Onu tanıyanlar haqqında bu ifadəni tez-tez işlədirlər: “Allah adamıdır”. Çox fövqəladə bir ifadədir ki, hər kəsin ünvanına deyilmir. Bu, Tanrının öz bəndəsinə olan inayətidir ki, onu həm özü sevir, həm də insanlara sevdirir. Məhz belə bir sevgi Ağaverdi müəllimin qismətinə düşüb. Bu sevginin ən çox hissəsini də Ağaverdi müəllim sənətinə həsr edib. Bu sevginin tarixçəsini onun özü ilə ayırd edəcəyik. İndi isə bir qədər Ağaverdi müəllimin ömür yoluna nəzər salaq:
   
   Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın 27-də Bakıda anadan olub. Erkən yaşlarından musiqiyə böyük məhəbbət bəslədiyini görən atası ona balaca bir tar alıb. Bu tarı o, balaca köksünə sıxıb dilləndirdikcə böyük arzulara doğru can atıb. İstedadı və zəhməti onu pillə-pillə ucaldaraq sənətin zirvəsinə yüksəldib. Amma bu zirvəyə doğru gedən yolun çox enişli-yoxuşlu döngələri olub. Odur ki, biz Ağaverdi müəllimlə həmsöhbət olub onunla həyat və yaradıcılıq yolu, sənət sevgisi ilə bağlı düşüncələrini qələmə almışıq. Beləliklə, qəhrəmanımızın dediklərindən:
   “Lap kiçik yaşlarımdan musiqiyə aludə idim. Musiqi səsi eşidən kimi dərhal diqqətim o səmtə yönəlir və qəlbimdə bir həyəcan dolu sevinc hiss edirdim. Eşitdiyim musiqini yadda saxlamağa çalışırdım. Düzdür, ailəmizdə musiqiçi olmayıb. Amma valideynlərimin musiqiyə marağı böyük idi. Atam mənim musiqi duyumuma biganə qalmadı. Mənə bir tar aldı. Həyatımın ən sevincli məqamlarımdan biri bəlkə də elə həmin gün idi”.
   1960-cı ildə, özünün qeyd etdiyi kimi tara olan sevgisi sayəsində atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Burada onun ilk tar müəllimi Nadir Əhmədov, sonra isə Ağasaleh Abasəliyev olur. A.Paşayev ilk müəllimlərini ehtiramla xatırlayır:
   “Hər biri gözəl insan idi. İlk tar müəllimim Nadir Əhmədov olub. Sonra Ağasaleh Abasəliyevdən dərs alıb, bu sənətin incəliklərini ondan öyrənmişəm. Onların hər birinin mənim sənət taleyimdə böyük rolu olub. Mən bu müəllimlərimi bir də ona görə daha çox yad edirəm ki, onlardan həm sənətin, həm də həyatın ilk dərslərini almışam.”
   Ağaverdi Paşayevi sənət uğurları elə erkən yaşlarından izləyib. Hələ 12 saylı musiqi məktəbinin III sinfində oxuyarkən Respublikada «Oxu tar», «Sən nəğmələr qoş», «Oxu bülbül» adı altında keçirilən müsabiqələrdə iştirak edərək, laureat olub. Daha sonra VI, VII Ümumrespublika müsabiqələrində qalib olması da məhz onun ilk sənət uğurlarıdır. Bu istedadın sayəsində Ağaverdi Paşayev o vaxtlar, yəni keçən əsrin 60-cı illərində Azərbaycan radiosunda uşaqlar üçün hazırlanan «Ulduz» proqramının tez-tez qonağı olar və öz mahir ifaları ilə uğurlu çıxışlar edərmiş.
   Ulu tar alətində ifaçılığı püxtələşdikcə gənc Ağaverdinin bu sənətə sevgisi daha da artırdı. Tara məhəbbəti, sənətə sevgisi sayəsində o, 1966-cı ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kolleci) tar sinfinə daxil olur. Burada da sənət müəllimləri Ağasaleh Abasəliyev və Elxan Müzəffərovdan dərs alır.
   1971-ci ildə təhsilini uğurla başa vuraraq Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Burada o, tar ixtisası üzrə Kamil İbrahimovdan sənətin incəliklərini mənimsəyir. Bu illər gənc Ağaverdinin həyatında böyük dönüşlər yaradır. Gənclik təravəti sanki onun həyatına xüsusi gözəlliklər qataraq böyük sənət eşqi ilə ruhlandırır, o, daha böyük uğurlara can atır. Eyni zamanda, onda musiqi sənətinin daha bir qoluna maraq yaranır. Sənətkarın dediklərindən:
   - Ulu tarımız mənim musiqiyə məhəbbətimin əsil ifadəçisidir. Amma mən tar ifaçılığına çox bağlı olmağıma baxmayaraq bir böyük sənətkarın da sanki əsiri idim. Bu, maestro Niyazi idi. Tez-tez onun konsertlərinə gedər və onu dirijor pultu arxasında heyranlıqla seyr edərdim. Hiss etdim ki, məndə bu sənətə böyük maraq var. Tədricən bu maraq məhəbbətə çevrildi. Onu da deyim ki, mən hələ musiqi texnikumunda oxuyarkən dirijorluqdan dərs almışdım. Konservatoriyanın ikinci kursunu bitirdikdən sonra ərizə ilə rektor Soltan Hacıbəyova müraciət etdim. İmtahan komissiyası məni müsbət qiymətləndirib dirijorluq fakültəsinə keçməyimə razılıq verdi. Beləliklə, mən növbəti arzuma da çatdım. Sonrakı təhsil illərimi dirijorluq fakültəsində oxudum, bu ixtisas üzrə Nicat Məlikovdan dərs aldım... 1976-cı ildə Konservatoriyanı bitirib hərbi xidmətə çağırıldım. Belə oldu ki, elə Bakıda hərbi xidmətdə, özü də hərbi orkestrdə qulluq etməli oldum. Komandirimiz, hərbi orkestrin rəhbəri və baş dirijoru Şükürov da mənim dirijorluq qabiliyyətimi bəyənib, çox vaxt orkestri mənə həvalə edirdi.”
   1977-1978-ci illərdə Bakıda hərbi xidmətdə olan A.Paşayev burada da öz sevimli dirijorluq peşəsi ilə məşğul olur. Hərbi hissənin bütün tədbirlərində dirijor pultu məhz ona həvalə edilir.
   Hərbi xidməti başa vurduqdan sonra öz sevimli peşəsi ilə, yəni dirijor kimi çalışmaq üçün ona yol göstərən və ondan öz köməyini əsirgəməyən insana, unudulmaz sənətkarımız Süleyman Ələsgərova üz tutur. Bu barədə gəlin yenə də Ağaverdi müəllimin dediklərinə nəzər salaq:
   - “Bəli, hərbi xidməti bitirəndən sonra gəldim konservatoriyaya. İlk müraciət etdiyim şəxs Süleyman Ələsgərov oldu. Mən ona orkestrdə işləmək istəyimi bildirəndə buna çox sevindi. Məni Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indiki “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC) Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri, Xalq artisti Nəriman Əzimovun yanına apardı. Onunla mənim haqqımda ətraflı söhbət etdi.
   Amma, nədənsə, mənim həmin orkestrə işə qəbul olunmağım baş tutmadı. Süleyman müəllim bunu biləndə - “Bala, ürəyini sıxma, bir şey fikirləşərik” - dedi. Ertəsi gün məni yanına çağırıb Konservatoriyada işləməyimi məsləhət gördü. Beləcə, bu xeyirxah sənətkarın sayəsində 1979-cu ildən konservatoriyada müəllimlik fəaliyyətinə başladım və bu gün də bu işi sevə-sevə davam etdirirəm.”
   Ağaverdi Paşayevin müəllimlik fəaliyyəti həm tələbələrin yetişməsində, həm də Xalq Çalğı Alətləri Orkestrinin formalaşmasında müsbət rol oynayıb. Konservatoriyada pedaqoji fəaliyyətə başladığı dövrdən həm də İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) “Xalq çalğı alətləri” kafedrasında dirijorluq fənnindən dərs deyib, tələbələrdən ibarət xalq çalğı alətləri orkestri yaradıb. O, bu təşəbbüsü 1994-cü ildən fəaliyyət göstərdiyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də həyata keçirərək burada da həm müəllimlik edib, həm də uşaq orkestri yaradıb.
   Onu da qeyd etməliyik ki, Ağaverdi müəllimin əsasını qoyduğu bu orkestrlərin hamısı bu gün öz fəaliyyətini davam etdirir. Təhsil ocaqlarında nəsillər bir - birini əvəz edir. Amma yaranmış xalq çalğı alətləri orkestrləri öz möhkəm özülü əsasında gənc tələbə heyətini özünə cəlb edərək fəaliyyət göstərir. Belə bir işi layiqincə yerinə yetirmək bir daha Ağaverdi müəllimin öz sənətinə olan sonsuz sevgisinin, bu istiqamətdə istedadının, bilik və bacarığının ifadəsidir.
   Elə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranması da məhz Ağaverdi Paşayevin bu istiqamətdə yüksək peşəkarlığının sayəsində mümkün olub. 1999-cu ilin sentyabrında o, Filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilir. Bir neçə ay bu kollektivlə işlədikdən sonra ona Dövlət Xalq Çalğı Alətləri Orkestrini yaratmaq təklif edilir. Yaxşı olardı ki, bu barədə Ağaverdi müəllimin öz dilindən eşidək:
   “2000-ci il martın 7-si indiki Heydər Əliyev Sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunan böyük bir tədbir keçirilirdi. Bizim orkestr də həmin tədbirdə iştirak edirdi. Bu, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ilk konsert çıxışı idi. Tədbirdə iştirak edən ulu öndərimiz Heydər Əliyev konsertdən sonra adəti üzrə səhnə arxasına gələrək sənətkarlarla görüşüb öz fikir və tövsiyələrini bildirdi. Bizim orkestr haqqında da çox gözəl fikirlər söylədi. Azərbaycanda Xalq Çalğı Alətləri Orkestrinin yaranma tarixindən və bu işdə xidmətləri olan sənətkarlardan, dahi Üzeyir bəydən, Müslüm Maqomayevdən, Səid Rüstəmovdan və başqa bəstəkarlardan danışaraq sanki orkestrin tarixini vərəqlədi. Bizim çıxışımız haqqında da müsbət rəy söylədi və mənim əlimi sıxaraq orkestrin işində uğurlar arzuladı. Bu həm mənim üçün, həm də orkestrin bütün üzvlərinə böyük bir sevinc və unudulmaz bir tarix oldu. Odur ki, biz öz işimizə daha məsuliyyətlə yanaşmağa borcluyuq. Çünki bu orkestrə ilk xeyir-duanı Heydər Əliyev verib”
   Bu yerdə bir el deyimi düşür yadıma: Deyirlər, bağa baxarsan, bağ olar. Doğrudan da bağın barlı-bəhrəli olması ona göstərilən qayğı və diqqətdən asılıdır. Sənətkar taleyi də buna bənzəyir. O yerdə sənətkar inkişaf edir ki, o, özünə qarşı qayğı görür. Məhz belə qayğı ilə əhatə olunan Ağaverdi Paşayev daim öz üzərində çalışaraq, ətrafına əsil peşəkar insanları toplayaraq yeni ideyalarını reallaşdırır. Buna sübut olaraq onun təşəbbüsü ilə Filarmoniyada yaranan Uşaq Xalq Çalğı Alətləri Orkestrini nümunə göstərə bilərik. Ağaverdi müəllim 2009-cu ildə belə bir orkestrin yaranması istəyini mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə bildirəndə o, təklifi müsbət qarşılayıb: “Uşaq Xalq Çalğı Alətləri Orkestri çoxdankı arzum idi. Hörmətli nazirimiz də, sənət adamları da məni dəstəklədilər. Bundan çox ruhlandım. Orkestri təşkil etmək üçün Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və başqa musiqi təhsil ocaqlarının şagirdləri içərisində axtarışlar apardım. Nəhayət, orkestr yığıldı və artıq fəaliyyət göstərir. Bir neçə dəfə dövlət tədbirlərində, böyük konsertlərdə uğurlu çıxış edən Uşaq Xalq Çalğı Alətləri Orkestri tam püxtələşib və müstəqil bir kollektiv kimi fəaliyyət göstərir. Orkestrin repertuarı ilə mənimlə birlikdə orkestrə dirijorluq edən oğlum Sahib Paşazadə də ciddi məşğul olur”.
   Belə bir orkestrin yaranması həm uşaqların milli çalğı alətlərimizə olan marağını, məhəbbətini və onların bu istiqamətdə biliklərini artırır, həm də musiqi xəzinəmiz zənginləşir.
   Ağaverdi müəllim haqqında çox danışa bilərik. Çünki o, sözün həqiqi mənasında nümunəvi bir insan, vətəndaş və sənətkardır. Sonda sənətsevərlər adından Xalq artisti, professor tanınmış dirijor və pedaqoq Ağaverdi Paşayevi anadan olmasının 60 illiyi münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar