəl tərəddüd elədim, lakin həmkarlarım məni ruhlandırdılar və bu obrazı yaratmağa nail oldum. Elə onda düşündüm ki, bu əsər operaya çevrilsə yaxşı olar».
   Beləliklə, Ramiz müəllim bu düşüncələrini reallaşdıraraq elə bir səhnə əsəri yazır ki, o, 50 ildən çoxdur ki, Opera və Balet Teatrının repertuarından düşmür. Öz yaradıcılığına tələbkarlıqla yanaşan bəstəkar bir neçə dəfə «Vaqif» operasını redaktə edib, nəticədə mükəmməl bir əsər meydana gəlib. Operanın librettosunu mərhum sənətkarımız Firudin Mehdiyev yazıb.
   1962-ci ildə bəstəkar Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə «Xan və əkinçi» operasını da təqdim edir. Bəstəkarın bu janrda ən maraqlı əsərlərindən biri də Ənvər Əlibəylinin poeması əsasında yazdığı «Polad» radio operasıdır. Uşaqları da unutmayan bəstəkar 1964-cü ildə Teymur Elçinin librettosu əsasında «Tərs keçi» bir pərdəli operasını yazıb. R.Mustafayev digər musiqili səhnə janrı olan operettaya da müraciət edib. Bu janrda onun ilk əsəri unudulmaz sənətkarımız Vasif Adıgözəlovla M.F.Axundovun “Hacı Qara» komediyası əsasında birgə yazdıqları «Xəsis» operettasıdır. Sonralar bəstəkar «Axırı yaxşı olar», «Qonşumuzda bir oğlan var» və s. musiqili komediyalarını yazır.
   Ramiz Mustafayevin yaradıcılığının ən böyük şaxəsini xor əsərləri təşkil edir. Bəstəkarın bu qəbildən olan əsərləri Azərbaycan xor musiqisinin zənginliyini və nailiyyətlərini özündə ehtiva edir. Bunlardan «Ana», «Hüseyn Cavid», «Nəriman Nərimanov», «İnam», «Mənim müasirim», «Salatın», «Məhəmməd və Leyla», Nizami Gəncəvinin 800 illiyinə yazdığı «Nizami» oratoriyaları, «Haqq səndədir», «Şevçenko», «Səməd Vurğun», «Kür-Abşeron» kantataları, «Bu qan yerdə qalan deyil», «Nədən yarandın», «Füzuli», V.Adıgözəlovla birgə yazdığı «Səbuhi» vokal -simfonik poemaları, «Lənkəran lövhələri» süitası, 200-dən çox xalq mahnısının xor üçün işləmələri və s. bu kimi əsərləri misal göstərə bilərik.
   Bu sənət əsərlərinin hər biri özündə tarixiliyi, müdrik şəxsiyyətlərin həyatını, vətənpərvərliyini əks etdirməklə bəstəkarın musiqi xəzinəmizə verdiyi qiymətli töhfələrdir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi «İnam» və «Mənim müasirim» oratoriyaları ulu öndər Heydər Əliyevə həsr olunan qiymətli sənət əsərləridir. Bəstəkarın Nəbi Xəzrinin sözlərinə bəstələdiyi «Salatın» oratoriyası, «Bu qan yerdə qalan deyil» kantatası çox gözəl nümunədir. Ramiz müəllimlə söhbətlərimizdə o, bu əsərlər barədə belə deyirdi:
   «Əsl sənətkar xalqın yaşantılarını əsərlərində işıqlandırıb, onu gələcək nəslə yadigar qoymalıdır. Çünki tarix həm də sənət əsərlərində yaşayır».
   Bəli, biz unudulmaz sənətkarımıza minnətdarıq ki, o, belə əbədiyaşar əsərlər yaradıb və bizə yadigar qoyub. Bəstəkarın müxtəlif şairlərin sözlərinə yazdığı vokal nümunələri R.Behbudov, Ş.Ələkbərova, N.Məmmədova, A.Qəniyev, G.Məmmədov kimi unudulmaz ifaçıların repertuarında səslənərək xalqın sevimli nəğmələrinə çevrilmişdi. Həmin mahnılar bugünkü ifaçılarımız tərəfindən sevilərək oxunur. Bu mahnılardan «Niyə sevdim», «Yadıma sən düşürsən», «Bakının ulduzları», «Anam yadıma düşdü», «Sənin gözlərin», «Vətən haqqında mahnı» və başqalarının adını çəkə bilərik.
   Ramiz Mustafayevin yaradıcılığında simfonik əsərlər də geniş yer tutur. O, səkkiz simfoniyanın, bir neçə simfonik poemanın, xalq çalğı alətləri orkestri və müxtəlif alətlər üçün instrumental pyeslərin müəllifidir.
   Ramiz Mustafayevin Azərbaycan televiziyası və radiosunda da böyük xidmətləri olub. Özü bu barədə belə deyərdi: «Mən 1946-cı ildə radioda iş fəaliyyətinə başlamışam. Sonra Azərbaycan televiziyası yarandı. Burada ilk musiqi baş redaktoru vəzifəsi mənə həvalə olundu. 1958-ci ildən bu günə qədər (2008-ci ilədək - S.T.) Azərbaycan televiziyası və radiosunu xor kollektivinin bədii rəhbəri və baş dirijoru işləyirəm. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməyə çalışmışam».
   Doğrudan da unudulmaz bəstəkarımız üzərinə düşən bütün işləri həmişə şərəflə yerinə yetirərdi. O, 1968-1973-cü illərdə Bəstəkarlar İttifaqının katibi vəzifəsində də çalışmışdı.
   Ramiz Mustafayevin xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, «Əməkdar incəsənət xadimi», «Xalq artisti» fəxri adlarına layiq görülmüş «Şöhrət” ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.
   Ramiz Mustafayevin musiqi irsi ifaçıların, tədqiqatçıların nəzərindən yayınmır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Zemfira Qafarovanın 2009-cu ildə nəşr olunan «Ramiz Mustafayev» kitabı buna gözəl nümunədir. Kitaba Zemfira xanımın sənətkar haqqında monoqrafiyası və müxtəlif illərdə Ramiz Mustafyevin həyat və yaradıcılıq yolunu əks etdirən ayrı-ayrı müəlliflərin məqalələri daxil edilib. Amma bu son deyil. Nə qədər Ramiz müəllimin musiqisi səslənir, onun irsi də daim öyrənilərək, nəsildən-nəslə ötürüləcək.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar